STM  rəsmisi və ekspertdən SOS: “Demoqrafik təhükə  “qapımız döyəcək””


Əziz Əlibəyli: “Azərbaycanda 1970-ci ildə 151 minə yaxın körpə dünyaya gəlib. 1990-cı ildə hətta 183 min nəfərə yüksəlib. 2020-ci ildə doğulan körpələrin sayı 127 min nəfərə yaxın olub. Bu isə son 17 ildə ən aşağı göstəricidir”


Natiq Cəfərli: “Son dövrlərdə  Azərbaycanda demoqrafik vəziyyətdə həyəcanverici rəqəmlər nəzərə çarpır”

“Ailələrə müəyyən sosial dəstəyin olmasına ehtiyac var. Bunlardan da ən vacibi uşaq pulu adlanan sosial müavinətlərdir”  

 Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinə rəhbər i, beynəlxalq məsələr üzrə ekspert Əziz Əlibəyli “Facebook” hesabında  hazırda Azərbaycanda  demoqrafik təhlükə olduğuna dair paylaşım edib. O bildirib:

“Tariximizə nəzər salsaq, aydın olur ki, ailədə uşaq sayı da qədim zamanlarda daha çox idi, lakin müasir zaman sosial-iqtisadi zəmin buna mane oldu. Məsələn, artıq 80-ci illərin axırlarına yaxın yalnız ən uzağı 3 uşaqdan ibarət ailələrin sayı çoxalmağa başladı. İndiki uşaqların isə əmi, bibi, dayı, xalaları yoxdur. Zamanla isə bu qohumluq anlayışları daha da azalacaq. Evdə bir oğlan və bir qız varsa, onlar evlənəndə uşaqlarının xalası, yaxud dayısı, bibisi olmayacaq.Və demoqrafik təhlükə “qapımızı döyəcək”.  

Azərbaycanda 1970-ci ildə 151 minə yaxın körpə dünyaya gəlib. 1990-cı ildə hətta 183 min nəfərə yüksəlib. 2020-ci ildə doğulan körpələrin sayı 127 min nəfərə yaxın olub. Bu isə son 17 ildə ən aşağı göstəricidir. Məlumat üçün bildirim ki, 1970-ci ildə ölkə əhalisinin sayı 5.1 milyon, 1990-cı ildə 7.1 milyon, 2020-ci ildə isə 10,1 milyon nəfərə yaxın olub. Son 50 ildə əhali sayı 2 dəfə artsa da doğum nəinki artmayıb hətta azalıb” .  

    Paylaşıma rəy yazan sosial şəbəkə istifadəçiləri bunu kişi və qadın sonsuzluğu, uşaq pulunun verilməməsi, boşanma hallarının artması və s. amillərlə izah etməyə çalışıblar.
Sözügedən demoqrafik təhlükənin  iqtisadi səbəblərlə  bağlılığı varmı və bunun qarşısını almaq üçün hansı qabaqlayıcı tədbirlər  görmək olar? 

İqtisadçı -ekspert Natiq Cəfərli bu mövzuda “Sherg.az”ac danışıb O, bildirib ki, son dövrlərdə  Azərbaycanda demoqrafik vəziyyətdə həyəcanverici rəqəmlər nəzərə çarpır:

 “Demoqrafik artım sürəti ötən illərlə müqayisədə xeyli aşağı düşüb. Doğrudur, hələlik bəzi ölkələrdəki qədər acınacaqlı durum yoxdur.  Qonşu ölkələrlə müqayisədə bizim hələ də bu istiqamətdə üstünlüyümüz var. Amma yenə belə bir dinamikanın olması təhlükəlidir. Bu insanların gələcəklə bağlı gözləntilərinə də təsir göstərir”. 

Ekspert iqtisadi problemlərin artması ilə doğuş səviyyəsinin aşağı düşməsinin  müşahidə olunduğunu qeyd edib və bu demoqrafik artımın getdikcə sürətlənmə risqinin olduğunu vurğulayıb: 

“Ona görə də müəyyən sosial dəstəyin olmasına ehtiyac var. Bunlardan da ən vacibi uşaq pulu adlanan sosial müavinətlərdir.  Azərbaycanda müxtəlif adlar altında bəzi ailələrə uşaq pulu verilir. Əsasən də çoxuşaqlı və əngəlli övlad sahibi olan ailələrə. Təbii ki, bu yetərli  deyil.

 Düşürəm ki,vahid bir yanaşma ilə ölkədə hər bir ailədə uşaqların sosial təminatını yaxşılaşdırmaq üçün dövlət büdcəsindən  müəyyən miqdarda vəsait ayırmağa ehtiyac var. Belə bir addım atılsa demoqrafik durumla bağlı olan çətinliklər zamanla öz həllini tapar” .

 N.Cəfərli  sosial təminatların yaxşılaşdırılmasının vətəndaşların  ailə qurması və dünyaya daha çox uşaq gətirməsi yönündə  stimul ola biləcəyini diqqətə çatdırıb.