Vəziyyət ciddidir: Broyler toyuqları ilə bağlı təcili ölçü götürülməlidir

Bu toyuqlar uşaqlarda cinsi yetişkənlik yaradır



Broyler toyuqlarının insan orqanizminə, xüsusilə uşaqlara zərəri barədə dəfələrlə xəbərdarlıq xarakterli materiallar yazılıb. Bu dəfə isə broyler toyuqlarının uşaqlarda cinsi yetişkənlik yaratması ilə bağlı məlumatlar yayılıb. Maraqlıdır, bu toyuqlar həqiqətən uşaqlarda cinsi yetişkənlik yaradırmı?

Pediatr Sara Mansurova Lent.az -a bildirib ki, broyler toyuqları uşaqlara olduqca zərərlidir:

“Broyler toyuqları həddən artıq piylənməyə, şəkərli diabetə və orqanizmdə digər ciddi problemlərə yol açır. Bundan başqa, onların yemlərinə qatılan preparatlar, uşaqlarda zamanından tez cinsi yetkinlik yaradır. Yəqin ki, bişirərkən şahidi olmusunuz, bu toyuqların əti çox şişkindir, amma sümükləri çox balaca və kövrəkdir. Bu isə göstərir ki, həmin toyuqlar süni böyüdülür. Son zamanlar isə bu toyuğun verdiyi zərərlərin nəticəsi ilə daha tez-tez qarşılaşırıq. Bir valideyn 3 yaşlı uşağını həkimə gətirmişdi, məlum oldu ki, körpədə artıq cinsi yetkinlik baş verir. Araşdırma aparıldı və məlum oldu ki, uşaq həmin toyuqların ətindən tez-tez yediyi üçün onda cinsi hormonlar tez inkişaf etməyə başlayıb. Hətta broylerləri çox yeyən uşaqlar o qədər öyrəşirlər ki, həyət toyuğunu yemək istəmirlər. Bundan başqa, uşaqlarda immunitet sistemini də broyler toyuqları aşağı salır. Bu toyuqlar hər kəsə zərərlidir, uşaqlara isə qətiyyən vermək məsləhət deyil”.



Həkim: “Onların yeminə müxtəlif maddələr, hormonlar qatılır”


Pediatr Vaqif Qarayev isə “Şərq”ə açıqlamasında broyler toyuqlarının vaxtından əvvəl cinsi yetişkənliyə səbəb olması versiyasını təsdiq edən elmi sübutlara malik olmadığını dedi:

"Broyler toyuqlarının cinsi yetişkənliyi sürətləndirdiyinə dair əlimdə heç bir elmi sübut, fakt yoxdur. Amma məntiqi düşünəndə ola da bilər, çünki broyler toyuqlarınını yeminə xüsusi qatqılar əlavə edilir. Məsələn, yemə antibiotik qatırlar. Ümumiyyətlə, hazırda yem məhsullarına müxtəlif maddələr, hormonlar qatılır. O cümlədən də broyler toyuqlarının tez inkişaf etməsi üçün yemə əlavə maddələr qatılır. Əgər yeminə antibiotik qatılmış toyuğu uşaq yeyir və bir həftə sonra deyək ki, angina olur və həkim də antibiotik təyin edirsə, bu dərman uşağa artıq kömək edə bilməyəcək. Çünki uşağın orqanizmində artıq antibiotik var. Bədən onu qəbul edib və ona uyğunlaşıb. Bu dərman orqanizm üçün yeni deyil. Mən sadə dildə başa salmağa çalışıram ki, valideynlər anlasın.  Rusiyada 10 tonlarla broyler toyuğunu satışdan çıxarıblar. Məhz tərkibindəki antibiotikə görə. Bizdə bilmirəm vəziyyət necədi. Amma onu bilirəm ki, aqrar sektorda sanitar-gigiyenik normalardan kənaraçıxmalar ciddi fəsadlar verir. Son vaxtlar mədə-bağırsaq pozğunluqları artıb. Bunun hamısında tibbi səbəb olması mümkün deyil. Deməli, qidalarda problem var. Zəhərlənmə hadisələrinin sayı artır. Qida Təhlükəsizliyi Agentliyi yeni yaranıb, onlardan qısa müddətdə böyük fəaliyyət tələb etmək doğru deyil. Amma bu məsələlər ciddi yanaşma və tədqiqat tələb edir. İlin 12 ayını bizə parnik pomidoru yedirirlər. Parnik pomidoru ilə necə uşaq böyütmək olar?! Niyə ilin 12 ayı parnik pomidoru satışdadır? Hanı təbii şəraitdə yetişən pomidorlar, tərəvəz məhsulları? Niyə yetişdirilmir? Dönərxanaların sayı  çörək mağazalarından çoxdur. Əvvəllər deyirdik, broyler toyuğunu uşağa verməyin, kənd çolpası verin. İndi kənd çolpası da qatqılı yemlərlə bəslənir. Guya mal əti yaxşıdı? Mal-qaranın yemi də həmin kimyəvi qatqılı yemlərdir. Vəziyyət ciddidir və məncə, təcili ölçü götürülməlidir".