“Like” xəstəliyi və itmiş mənəviyyat – Səssiz gələn qorxunc meyl

Vaqif Qarayev: “Toyda musiqiçi dünyasını dəyişib. Amma kənarda olan adamlar kömək etmək əvəzinə, onu videoya çəkiblər”

Azad İsazadə: “Baş verən hadisə sosial şəbəkə istifadəçisini maraqlandırmır. Onu maraqlandıran informasiyanı səhifəsində paylaşmaq, diqqət cəlb etmək, “like”lar toplamaq, ona yazanların sayını artırmaq”

“Məsələn, selfi çəkən zaman nə qədər adam həlak olub. Ekstremal və riskli yerdə şəkillərini çəkirlər, daha sonra da həyatlarını itirirlər. Lakin həmin an onları heç nə qorxutmur. Özünə ziyan vuran insan sözsüz ki, ətrafını da fikirləşmir”

Tanınmış həkim-pediatr Vaqif Qarayev feysbuk hesabında cəmiyyəti düşündürməli olan ciddi bir məsələyə toxunub. Həkim qeyd edib ki, toyda musiqiçi dünyasını dəyişib. Amma kənarda olan adamlar kömək etmək əvəzinə, onu videoya çəkiblər:


“Nə birincidi, nə də sonuncu.. Həmişə belə olub. Amma o adama ilkin tibbi yardım göstərmək olardı.Təlimlər var, maraqlanmaq pis olmazdı. Vaxtınız yoxdursa internet resurslarında ürəyin qapalı massajı və süni tənəffüs barədə kifayət qədər məlumat var. Düzdü, milli dildə info məhduddu. Rus dilini bəyənməyənlər üçün türk dilində nə istəsəniz tapmaq olar. Sadəcə maraqlanmaq lazımdı. Kimisə həyata qaytarmaq şərəfli işdi”.
Doğrudan da, bu cür riyakarlığa, insan həyatına önəm verilməməsinə səbəb nədir?
Baş verənlərlə bağlı “Sherg.az”a danışan psixoloq Azad İsazadə bildirib ki, sözügedən hadisə xoşagəlməz fakt olsa da acı həqiqətdir:
“Bu gün hamı çalışır ki, hər saniyə baş verən hadisələri çəkib sosial şəbəkələrdə paylaşsın. Bunun altında mənfi və müsbət amillər var. Peşəkar reportyor sözsüz ki, belə halda mütləq çəkiliş aparmalıdır. Çünki bu, onun peşəsidir. Ən məşhur reportajlar adətən ekstremal vəziyyətdə çəkilir. Məsələn, bir təyyarədə qəza olan zaman stüardessalar çalışırlar ki, nəsə etsinlər. Peşəkar operator isə sadəcə kamerasını çıxarıb hadisəni çəkirdi. Daha sonra bu görünütülərdən sənədli film hazırlandı və müəyyən mükafatlar alındı”.


Psixoloq təəssüflə qeyd edib ki, bu gün sosial şəbəkələr praktiki KİV-ləri əvəz edib:
“Sosial şəbəkələrdə reportaj, informasiya, şəkil paylaşan insan özünü peşəkar hesab edir. Necə ki, reportyorlar arasında xəbəri birinci çatdırmaq üçüb rəqabət gedir,eləcə də belə rəqabət sosial şəbəkə istifadəçiləri arasında var. Hamı çalışır ki, məlumatı birinci çəkib paylaşsın. Bu zaman isə mənəviyyat itmək üzrə olur. Bəzən elə görüntülər olur ki, onlar yayılmasa daha yaxşıdır. Amma bu hal, sanki, dəb halını alıb. Baş verən hadisə sosial şəbəkə istifadəçisini maraqlandırmır. Onu maraqlandıran informasiyanı səhifəsində paylaşmaq, diqqət cəlb etmək, “like”lar toplamaq, ona yazanların sayını artırmaq. Beləliklə həmin şəxs çalışır ki, səhifəsi daha maraqlı olsun. Sözsüz ki, bu, mənfi faktordur, amma reallığı qəbul etməliyik. Belə hallar yalnız bizim cəmiyyətimizə aid deyil. Dünyanın bir çox ölkələrində bu cür problem mövcuddur. Məsələn, selfi çəkən zaman nə qədər adam həlak olub. Ekstremal və riskli yerdə şəkillərini çəkirlər, daha sonra da həyatlarını itirirlər. Lakin həmin an onları heç nə qorxutmur. Özünə ziyan vuran insan sözsüz ki, ətrafını da fikirləşmir”.