“Konstitusiya hər bir dövlətin ana qanunudur”

Bu gün Azərbaycan Respublikasının Konstitusiya günüdür. Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilib. Bu Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdikdən sonra ilk Konstitusiyasıdır. Konstitusiyanın tarixi əhəmiyyətindən dabışan hüquq üzrə fəlsəfə doktoru, sabiq millət vəkili Çingiz Qənizadə  “Sherg.az”a bildirib ki, ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktını qəbul edib:

 “Konstitusiya aktında qəbul edilmiş prinsiplər əsasında ölkəmizdə yeni Konstitusiyanın yaranmasına ehtiyac var idi. Bu sosial sifariş və cəmiyyətin tələbi olmaqla bərabər, həm də hüquqi əsasların və hüquqi bazanın yaradılması istiqamətində ciddi addımların atılması istəyindən irəli gəlirdi. Bütün bunları görən Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan konstitusiyasının yaranması ilə bağlı yeni komissiyanın tərkibi elan olundu. Yaradılan komissiyanın sədri də Ulu Öndər Heydər Əliyev özü oldu. Beləliklə, müstəqil Azərbaycanın müstəqil konstitusiyasının layihəsi iyul ayında cəmiyyətə təqdim edildi və yeni bir referendumun keçirilməsi istiqamətində addımların atılmasına başlandı. 1995-ci 12 noyabrda ümumxalq referendumu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Bu konstitusiya 5 bölmədən 12 fəsildən və 158 maddədən ibarət olmaqla bütün Azərbaycan vətəndaşlarının hüquqi, sosial, iqtisadi təminatçısı olan hüquqi bir sənədə çevrildi. Elə həmin ilin noyabr ayının 27-də konstitusiya  qüvvəyə mindi”.

Ç.Qənizadə konstitusiyanın  hüquqi cəmiyyətin iradəsinin sanksiyalaşdırılmış forması olduğunu vurğulayıb: 

“Hesab edirəm ki, hər bir müstəqil dövlətin müstəqil konstitusiyası olmalıdır. Uzun müddət konstitusiya əsasında Azərbaycan respublikasının fəaliyyəti və inkişafı nəticəsində artıq yeni zamanın yeni tələbləri gündəmə gəlirdi. Buna görə də konstitusiyaya müəyyən əlavə və dəyişikliklər edilməsi zəruri idi. Artıq konstitusiyanın qəbul edilməsindən 7 il sonra 2002-ci ildə cəmiyyətin sosial sifarişindən və ictimai münasibətlər sisteminin xarakterindən irəli gələn tələblərə uyğun olaraq konstitusiyaya əlavə və dəyişikliklərin edilməsinə başlandı. Ölkə konstitusiyasına ilk dəyişiklik 24 avqust 2002-ci ildə yenə referendum yolu ilə keçirilmiş oldu”. 

Müsahibimiz konstitusiyaya edilən dəyişikliklərdən söz açıb: 

“Qeyd etmək istəyirəm ki, konstitusiyanın özünün yaranması tarixi zərurətdən, ictimai tələbat və zərurətdən irəli gəlirdisə, konstitusiyaya dəyişiklik isə cəmiyyətin sosial sahəsinin və ictimai münasibətlərin zamana görə dəyişikliklər edilməsindən irəli gələn bir hal idi. 2002-ci ildə Konstitusiyamıza edilmiş dəyişikliklərdə bir neçə məqamı qeyd etmək istəyirəm. Burada seçki sisteminin dəyişdirilməsi, yəni, proporsional və mojaritar seçki sisteminin ləğvi artıq konstitusiya ilə öz həllini tapdı və eyni zamanda prezident seçkilərində 50+1 faiz halının qəbul edilməsi və prezident səlahiyyətlərini fövqalədə hallarda baş nazirə keçirilməsindən irəli gələn dəyişikliklər idi. Burda insan hüquq və azadlıqlarının təminatı ilə bağlı da bir sıra dəyişikliklər edilmiş oldu. İnsan hüquq və azadlıqlarının daha möhkəm təminatı ilə bağlı bir çox maddələr 2009-cu il 18 mart tarixində konstitusiyamıza edilmiş əlavələrin ikinci hissəsində öz həllini tapdı. Nəhayət 2016-cı il sentyabr ayının 26-da konstitusiyamıza yeni əlavə və dəyişikliklər edilməsi zərurəti yarandı. Ümumilikdə 42 maddədə 29-dan çox dəyişikliyin edilməsi nəzərdə tutulurdu. Və bununla da konstitusiyamız yeni formada təsbit edilmiş oldu” . 

Sabiq deputat qeyd edib ki, konstitusiyamız Azərbaycan vətəndaşlarına şəxsi toxunulmazlıq, azadlığın bütün prinsiplərini, seçmək və seçilmək hüququ verir: 

“Konstitusiya qanunu hər bir dövlətin ana qanunudur. Bu baxımdan Azərbaycan vətəndaşı öz ölkəsində sərbəst hərəkət edərkən onun hüquq və azadlıqlarını, iqtisadi-sosial maraqlarına qoruya biləcək çox güclü bir qanun sənədinin - konstitusiyasının olduğunu dərk edir. Beləcə dövlət tərəfindən onun hüquq və azadlıqlarının qorunduğunu hiss edir”.