“Noyabr döyüşlərinin "ssenarisi" Tovuz döyüşləri ilə eynidir”

“Belə təxribatların məqsədi Azərbaycana mümkün qədər təzyiq göstərib, onun strareji kommunikasiya xətlərini ələ keçirməkdir”

“Bunun arxasında  Ermənistanın həm daxilində, həm də xaricdə Azərbaycanın suverenliyinə ərazi bütövlüyünə qəsd etmək istəyən qüvvələr durur”

“Türkiyə dövləti  Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş istənilən təxribatın qarşısını birmənalı şəkildə almağa davam edəcək”

Noyabrın 16-sı Türkiyə Milli Müdafiə naziri  Hulusi Akarla Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.Danışıq zamanı general-polkovnik Z.Həsənov Ermənistan tərəfinin təxribatları və dövlət sərhədində olan vəziyyət barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib. Hulusi Akar isə Türkiyənin həmişə olduğu kimi bu gün də Azərbaycanın yanında olduğunu bildirib.  Bu onu göstərir ki,Ermənistan-Azərbaycan sərhəddində baş verən son hadisələr rəsmi Ankara tərəfindən diqqətlə izlənilir. 

Vəziyyəti “Sherg.az”a şərh edən analitik Turab Rzayev son təxribatları Tovuz döyüşləri ilə müqayisə edib:

“Hadisələrin başlanma və davam etmə şəkili eynidir. Belə təxribatların məqsədi Azərbaycana mümkün qədər təzyiq göstərib, onun strareji kommunikasiya xətlərini ələ keçirməkdir. Bunun arxasında  Ermənistanın həm daxilində, həm də xaricdə Azərbaycanın suverenliyinə ərazi bütövlüyünə qəsd etmək istəyən qüvvələr durur. Rəsmi İrəvanda Paşinyan hakimiyyəti Azərbaycandakı hadisələrin gərginləşməsində maraqlıdır. Son günlər Rusiya elan edir ki, noyabrın ilk on günündə  pezidentlərin üçtərəfi görüşü olacaq. Azərbaycan tərəfinə bununla bağlı heç bir xəbər gəlmir. Daha sonra  Vladimir Putinin köməkçisi Dmitri Peskov  tərəflər arasında virtual görüş olacağını elan edir. Artıq noyabrın ortalarıdır və heç bir görüş yoxdur. Demək ki, bu görüşlər Azərbaycanın suverenliyinə uyğun deyil. Bu ərəfədə Türkiyə  prezidenti Azərbaycana gəlir, Azərbaycan prezidenti Türkiyəyə səfər edir. Azərbaycan xarici işlər naziri Avropa ittifaqında Avropa ilə Şərq tərəfdaşlığını yenidən müzakirə edir. Bütün bunlar üst-üstə gəldikdə  təxribatlar da artır”. 

Ekspert bunun  planlanmış bir provokasiya olduğunu vurğulayıb  və əlavə edib ki, bu cür təxribatlara qarşı  mübarizədə  Azərbaycanın hər zamankı kimi birinci dərəcəli müttəfiqi,  dostu, dəstəkçisi Türkiyədir: 

“Türkiyə olmadan biz tək xarici qüvvələrlə bacarmarıq. Tovuz  döyüşlərinin  ardından ilk siqnalı məhz Türkiyədən aldıq. Türkiyə bəyan etdi ki, biz Azərbaycanın yanındayıq. Azərbaycana xarici qüvvə gələrsə, biz də gələrik. Bizim indi də həmin mesaja ehtiyacımız var idi. Türkiyə müdafiə naziri ilə Azərbaycan müdafiə naziri arasında olan telefon danışığı da bir sıra qüvvələrə elə bu mesajı çatdırır. Türkiyə dövləti  Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş istənilən təxribatın qarşısını birmənalı şəkildə almağa davam edəcək”. 

 T.Rzayev  bizim bu prosesdə  Türkiyə, Əqanıstan, Pakistan və digər müttəfiqlərimizdən yanımızda olmalarını istədiyimizi diqqətə çatdırıb.