Koronavirusdan sağalan baş redaktor danışdı: “Virus hər birimizi təhdid edir!"


"Artıq evə buraxılmışam. Hər şey yaxşıdır".

Bu sözləri koronavirusdan sağalan "Kaspi qəzetinin baş redaktoru İlham Quliyev "Sherg.az"a açıqlamasında deyib.
O, müalicənin uğurla keçdiyini bildirib:

"On iki gün idi, Mərkəzi Neftçilər Xəstəxanasında nəzarət altında idim. Simptomlar müəyyənləşdikdən sonra müalicə kursu təyin olundu. Əsas məqsəd bədənin müqavimətinin artırılması, immunitetin güclənməsi idi. Sağ olsunlar, həkimlər diqqət və qayğısını əsirgəmədilər. Ağciyərlərimdə "buzlu şüşə" də var idi. Şükür, o problem də həll olundu. Qeyd edim ki, mən xəstəxanaya gedəndə artıq ağır dövrü keçirmişdim. İndi heç bir narahatlığım yoxdur. On dörd gün evdə karantin keçməliyəm. Sonra isə ağciyərlərimi rentgen elətdirəcəm. Bununla da koronavirusa qalib gələcəyimə inanıram".

İ.Quliyev, həmçinin vətəndaşlara müraciət edərək onları diqqətli olmağa çağırdı:

"Mart ayından etibarən özüm bütün profilaktik tədbirləri görmək, qaydalara əməl etməklə yanaşı, həm də çağırışlar etmişəm. Məsuliyyətli davranmaq, gözəgörünməz düşmənə qarşı həmrəylik göstərmək barədə "Facebook" hesabımda  müntəzəm statuslar yazırdım. Amma biz bu xəstəliyi qeyri- ciddi qəbul etdik. Nəticədə yoluxanların sayı bir gündə 500-600 nəfərə çatdı. Hətta, bəlkə də, daha çoxdur. Təhlükəli vəziyyətin içərisindəyik. Bütün addımları dövlətdən gözləmək olmaz. Bunun milli təhlükəsizlik məsələsi olduğunu və virusunun hər birimizi təhdid etdiyini unutmamalıyıq".

Baş redaktorun fikrincə, məsuliyyətli davransaq yoluxma sayında ciddi azalma olar:

"İnanın, heç kim koronavirusdan sığortalanmayıb. Mən ilk vaxtlardan etibarən koronavirus haqqında oxuyur, əlimə əlcək, üzümə maska taxırdım. Sosial məsafəni qoruyurdum. Redaksiyada işçilərimə deyirdim ki, mənim otağıma maskasız gəlməyin. Onların daşıyıcı olduğunu düşünmürdüm, əksinə, özümdən şübhələnərdim. Və, bu qədər qorunmağa rəğmən, nəhəyət, xəstəlik məni də tapdı. Amma yaxın ətrafımda, o cümlədən 30 nəfərlik kollektivdə heç kimə koronavirusu keçirmədim. Dediyim kimi, çünki maska taxır, sosial məsafəni qoruyurdum. Hər kəs bu qaydalara əməl etsə, virusa tez bir zamanda qalib gələ bilərik".