Sərt reaksiya:“ Şuşa terrorunu törədən erməni yerindəcə məhv edilməli idi” 

“Gözləmək lazım deyil ki, kimsə onu həbs edəcək, nə vaxtsa cəza verəcək. Onu yerindəcə gülləmək lazım idi”

“Təəssüf edirəm ki, bizim o postda keşik çəkən hərbçilərimiz bu fürsəti əldən buraxıblar”



Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Xəbərə görə, texnikaya zərər dəysə də, şəxsi heyət arasında xəsarət alan olmayıb. Xatırladaq ki, ötən həftə - 13 noyabr tarixində erməni terrorçu Norayr Mirzoyan  Şuşada Daşaltı kəndinin yaxınlığında xidmət göstərən Azərbaycan Silahlı Qüvvələrinin  N saylı  hərbi hissəsinin və Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının həyatını təhlükəyə altında qoyaraq əl qumbarasını onların istiqamətinə atıb. 

Hadisə nəticəsində üç azərbaycanlı hərbçi xəsarət alıb. Rusiya sülhməramlıları terrorçunu tutaraq Ermənistana təhvil veriblər. Bundan başqa noyabrın 14-ü səhər saatlarından başlayaraq  Laçın rayonu sahəsində vəziyyəti gərginləşdirmək məqsədilə Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti təxribata cəhd göstərib. Ermənistan silahlı qüvvələrinin bir qrup şəxsi heyətinin və texnikasının Laçın rayonunun sərhədi istiqamətində cəmləşdirilməsi, o cümlədən təxribata hazırlığı bölmələrimiz tərəfindən müşahidə edilib. Ermənilərin növbəti təxribatının qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri təxirəsalınmaz tədbirlər həyata keçirib. Eyni zamanda noyabrın 9-u günorta saatlarında Ermənistan Silahlı  Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü istiqamətində hərəkət edib, görülmüş tədbirlər nəticəsində Azərbaycan ordusu 60-a yaxın erməni hərbçisini mühasirəyə alıb. Rusiya tərəfinin xahişini nəzərə alaraq, Azərbaycan hərbçiləri onların geri dönməsinə şərait yaradıb. Beləliklə,Ermənistan tərəfinin növbəti hərbi təxribatı iflasa uğrayıb.  

İkinci Qarabağ müharibəsindən bir il ötməsinə rəğmən rəsmi İrəvan acı məğlubiyyəti ilə hələ də barışmaq istəmir. Ötən həftələrdə zəfər ildönümünü qeyd edən Azərbaycana yönəlmiş  bir-birinin ardıca törədilən təxribatlar bunu bir daha sübut edir. 

Mövzuda “Sherg.az”a şərh edən Milli Məclisinin deputatı Elman Məmmədov belə təxribatların  nə ilk, nə də son olduğunu bildirib: 

“Təxribatlar uzun illərdir, davam edir. Nə qədər ki, ərazimizdə ermənilər yaşayır bundan sonra da təxribatlar davam edəcək. Biz hər an belə təxribatları və terror hadisələrini gözləməliyik. Bunlara qarşı ehtiyatlı olmalıyıq. Bunun üçün kifayət qədər gücümüz var. Deyərdim ki, düşmənin özündən daha çox təhlükəli və bədniyyət olan onların havdarlarıdır. Hiyləgər, məkrli qüvvələr pərdə arxasında dayanıb ermənilərdən bütün tarix boyu olduğu kimi indi də öz murdar niyyətlərini həyata keçirmək üçün istifadə edirlər”.

 E.Məmmədov Şuşa yaxınlığında erməni terrorçunun bizim hərbi dayaq məntəqəmizə qumbara atması məsələsinə toxunaraq bildirib ki, həmin terrorçu və ona məxsus olan nəqliyyat vasitəsi yerindəcə məhv edilməli idi: 

“Gözləmək lazım deyil ki, kimsə onu həbs edəcək, nə vaxtsa cəza verəcək. Onu yerindəcə gülləmək lazım idi. Təəssüf edirəm ki, bizim o postda keşik çəkən hərbçilərimiz bu fürsəti əldən buraxıblar. Həmin terrorçunun Rusiya hərbçiləri tərəfindən həbs olunması sonradan Ermənistana təhvil verilməsi İrəvanda onun qəhrəman kimi tanıdılmasına şərait yaratdı. Bu çox əcaib bir durumdur.  Maraqlıdır o şəxs Ermənistan vətəndaşıdır və Laçın dəhlizindən rusların bir neçə postundan  keçərək bura gəlib. Güya ki, ruslar o postlardan keçənləri yoxlayırlar. Necə yoxlayıblar ki, belə bir terrorçu partlayıcı maddə ilə  ordan keçib? Sual yaranır: Bəs necə olur ki, bu şəxs qumbaranı atan kimi rus sülhməramlıları olan tərəfə sığınır, sonra da ruslar onu ermənilərə təhvil verirlər? Hadisənin baş verdiyi yer Azərbaycan ərazisidir. Zərər çəkən tərəf Azərbaycandır. Azərbaycan ərazisində onun əsgərinə qarşı cinayət törədilib. Əgər terrorçu öldürülməyibsə, kim trəfindən həbs olunmasından asılı olmayaraq Azərbaycana təhvil verilməli idi. O, Azərbaycan qanunları ilə cəzalandırılmalı idi” .  

Parlamentari olaydakı qəribəliyə diqqət çəkib:

 “Ermənistan vətəndaşı əlini qolunu sallayaraq postumuza yaxınlaşıb terror aktı törədib, rus sülhməramlıları da onu tutub ölkəsinə təhvil verib. Bu , “Get daha yaxşı hazırlaşıb gələrsən” deməkdir. Hətta həmin şəxsin fotoları da yayılıb ki, o, 44 günlük Qarabağ savaşında bizə qarşı vuruşub müharibə cinayəti törədib. Əgər sən həqiqətən ədalətli sülhməramlısansa, sənin bu məsələdə “əl”in yoxdursa, niyə belə bir terrorçunu tutaraq Ermənistana təhvil verirsən?! 
Baxmayaraq ki, Azərbaycan Baş Prokurorluğu və Azərbaycan Daxili İşlər Nazirliyi ona qarşı cinayət işi qaldırıb və tələb ediblər ki, bizə təhvil  verilsin Rusiya buna məhəl qoymayıb. O zaman belə başa düşülür ki, rus sülhməramlıları necə istədilərsə, elə də edirlər və  rəsmi Moskvadan başqa heç kim bunu bilmir. Bunlar çox müəmmalı, eyni zamanda düşünüb nəticə çıxarılmalı olan məsələlərdir”.