Hərbi xidmətdən boyun qaçıran ermənilər! – “Ödəniş qarşılığında...”

  Ermənistan Müdafiə Nazirliyi çağırışçılara 24 milyon dram (60 min dollar) qarşılığında vaxtından əvvəl tərxis olunmağa icazə verməyi təklif edib. Bu dəyişiklik “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanununda öz əksini tapıb və e-draft.am hüquqi aktların vahid portalında dərc olunub.
  Sənədə əsasən, çağırışçı hərbi xidmətdən vaxtından əvvəl, hətta dördüncü aydan və hazırlıq mərhələsini başa vurduqdan sonra  buraxıla bilər.  Bunun qarşılığında o, dövlət büdcəsinə 24 milyon dram ödəniş etməlidir. Dəyişikliklərin məqsədi respublikada məcburi hərbi xidmət müddətinin mərhələli şəkildə azaldılması üçün qanunvericilik bazasını hazırlamaqdır.
  Ermənistan hökumətinin yeni təklifini hərbi ekspert Ramil Məmmədli “Sherg.az"a izah edib. O bildirib ki, bu sistem Avropanın bir sıra ölkələrində də mövcuddur: “O cümlədən bizim strateji tərəfdaşımız olan Türkiyədə də bu qərar var. Belə ölkələrdə büdcəyə müəyyən  məbləğ ödəməklə hərbi xidmət etməmək mümkündür. Bu qərarı verməyə iki əsas səbəb ola bilər. İlk növbədə büdcənin doldurulması məqsədi güdülə bilər. Eyni zamanda bu yolla  qeyri-qanuni rüşvət hallarının və ordudan yayınmaların qarşısını almaq mümkündür. Əgər şəxs hərbi xidmətə getmək istəmirsə, o, öz pulunu dövlətin büdcəsinə köçürdəcək. Bununla da o, hərbi xidmət göstərməyəcək. 








  Digər tərəfdən peşəkar ordu sisteminin formalaşdırılması üçün də bu addım atılmış ola bilər. Xidmət etmək istəməyən şəxslər müxtəlif yollarla bundan boyun qaçırır. Bu sistemlə həmin şəxs qanuni olaraq xidmət etmir və ondan gələn gəlirlə digər şəxs müəyyən məbləğ müqabilində hərbi xidmət göstərir. Bu da ordunun peşəkarlaşmasına və formalaşmasına gətirib çıxarır. Bu baxımdan bu məsələni normal qəbul edirəm. Bunun hansısa ciddi problemdən irəli gəldiyini düşünmürəm”.