Sülhün ayaq səsləri eşidilir

Azərbaycanla Ermənistan arasında komissiyaların yaradılmasını ən böyük uğur saymaq olar

Əgər Nikol Paşinyan hakimiyyətdə qalarsa, proseslərin bu şəkildə gedişatı müsbət sonluqla nəticələnə bilər

Brüsseldə keçirilən sonuncu görüşdən sonra sülhə doğru daha bir addım atıldı. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı. Həmçinin, Ermənistan Baş naziri Nikol Paşinyanın fərmanı ilə də Ermənistan tərəfi analoji komissiya təsis etdi. 

Azərbaycan tərəfindən komissiyaya baş nazirin müavini Şahin Mustafayev sədrlik edəcək. Digər bir çox nazir müavinləri və Ermənistanla sərhəd rayonların icra başçıları da komissiyada təmsil olunacaqlar. Ermənistan tərəfindən də komissiyaya rəhbərlik baş nazirin müavini Mqer Qriqoryan tərəfindən həyata keçiriləcək. Azərbaycanın yaratdığı komissiyanın tərkibi daha genişdir və bu, onu deməyə əsas verir ki, rəsmi Bakı sərhədlərə dair bir qarış ərazini, su resurslarını, meşə ərazilərini cüzi də güzəştə getməyəcək. 

Qeyd olunur ki, komissiyanın tərkibi Ermənistanla dövlət sərhədinin bütün istiqamətləri üzrə detallı plan hazırlayacaq və delimitasiya həmin şərtlər əsasında aparılacaq. Komissiyanın tərkibinə nəzər saldıqda, aydın olur ki, Qazaxın yeddi kəndi və Naxçıvandakı Kərki kəndi də delimitasiya prosesi çərçivəsində Azərbaycana qaytarılacaq. Çünki komissiya üzvlərindən biri də Qazax rayonunun icra hakimiyyətinin başçısıdır. Bundan başqa, sərhədboyu yerləşən elə nöqtələr də var ki, onların da Azərbaycanın ərazisi kimi rəsmiləşəcəyini deyə bilərik. Şübhəsiz, komissiyaların iclaslarında həmin mövzular incəliyinə qədər müzakirə predmeti olacaq. Sonrakı gedişatlar da danışıqlarda əldə edilən razılıqlar üzərində cərəyan edəcək. 

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycanın şərtlərinin qəbul edilməsi prosesin ən uğurlu tərəfi oldu. Ekspertin sözlərinə görə, Azərbaycan və Ermənistanın müvafiq olaraq sərhədlərin müəyyənləşməsi ilə bağlı dövlət komissiyaları yaratmaları əməli prosesə keçidin ən mühüm göstəricisidir:

 “Buna nail olmaq üçün kifayət qədər mürəkkəb, gərgin mərhələlər arxada qoyulub. Əlbəttə, adladığımız indiki mərhələnin problemlərin həllinə ciddi təsir göstərəcəyini, konkret nəticələr doğuracağını birmənalı iddia etmək çətindir. Hələlik ortada konkret nəticələr yoxdur. Düzdür, texniki və epizodik addımları yüksək qiymətləndirmək olar. Müsbət yöndə ümumi irəliləyiş cəhdi var. Ancaq əsas məsələ yekunda delimitasiya və demarkasiya işi ilə məşğul olan dövlət komissiyalarının hansısa formada ortaq məxrəcə gəlməsidir. Delimitasiya prosesində Qazaxın 7, o cümlədən Naxçıvanın Kərki kəndinin qaytarılması ümumi prosesin tərkib hissəsi, yəni sadəcə detaldır. 

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş, yaxud bizdən zorla qoparılaraq ermənilərə verilmiş ərazilərimiz Qazaxın kəndləri ilə kifayətlənmir. 

Tovuzda, Gədəbəydə və digər rayonlarda da erməni işğalında qalmış ərazilərimiz mövcuddur. Bütün sərhəd rayonlarında torpaq itkiləri ilə üzləşmişik. Ona görə də istinad nöqtəsi kimi Azərbaycan və Ermənistanın müəyyən xəritələrdən, xüsusən dövlət başçısının diqqət çəkdiyi 1918-ci ildən sonrakı, eyni zamanda sovet dövrünə aid xəritələrdən istifadə zəruri olacaq. Bu razılaşmanın alternativi yoxdur. Yeganə alternativ Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanımaqdan imtina etməsidir. 

Əgər Nikol Paşinyan hakimiyyətdə qalarsa, proseslərin bu şəkildə gedişatı müsbət sonluqla nəticələnə bilər”.