Kreml Qarabağda oyun “peşində”: Təxribatlarda Rusiya izi...

“Biz bu məsələlərə hazırıq və belə provokasiyaların olacağı da gözlənilirdi”

“Nə qədər ki, Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh sazişi imzalanmayıb  təxribatlar olacaq”

“Bu gün də Qarabağda rus sülhməramlılarının gördüyü işlər bir daha sübut edir ki, Rusiya mövcud durumdan özünün siyasi maraqlarını təmin etmək üçün istifadə edir”

“Bu  hadisələrdə əsas məqsəd Azərbaycanın Ermənistanla olan sərhədi keçməsidir. Bununla da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dördüncü maddəsi qüvvəyə minməsini istəyirlər”


Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatlarını davam etdirir.   Müdafiə Nazirliyindən verilən məlumatlara görə işğalçı ölkə silahlı qüvvələrinin bölmələri noyabrın 15-i saat 16:15-dən etibarən noyabrın 16-ı saat 04:30-dək Basarkeçər rayonunun Əzizli, Zərkənd, Aşağı Şorca, Dərə, Göysu, Pəmbək, Şəmşəddin rayonunun Çinarlı, Mosesqex, Yuxarı Mehrab, Ayqepar, Qulalı və Çəmbərək rayonunun Cil yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə, Barmaqbinə, Gədəbəy rayonunun Qalakənd , Daryurd, Novoivanovka, Qaravəlilər, Tovuz rayonunun Ağbulaq, Ağdam, Qaralar, Qoşa, Koxanəbi, Hacallı, Əlibəyli, Əsrik Cırdaxan və Ağstafa rayonunun Köhnəqışlaq yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutub.  Qarşı tərəfin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. 

Eyni zamanda   Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları  istiqamətindəki   sahəsində yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.

 Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib. Qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub.

 Nəticədə ilkin məlumata görə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.Qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə 16 noyabr günorta saatlarda başlayaraq Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb. Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür.

Təxribatların səbəblərini  “Sherg.az”a izah edən siyasi elmlər doktoru,  politoloq Cümşüd Nuriyev  məlum olayların arxasında Rusiya  və Avropa ölkələrinin maraqlarının durduğunu bildirib:

 “Avropa bir növ çalışır ki, Qarabağ münaqişəsi yenidən alovlansın , proses onların Qafqaz siyasətinə uyğun olsun. Bu siyasətin başlıca amalı Ermənistanı Rusiyanın tərkibindən çıxarmaqdır. Eyni zamanda, Rusiya da Qafqazda möhkəmlənmək istəyir. Bu mənada onlar nə qədər düşmən olsalar da, siyasi maraqları üst-üstə düşür. Bütün bunlar İran üçün də sərfəlidir. Çünki İran da Zəngəzur dəhlizinin açılmağını istəmir. Ərazilərimiz işğal altında olduqda həmin yerlərdə İranın bir qrup adamının biznes şəbəkəsi var idi. Həm narkoticarət həm də digər yöndə. Ona görə də bu maraqlar üst-üstə düşür. Həm də Rusiya Qafaqazda Türkiyənin söz sahibi olmağını istəmir”. 

Ekspertin sözlərinə görə belə təxribatlar gözlənilən idi və  Azərbayacan bunu əvvəldən proqnazlaşdırıb:

 “Biz bu məsələlərə hazırıq və belə provokasiyaların olacağı da gözlənilirdi. Nə qədər ki, Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh sazişi imzalanmayıb  təxribatlar olacaq. Rusiya 10 noyabrda üçtərəfli saziş imzalamaq məsələsini gündəmə gətirmişdi . Bu nə Ermənistana, nə də Azərbaycana lazım idi. Çünki , bütün hallarda burda Rusiya özünü hakim tərəf kimi təqdim edirdi. Bu gün də Qarabağda rus sülhməramlılarının gördüyü işlər bir daha sübut edir ki, Rusiya mövcud durumdan özünün siyasi maraqlarını təmin etmək üçün istifadə edir.  Ermənistanda vəziyyət Qərbin istədiyi şəkildə davam etmir. Çünki Ermənistan ərazisində Rusiyanın hərbi hissəsi var. Nəzərə alsaq ki, Rusiyanın hərbi elitasında yüksək vəzifələr tutmuş 2 mindən çox  erməni zabit var, onlar da Qarabağ mövzusunun qarışdırılmasında maraqlıdırlar. Ermənistan hakimiyyətində çalışırlar ki, bütün hallarda Paşinyan hakimiyyətdən getsin, Rusiyanın istədiyi şəxs hakimiyyətə gəlsin”. 

Politoloq bu  hadisələrdə əsas məqsədin Azərbaycanın Ermənistanla olan sərhədi keçməsi olduğunu   vurğulayıb:

 “Bununla da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dördüncü maddəsi qüvvəyə minməsini istəyirlər. Amma bu halda heç kəsə ehtiyac olmayacaq, çünki nə Qazaxısatan, nə də  digərləri istəyir ki, Azərbaycana qarşı mübarizədə iştirak etsin. Rusiya birtərəfli qaydada həmin maddəyə uyğun olaraq Azərbaycan ərazisini işğal etmək , Dağlıq Qarabağın keçmiş ərazisini yenidən işğal edib Ermənistana vermək istəyir. İşin arxasınsda bu səbəb dayanır. Ona görə də biz bu məsələlərdə bir qədər ehtiyatlı davranmalıyıq. Hələlik Azərbaycan  ordusu  bütün bunların öhdəsindən peşəkar şəkildə gəlir. Azərbaycan prezidenti də Türkiyə ilə birlikdə bu məsələləri yüksək peşəkarlıqla həll edirlər. Mənə elə gəlir ki hələlik ciddi narahatlıq üçün heç bir əsas yoxdur. Bizim əsas məqsədimiz əldə olunan nailiyyətlərimizi qoruyub saxlamaq  və müəyyən zaman kəsiyində vaxt udmaqdır.  Ermənilərin adı altında rusların törətdiyi əməllər Azərbaycan tərəfə çox gözəl bəlli olur. Filoloji yanaşsaq, indiki şəraitdə biz “rus ayısını” oyatmaq istəmirik. Artıq qış yaxınlaşır qoy, qış yuxusuna getsin. Bilirsiz ki, “ayı”ları qış yuxusundan oyatdıqda onlar çox acıqlı olur”. 

Sonda  politoloq  bizim mövcud durumda  gözləmə mövqeyi tutmağımızın daha   effektiv  ola biləcəyini  diqqətə çatdırıb.