Bakı və Ankara Brüssel danışıqlarından məmnundur


Zəngəzur dəhlizinin açılması ilə sərhədlərin delimitasiyası paralel aparılacaq

   Prezident İlham Əliyev Brüsseldə keçirilən görüşdə Zəngəzur dəhlizinin açılması ilə də bağlı tərəflərin razılığa gəldiyini bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon əlaqəsi saxlayan dövlət başçısı həmçinin həm dəmir yolu və avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı tərəflərin razılığa gəldiyini bildirib. Türkiyə lideri üçtərəfli görüş barədə verilən məlumata görə minnətdarlığını ifadə edib və bu görüşdə əldə olunan müsbət nəticələrini yüksək qiymətləndirib. Azərbaycan və Türkiyə prezidentləri bölgədə sülhün tezliklə əldə edilməsinin önəmini vurğulayıblar.

Dövlət başçıları söhbət zamanı ikitərəfli dostluq və qardaşlıq münasibətlərinə dair məsələlər və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar. Xatırladaq ki, Prezident İlham Əliyev bir müddət əvvəl qeyd etmişdi ki, Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq: “Bir daha demək istəyirəm ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək və əlindən gələni edəcək ki, bu layihənin həyata keçirilməsində heç bir problem olmasın”. Göründüyü kimi, Azərbaycanın strateji fəaliyyəti və geosiyasi iradəsi nəticə verir, regionda yeni nəqliyyat-kommunikasiya xətti yaradılır. Ümumiyyətlə, Zəngəzur dəhlizinin yaradılması məsələsi təkcə Azərbaycanın deyil, bütövlükdə, regionun siyasi gündəliyinin mühüm tərkib hissəsidir. Bu da təsadüfi deyil. Çünki dəhlizin yaradılması həm ölkəmizin yerləşdiyi regionda, həm də Asiyadan Avropaya doğru geniş məkanda yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Bu ərazidən keçən nəqliyyat xətti bir çox dövlətin əməkdaşlıq imkanlarını genişləndirəcək. 

Zəngəzurun o vaxt Azərbaycandan alınması və Ermənistana birləşdirilməsində məqsəd həm də türk dünyasında qarşılıqlı münasibətlərin inkişafına mane olmaq idi. Bu addım coğrafi ayrılmaya səbəb olurdu. Amma kommunikasiya xətlərinin bərpası ilə qədim Azərbaycan torpağı olan Zəngəzur yeni şəraitdə türk dünyasında birləşdirici rol oynayacaq. Bu ərazidən keçən nəqliyyat xətti türkdilli dövlətlərin əməkdaşlıq imkanlarını genişləndirəcək. Yeni kommunikasiya vasitəsi Azərbaycanın tranzit əhəmiyyətinin artması, iqtisadi inkişafının sürətlənməsi baxımından əhəmiyyətlidir. Azərbaycanın yaratdığı əməkdaşlıq imkanlarından tərəfdaş ölkələrin istifadə etməsi ölkəmizin çoxşaxəli münasibətlərinin inkişafına töhfə olacaq. Ekspertlərə görə, Zəngəzur dəhlizinin yaradılması elə Ermənistan üçün də tarixi şansdır. Ermənistan bu imkandan istifadə edərək dəmir yolu ilə həm İranla, həm də Rusiya ilə əlaqə yarada bilər ki, bu da iqtisadi mənfəət qazanmaq, regional təcrid vəziyyətindən xilas olmaq üçün tarixi şansdır. 

Siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla danışması göstərir ki, Azərbaycan bütün razılaşmaları strateji müttəfiqlik xarakterindən irəli gələrək Türkiyənin maraqları ilə uyğunlaşdırır. Liderlər nəticələri birgə proqnozlaşdırırlar: 

“Türkiyə əldə edilən razılıqları özünün maraqları ilə tam uyğunluğunu qeyd edir. Bu dəfə Zəngəzur dəhlizinin açılması ilə sərhədlərin delimitasiyası paralel aparılacaq. Daha doğrusu, Zəngəzur koridoru sərhədlərin müəyyənləşməsi kontekstinin içərisinə salınacaq. Ermənistanın böyükmiqyaslı təxribatı üçün heç bir ayaq yeri qalmır. Lokal insidentlərin olması ehtimalını isə istisna etmək olmaz. 

Ermənistanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə isə hər iddiaları isə nəzəri olaraq da qeybə çəkilir”. 

Siyasi şərhçi Turan Rzayev də “Şərq”ə bildirib ki, hər iki ölkə başçısının Brüssel görüşünü müsbət dəyərləndirməsi həm də ondan xəbər verir ki, görüşdə təkcə Bakının deyil, həm də Ankaranın maraqları təmin edilib: 

“İndiki məqamda Türkiyəni maraqlandıran əsas məsələ məhz Zəngəzur dəhlizidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Brüsseldə keçirilən görüşdə Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı razılıq əldə olunduğunu bildirib.

  Bakı Qazaxın 7 kəndini, Naxçıvanın Kərki kəndini geri almaq yönündə uğur əldə edib. Eyni zamanda Bakı-Ankara ortaq maraqları naminə Zəngəzur dəhlizinin açılmasını prioritet olaraq gündəlikdə saxlayır”.