Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı məlumat verib. Səfir qeyd edib ki, Ərdoğanın səfəri mayın 28-də baş tutacaq. Qeyd edək ki, may ayının 26-dan 29-na kimi Azərbaycanda “Texnofest-2022” festivalı keçiriləcək. “Texnofest” Türkiyədə milli texnologiyanın inkişafında mühüm rol oynayan bir çox təşkilatın ortaqlığı ilə təşkil edilən ilk və yeganə aviasiya, kosmos və texnologiya festivalıdır. 

Festivalın əsas təşkilatçılarından Türkiyənin “Baykar Makina” hərbi sənaye müəssisəsinin rəhbərlərindən biri olan Səlcuq Bayraktardır. Qardaş ölkə liderinin Azərbaycana səfəri festival günlərinə təsadüf edir. Eyni zamanda Ərdoğanın Azərbaycana budəfəki gəlişini daha önəmli edən faktorlardan arasında son günlər regionda baş verən hadisələr, Ermənistanla müəyyən sahələrdə konkret razılıqların əldə olunması da var.

 Türkiyə liderinin mayın 28-i, Müstəqillik Günü Azərbaycana səfər təyin etməsi də diqqətçəkən məqamdır. 

Türkiyə dövlət başçısının Azərbaycana gözlənilən səfəri barədə “Şərq”ə danışan siyasi şərhçi Azər Niftiyev bildirib ki, Ərdoğanın Bakıya növbəti gəlişi Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı olacaq: 

“Məlumdur ki, Türkiyə 44 günlük vətən müharibəsində Azərbaycana ciddi dəstək göstərdi. Müharibənin davam etdiyi dövrdə Prezident İlham Əliyev bəyan edirdi ki, Türkiyənin dəstəyi olmasaydı, Azərbaycanda “bulanıq suda balıq tutmaq istəyənlər” çox olacaqdı. Bu, kifayət qədər ciddi bəyanat idi. Məhz Qarabağ Zəfəri Azərbaycanla Türkiyə arasında münasibətləri tarixdə görünməmiş ən yüksək səviyyəyə qaldırmaqla yanaşı, ümumilikdə türk dünyasına aid dövlətlər arasında dərin bağlar yaratdı. Müstəqillik Günü Ərdoğanın Bakıya səfəri mühüm məqamlarla yadda qalacaq. Yəqin ki, səfər çərçivəsində Azərbaycanla Türkiyə arasında münasibətlərin daha da inkişafını özündə ehtiva edən sənədlər imzalanacaq, bəyanatlar səsləndiriləcək”. 

Rusiyanın Ukraynaya qarşı hərbi müqaviməti fonunda Azərbaycanla Türkiyənin təmaslarını vacib sayan ekspert əlavə edib ki, bu, hər iki ölkəyə qarşı yönələn təzyiqləri azaltmaq baxımından xüsusi əhəmiyyətə malikdir:

 “Bu gün Türkiyə və Azərbaycan dünyada barışın əsas tərəfdaşları rolunda çıxış edir. Təsəvvür edin ki, dünyanın qütbləşdiyi mövcud şəraitdə həm rəsmi Moskva, həm də rəsmi Kiyev Türkiyə və Azərbaycana etibar etdiyini bəyan edir. Zelenskinin Rusiya ilə danışıqlar üçün Ankara və Bakını təklif etməsi, İstanbulda bir neçə dəfə tərəflər arasında danışıqların aparılması bunun bariz nümunəsidir. Belə bir həssas şəraitdə bəzi qüvvələr xüsusən postsovet ölkələrini öz tərəfinə çəkməyə, qonşularla münasibətlərini gərginləşdirməyə çalışırlar. Türkiyənin tutduğu obyektiv rol bizim də qarşımızda geniş imkanlar açır. Hesab edirəm ki, Ərdoğanın Bakı səfəri münasibətlərin inkişafı istiqamətində yeni səhifə açacaq”.