Başlamaq lazımdır: Tibbi sığortanı bütün vətəndaşlar gözləyir - AKTUAL

Milli Məclisdə icbari tibbi sığorta ilə bağll müzakirələr aparılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib ki, prosesin mürəkkəbliyini nəzərə alaraq tibbi sığortanın ölkə üzrə mərhələli həyata keçirilməsi təkilifi ilə çıxış ediblər. Millət vəkili Vahid Əhmədov isə narazılır edib və deyib ki, tibbi sığortanın 2020-ci il yanvarın 1-dən etibarən ölkə üzrə tətbiqi haqda vətəndaşlara məlumat verilib artıq. Belə idisə, əvvəldən düzgün təbliğat aparılmalıydı. Müzakirələr zamanı bir sıra suallar da ortaya çıxıb.

Millət vəkili Siyavuş Novruzov tibbi sığorta ilə bağlı vətəndaşları ətraflı məlumatlatdırmağın zəruri olduğunu deyib: “insanlar bilməlidir ki, sığorta paketinə nələr daxildir”. Kadr potensialı, peşəkar həkim çatışmazlığı, həkimlərin bölgələrə ezam edilməsi və sair bır sıra məsələlərdən danışılıb. Və bunu da deyiblər ki, tibbi sığortanın tətbiq edildiyi inkişaf etmiş ölkələrdə də bəzi problemlər hələ də həllini tapmayıb. Ona görə də tam şəkildə əminlik olduqda tibbi sığortanın ölkə üzrə tətbiqinə başlanmalıdır.



Həkim: "Hər bir işdə başlanğıcda həmişə problem olur. Bundan çəkinmək olmaz"


Ortaya çıxan suallarla bağlı həkim Vaqif Qarayevə müraciət etdik. Müzakirələrdən xəbərdar olduğunu deyən həkim, “niyə mərhələli tətbiq etmək istəyirlər, bunun cavabı yoxdur” dedi:

"İcbari tibbi sığortanın mərhələli olması təkilifi, açığı, gözlənilməz oldu. Pilot layihələr var axı, tətbiq edilir. Pis-yaxşı tərəfləri, ortaya çıxan problemlər görünür. Pilot layihə elə onun üçündür ki, əyər-əskiklər bilinsin. İndi niyə mərhələli etmək istəyirlər, bunun səbəbi açıqlanmalıdır. İnkişaf etmiş ölkələrdə qarşıya çıxacaq problemlərdən ehtiyatlanmaq absurddur. İcbari tibbi sığorta mürəkkəb bir prosesdir. Müxtəlif ölkələrdə müxtəlif modellər var. Problem olanda həll etmək lazımdı. Hər bir işdə başlanğıcda həmişə problem olur. Bundan çəkinmək olmaz. Başlamalıyıq. Mərhələli olacaqsa, vətəndaşların etibarı itəcək. Hər bir dövlət üçün əhalinin sağlamlığı prioritetdir. Ona görə də əhali sığortalanmalıdır. İqtisadi vəziyyəti bizdən qat-qat aşağı olan qonşu dövlətlərdə bu sistemə artıq çoxdan keçilib. Onlarda da problemlər olub, şübhəsiz ki. Bizim üçün müsbət cəhət oldur ki, öyrənəcəyimiz təcrübələr var. Tibbi sığorta nəhəng sosial layihədir. Hər ölkə də öz iqtisadiyyatına, öz imkanlarına uyğun model hazırlayır. Məsələn, mən Gürcüstan modelini bəyənirəm. Əldə olunan üstünlük də açıq görünür. Yaşlı həkimləıri deyə bilmərəm, amma gənc həkimlər vəziyyətdən razıdır. Gürcüstanda bütün klinikalar özəldir. Tibbi sığorta çərçivəsində əhaliyə kart paylayıblar, deyiblər ki, hara getdiniz, bu kartı göstərin. Təcili yardım çağırın, kartı təqdim edin. Ödəmə məsələlərinə xəstəxanalarda çalışan menecerlər baxır. Daha həkimlər pasiyentlə pul səhbəti aparmır. Menecerlər ödəməni göstərilən tibbi xidmətin dəyərində təyin edir. Orda da əhali arasında çaşqınlıq olur. Amma tətbiq ediblər, işləyirlər. Yəni, “problem olmasın, problem yaşanmasın, hər şeyi dəqiqləşdirək, sonra keçid edək” mənasız söhbətdir".



"Əgər bölgələrdə çalışan həkimlərin əmək haqqı yenə 200-250 manat olacaqsa, daha niyə gedir, oturar Bakıda da"


Həkim qeyd edib ki, problemlər onsuz da olacaq, amma zaman-zaman həllini tapacaq:

"Biz elə ideal layihə işləyə bilmərik ki, heç bir problem olmasın. Keçək kadr məsələsinə. Bəli, peşekarların çoxu Bakıdadır. Laboratoriyalar Bakıdadır. Tibbi avadanlıqlar, bölgələrdə açılmış diaqnostika mərkəzlərində də var, amma kadr potensialı zəifdir. Bölgələr üzrə açıqlanan vakansiyalarda bu, açıq göründü. Bunlar 2-3 ay ərzində düzələcək işlər deyil. Deyək ki, gənc ailə razılaşdı və getdi bölgədə işləməyə. Başlayacaq normal şəraiti olan mənzil, uşağı üçün bağça, məktəb axtarmağa, işdən sonra əylənmək, istirahət etmək üçün məkan axtaracaq. Mən bunu deyəndə bəzilərinə qəribə gəlir. Həkim də insandı, o da istarahət etməli, əylənməlidir. Sonra, yazırlar ki, icbari tibbi sığortada həkimin əmək haqqı stabil olacaq, amma göstərilən xidmətə görə faiz alacaq. Stabil əmək haqqı nədir? Əgər bölgələrdə çalışan həkimlərin əmək haqqı yenə 200-250 manat olacaqsa, daha niyə gedir, oturar Bakıda da. Belə məsələlər dəqiq həllini tapmalıdır".

"ABŞ-da şirkət qrupları sığorta ödəmələri edir. Kilsələr də görür bu işi. İanələr, hansısa gəlirləri hesabına ödəmələr edirlər. Bizim də Qafqaz Müsəlmanları İdarəmiz var"


V.Qarayev “sığortanın ən böyük faydası bilirsiz nədir?” sualına özü də cavab verdi:

"Birincisi, insanlar nağd ödəmələrdən xilas olacaq. İnsanların ödəmə qabiliyyəti aşağı olduğu üçün icbari tibbi sığortanın onlara verdiyi imkandan bəhrələnə biləcəklər. Nağd ödəmələrə görə həkim-pasiyent münaqişələri olmayacaq. İkincisi, peşəkarlıq artacaq və insanlar ölkə boyu həkim axtarışına çıxmalı olmayacaqlar. Yaxşı klinikalar axtaracaqlar. Daha çox əhali qazanacaq, amma səhiyyəmiz də inkişaf edəcək, modern xidmət üsuluna keçəcək".
 
“İşləyən əhalinin il ərzində tibbi sığorta haqqı olaraq 120 manat ödəməsi yüksək tibbi xidmət üçün kifayət edirmi” sualına cavabında isə V.Qarayev burada dövlətin ayırdığı maliyyənin əsas rol oynadığını bildirdi:

"Təkcə işləyən vətəndaş özü sığorta haqqı ödəmir axı. Bu məsələ belədir; ya dövlət ödəyir, ya da sığorta şirkəti. İlk növbədə dövlət büdcəsindən tibbi sığorta üçün ayırmalar var. Çünki işsizlər, əlilliyi olanlar, körpələr, uşaqlar, təqaüdçülər və sairə, gəliri olmayan vətəndaşlar....

İkincisi,  işəgötürənlər var, onlar da sığorta haqqı ödəməlidir. Xarici ölkələrdə iri şirkətlər sığorta ödəmələri edir. Ən mürəkkəb sığorta sistemi ABŞ-dadır. İsraildə, Almaniyada bir az sadədir. Məsələn, ABŞ-da şirkət qrupları sığorta ödəmələri edir. Kilsələr də görür bu işi. İanələr, hansısa gəlirləri hesabına ödəmələr edirlər. Bizim də Qafqaz Müsəlmanları İdarəmiz var".
 
Bəs, tibbi sığortanın əhatə etdiyi xidmətlərə nələr daxil edilməlidir. V.Qarayev qeyd etdi ki, bu, sığortanın baza zərfinə nələrin daxil ediləcəyindən asılıdır:

"Hansı hallar sığortaya düşür, baza zərfində qeyd edilməlidir. Əhaliyə sadə dildə izah etmək lazımdır ki, hansı xəstəliklərlə və ya hallarla bağlı tibbi sığortadan istifadə edə biləcək. Bildiyim qədər baza zərfinə diaqnostika, ağıq əməliyyatlar düşəcək. Amma məsələn, stomatologiya, plastik əməliyyatlar düşmür. Vərəmdi, onkoloji, qan xəstəliklərinin müalicəsi onsuz da dövlətin üzərindədir".