Vaşinqton Qarabağa lupa ilə baxır

Zəngəzur dəhlizi və quruculuq işləri Amerikanın diqqətindən kənarda qala bilməz

ABŞ səfirinin Gəncədə söylədikləri həm də Ermənistana, oradakı revanşistlərə mesajdır ki, müharibə artıq bitib

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Gəncəyə səfəri çərçivəsində Zəngəzur dəhlizinin açılması məsələsinə də münasibət bildirib. Bu o deməkdir ki, artıq ABŞ Qarabağdakı proseslərə və quruculuq işlərinə lupa ilə baxır. Səfirin sözlərinə görə, bölgədə sürətli bərpa işlərinin aparılması çox müsbət haldır. Litzenberger vurğulayıb ki, Amerika regional nəqliyyat və əməkdaşlıq dəhlizləri haqqında müsbət fikirdədir və bütün regional əlaqələrin qurulmasında çox maraqlıdır. Səfir regionun hər 3 ölkəsi arasında iqtisadi inkişafı təşviq edən bu cür addımları dəstəklədiklərini bildirib: 

“Amerika tərəflərlə danışıqlar aparmağa davam edir ki, inkişafı dəstəkləyən addımlara öz töhfəsini versin”.

Amerika təmsilçisinin bəyan etdiyi məsələyə diqqət çəkən politoloq Əli Orucov “Şərq”ə bildirib ki, 44 günlük müharibə regionda bütün prosesləri və balansı dəyişdi, yeni düzən yarandı. Partiya təmsilçisi qeyd edib ki, müharibədən sonra region daha ciddi formada diqqət mərkəzinə gəldi: 

“Münaqişə dondurulmuş vəziyyətdə olduğu zaman bölgədə maraqları olan dövlətlərin ziddiyyətləri, toqquşmaları açıq şəkildə baş vermirdi. Tərəflər münaqişənin həllində guya maraqlı olduqları görüntüsü yaradır, əslində isə prosesi uzadırdılar. Lakin torpaqlarımızın müharibə yolu ilə azad edilməsindən sonra bölgəyə baxış, yanaşma kökündən dəyişdi. Hətta 30 il ərzində, hətta müharibə dövründə belə Azərbaycana qarşı qərəzli mövqeyindən vaz keçməyən Fransa rəsmi Bakının sərt reaksiyası ilə Cənubi Qafqaz siyasətində redaktələr etmək məcburiyyətində qaldı. 

Təbii ki, ABŞ-ın da regionda siyasi-iqtisadi maraqları var. Vaşinqton bölgənin yenidən şəkillənməsində kənarda qalmaq niyyətində deyil. O baxımdan son günlər Ağ Evin fəallaşması təbii qarşılanmalıdır. Zəngəzur dəhlizinin açılması, sadəcə, Rusiyanın marağında deyil. Bu dəhliz Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm tərkib hissəsini təşkil edəcəyi və kommunikasiyaların çoxşaxəli olmasına xidmət göstərəcəyi üçün olduqca önəm kəsb edir. Təbii ki, belə mühüm bir dəhliz Amerikanın diqqətindən yayına bilməz. ABŞ səfirinin Gəncədə söylədikləri həm də Ermənistana, oradakı revanşistlərə mesajdır ki, müharibə artıq bitib. Regional kommunikasiyalara qarşı çıxmaq və yeni savaş arzulamaq Ermənistanı tamamilə fəlakətə sürükləyər. 

Ona görə də hesab edirəm ki, bu cür mövqenin sərgilənməsi Azərbaycanın maraqlarına uyğundur”.