"Sığınacaqdan evə qayıdıb uşaqlarımı görmək istədikdə, qardaşımın yoldaşının, ərimdən hamilə olduğunu öyrəndim"
Türkiyədə yaşayan 27 yaşlı, 6 uşaq anası Aytac Aksoy sosial şəbəkədə müraciət yayaraq Azərbaycandan və azərbaycanlılardan kömək istəyir. O çıxılmaz durumda olduğunu bildirərək həyat dramını nəql edir. Sherg.az-ın xəbərinə görə, Aytac Aksoy 1992-ci ildə Azərbaycanda doğulub. 2001-ci ildə anası ilə birlikdə işləmək məqsədilə Türkiyəyə gediblər: “Mənə Azərbaycanda baxacaq kimsə olmadığı üçün anam özü ilə bura, Türkiyəyə gətirdi. Gəldikdən sonra anam İstanbulda xəstə baxıcısı olaraq işləyməyə başladı. İşlədiyi yerdə məni istəmədikləri üçün anam məni bir qadının yanına qoymaq məcburiyyətində qaldı.
Mən qadının evində təmizlik işlərinə də yardım edirdim”. Elə Aytacın həyatı bundan sonra qaralıb: “Qadının qardaşı oğlu məndən 17 yaş böyük olan Mustafa Aksoy mənə bir gün təcavüz etdi. Anam məsələdən xəbər tutanda məni Azərbaycana apara bilmədi, anamı davamlı ölkədən deportasiya etməklə qorxutdular. 12 yaşımda mən hamilə qaldım. 13 yaşım olmadan anamın imzasıyla Çapa Özəl Xəstəxanasında oğlum Erdem Aksoyu (hazırda 13 yaşı var) dünyaya gətirdim. 15 yaşımda anamı təhdid edərək, rəsmi nigah bağlandı. 17 yaşımda qızım Arzu Aksoyu (hazırda 10 yaşında) Semiha Şakir Xəstəxanasında dünyaya gətirdim. Beləliklə, 18 yaşıma çatmadan artıq 2 uşaq anası idim.
Hazırda 27 yaşım var, 5 uşaq anasıyam (Aysu Aksoy Semiha Şakir Xəstəxanası 7 yaş, Aslıhan Aksoy Semiha Şakir Xəstəxanası 6 yaş, Mustafa Hakkı Şirinevler Özel Anadolu Tıp 4 yaş). Anam 4 il əvvəl vəfat etdi. Həyat yoldaşım Mustafa Aksoy işləmir, hər gün içki içib və məni döyərdi, qonşularımız da buna şahiddir. Ailəsiz, sahibsiz, bilgisiz olduğum üçün hər zaman məni təhdid edərdi, "ölkədən səni deport etdirəcəm, uşaqlarını görə bilməyəcəksən" deyərdi. Mən də uşaqlarıma görə hər zaman susdum. Hər gün məni evdən qovaraq, get mənə pul gətir, hardan gətirirsən gətir deyərdi, evə qayıtdığımda isə bütün pullarımı əlimdən alıb, içkiyə xərcləyərdi. İçkili halda məni döyərdi”. Əri Aytacı ən son döyərək evdən qovub və o qadın sığınacağına gedib: “Bu ərəfədə ərim Mustafa Aksoy, qardaşımın yoldaşı Arzu Məsimova ilə imam nigahı bağlayıblar. Sığınacaqdan evə qayıdıb uşaqlarımı görmək istədikdə, qardaşımın yoldaşının, ərimdən hamilə olduğunu öyrəndim. Hazırda 1 ildir ki, qardaşımdan xəbər ala bilmirəm. Başına bir iş gəlməsindən ehtiyatlanıram. Ərim və qardaşımın yoldaşı yalan əsaslarla məni məhkəməyə verib uzaqlaşdırma qərarı aldılar, və mən artıq 1 ildir ki, uşaqlarımı görmürəm, onlardan ayrı yaşayıram. Hər zaman vətəndaşlarının hüquqlarını qoruyan Azərbaycan dövləti başda olmaqla, her kesden xahiş edirəm ki, mənə uşaqlarıma qovuşmaqda köməklik göstərəsiniz. Eyni zamanda qardaşımın tapılmasına da köməklik göstərəsiniz”.