İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Azərbaycanda rəqəmsal manat hazırlanır

"Maliyyə sektoru ən son texnologiyalara ehtiyac duyur”

  Paytaxtda “Fintex Summit 2023 - Maliyyə və Texnologiya Ekspo” sammiti keçirilir. Banklar Assosiasiyasının dəstəyi ilə 2 gün ərzində keçiriləcək sammitdə bank və maliyyə eko-sistemində yeni trendlər: innovativ həllər, maliyyə texnologiyası və təhlükəsizlik” əsas müzakirə mövzusudur.  Sammitin birinci günü maraqlı çıxışlar, bank və maliyyə sektorunda son zamanlar tətbiq edilən texnoloji yeniliklər təqdim edilib, onlar barədə geniş izah verilib, bu sektordakı texnoloji yeniliklərin insanların gündəlik həyatını hansı dərəcədə yüngülləşdirdiyi açıqlanıb. Sammit iştirakçılarından biri də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-dir. Sammitdə Azərbaycanda və xaricdə fəaliyyət göstərən nüfuzlu şirkətləri, eləcə də dövlət qurumlarını təmsil edən rəhbər şəxslər çıxış ediblər. Qeyd olunan mövzularla bağlı 25 məruzəçi tərəfindən iştirakçılara geniş məlumatlar verilib. “AzInTelecom” MMC sammitdə stendlə çıxış edib və əməkdaşlar tərəfindən tədbir iştirakçılarına SİMA brendinin məhsulları ilə bağlı ətraflı məlumatlar təqdim olunub. Sammitdə “AzInTelecom” tərəfindən yaradılmış SİMA rəqəmsal həllər platformasının iki yeni məhsulu – SİMA Data və SİMA Biometriya ilk dəfə olaraq ictimaiyyətə təqdim edilib. Şirkətin stendinə yaxınlaşaraq məhsullar barədə sorğuda iştirak edən hər kəsə hədiyyələr verilib və yüksək nəticə göstərən iştirakçılar isə xüsusi mükafatlarla təltif olunub. Məlumat verilib ki, SİMA Biometriya biometrik identifikasiyaya əsaslanan xidmət növüdür. Bu həllin vətəndaşın şəxsiyyətini təsdiqləmək üçün lazım olan bütün proseslərdə tətbiq oluna biləcəyi qeyd edilib. SİMA Biometriya ictimai nəqliyyat, hotel və istirahət mərkəzlərində, məktəb və universitetlərdə, müştəri xidmətləri mərkəzlərində və digər yerlərdə insanların kimliyini təsdiqləməklə ödənişlər etmək və ya girişə icazə vermək məqsədilə tətbiq edilə bilər. Qeyd edək ki, SİMA Biometriya həlli üzərindən həm fiziki, həm də davranış biometriyaları üzrə xidmətlər təqdim etmək planlaşdırılır. SİMA-nın digər yeni məhsulu olan SİMA Data barəsində isə qeyd olunub ki, bu həll biznes fəaliyyəti zamanı tələb olunan məlumatlara çıxışı təmin edən veb-xidmətlər platformasıdır. SİMA Data tərəfdaşlar və istifadəçilər arasında rəqəmsal körpü rolunu oynamaqla, xidməti əldə etmiş tərəfdaşlara əməliyyatlar zamanı tələb olunan istənilən məlumatı sürətli və rahat şəkildə təmin edəcək. Sammit iştirakçılarına məlumat verilib ki, “AzInTelecom” MMC-nin ötən il istifadəyə verdiyi SİMA yeni nəsil rəqəmsal imza qısa zamanda bazarda istifadəçi davranışlarını dəyişərək yeni standartlar formalaşdırıb. Qısa müddət əvvəl SİMA rəqəmsal imzanın fərdi sahibkarlar üçün həlli də istifadəyə verilib. SİMA ilə 20-dən çox tərəfdaşın xidmətlərindən onlayn şəkildə yararlanmaq mümkündür. Hazırda 100-dən çox müəssisənin inteqrasiyası davam etdirilir. SİMA mobil tətbiqi artıq 400 minə yaxın istifadəçi tərəfindən yüklənib. Tədbirin gedişində “AzInTelecom”un əməkdaşları sammitdə iştirak edən yerli və xarici şirkətlərin nümayəndələri ilə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Gələcəkdə tərəfdaş qismində çıxış edə biləcək qurumların nümayəndələri ilə birgə həyata keçiriləcək layihələr və xidmətlərin qarşılıqlı mübadiləsi ətrafında diskussiya aparıblar. "Visa" Azərbaycanda "B2B Connect" layihəsinin genişləndirilməsi üzərində çalışır”. Bu barədə "Visa"nın vitse-prezidenti və Mərkəzi Asiya ölkələri və Azərbaycanda regional meneceri Kristina Doroş Bakıda keçirilən “FİNTEX SAMMİT 2023” maliyyə və texnologiyalar sərgisində deyib. Onun sözlərinə görə, bu layihə Mərkəzi və Şərqi Avropa-Yaxın Şərq-Afrika (CEMEA) regionunda Azərbaycanda işə salınıb. "Visa" Azərbaycanda 1997-ci ildə fəaliyyətə başlayıb və istər dövlət və özəl sektor, istərsə də kiçik sahibkarlar olmaqla maliyyə sektorunun demək olar ki, bütün iştirakçıları ilə münasibət qurub. Bundan başqa, Azərbaycanda nəqliyyat sektorunda ödəniş texnologiyalarını aktiv şəkildə tətbiq edirik", - deyə K.Doroş vurğulayıb.

 K.Doroşun sözlərinə görə, bu il "Visa"nın Azərbaycan üzrə strategiyaları başa çatacaq: “Bildirmək istəyirəm ki, bu müddət ərzində böyük uğurlara nail olduq. Bizim dəstəyimizlə Azərbaycanda Apple Pay, daha sonra isə Google Pay işə salındı. Həmçinin Azərbaycanın kibertəhlükəsizlik sahəsində maliyyə iştirakçıları ilə aktiv şəkildə əməkdaşlıq edirik”. Bununla yanaşı, K.Doroş dünyada 4 milyard "Visa" kart istifadəçisinin olduğunu və bu kartlar vasitəsilə saniyədə 65 min tranzaksiyanın həyata keçirildiyini vurğulayıb.

  Sammitdə iştirak edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı-direktoru Vüsal Qasımlı isə iştirsakçıların diqqətini milli ödəniş sistemlərinin fəaliyyətinə yönəldib. O qeyd edib ki, milli ödəniş sistemində 2026-cı ilədək rəqəmsal ödənişlərin 25 faiz artacağı, ümumi dövriyyədə nağdsız ödənişlərin payının isə 55 faizə çatacağı gözlənilir. Onun sözlərinə görə, Azərbaycanda maliyyə texnologiyalarının inkişafı üçün dünyadakı tendensiyaların (süni intellekt, maşın təlimi, açıq bankçılıq və s.) tətbiqi davam edir: "Həmçinin qeyd etmək istəyirəm ki, Beynəlxalq Valyuta Fondu Cənubi Qafqazda iqtisadiyyatda ortamüddətli perspektivdə 5-7 faiz artım proqnozlaşdırır. Maliyyə texnologiyalarının və bu sahədə menecmentin təkmilləşdirilməsi mühüm addımlardan biridir. Proqnozlara görə, 2023-cü ilin sonlarınadək qlobal səviyyədə rəqəmsal ödəniş tranzaksiyalarının dəyəri təqribən 6,7 trilyon dollar olacaq. 2023-cü ildə Azərbaycanda ümumi dövriyyədə nağdsız ödənişlərin xüsusi çəkisi 51 faizə çatacaq". Tədbirdə Naxçıvan Muxtar Respublikasında son zamanlar tətbiq edilən innovasiyalar barədə də məlumat verilib. Qeyd edilib ki, Muxtar Respublikanın Dövlət Vergi Xidməti, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin elektron informasiya resursları “AzStateNet” şəbəkəsi ilə təmin olunub. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatında qeyd olunur ki, Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Apple Pay və Google Pay vastəsilə nağdsız ödənişlər yanvar-may aylarında müvafiq olaraq 327 və 107 milyon manat olub. Bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov Bakıda keçirilən “FİNTEX SAMMİT 2023” maliyyə və texnologiyalar sərgisində deyib. 

Onun sözlərinə görə, Azərbaycanda mayın əvvəlinə kartların sayı 18 faiz artıb (14,5 milyon kartadək). "Bu kartların 70 faizdən çoxu təmassız kartların payına düşür. Həmçinin qeyd etmək istəyirəm ki, yanvar-may aylarında nağdsız ödənişlərin həcmi 2 dəfə artaraq 12,2 milyard manat olub. Nağdsız ödənişlərin ümumi dövriyyədə çəkisi 11,8 faiz artaraq 52 faizə çatıb. Apple Pay və Google Pay vasitəsilə ödənişlər müvafiq olaraq 327 və 107 milyon manat olub", - deyə o əlavə edib. Azərbaycanda maliyyə sektorunun inkişafına səbəb olan hüquqi bazanın optimallaşdırılması üzrə də işlər görülür. Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev “FİNTEX SAMMİT 2023” maliyyə və texnologiyalar sərgisində bildirib ki, artıq "Ödəniş sistemləri və xidmətləri haqqında" Qanun qəbul edilib. Qanun bu sektorun inkişafının sürətlənməsinə imkan verəcək, həmçinin effektiv tənzimlənməsini təmin edəcək: "Maliyyə sektoru ən son texnologiyalara (o cümlədən blokçeyn) ehtiyac duyur. Rəqəmsal valyutaların və kriptovalyutaların rolu getdikcə artmaqdadır. Bildiyiniz kimi, Azərbaycanda rəqəmsal manatın hazırlanması üzrə işlər görülür. Bununla yanaşı, texnologiyaların inkişafı ilə kibertəhlükəsizlik sektoruna diqqət ayırmaq lazımdır. Belə ki, 2022-ci ildə haker hücumları nəticəsində 4,2 milyard dollar itirdik ki, bu da bank fəaliyyətinin texniki və texnoloji bazasının gücləndirilməsinin zəruri olduğundan xəbər verir”. Z.Nuriyev Assosiasiyanın maliyyə sektorunun iştirakçılarına yardım göstərməyə davam etdiyini də vurğuladı.