“Süni mayalanma ilə övlad sahibi olmaqda heç bir qəbahət yoxdur”

Həkim-ginekoloq millət vəkili Siyavuş Novruzovun iradlarını qəbul etmir

  Süni mayalanma məsələsində millət vəkilləri arasında fikir ayrılığı var. Millət vəkili Rəşad Mahmudov övlad sahibi olmaqda çətinliklə qarşılaşanların probleminin həlli üçün dövlət büdcəsindən vəsaitin ayrılmasını təklif edib. Millət vəkili Siyavuş Novruzov isə bunu “Allahın əleyhinə getmək” hesab edərək əleyhinə olub. R.Mahmudovun mövqeyi belədir: “Ölkədə övlad sahibi olmaq istəyən, amma imkanı olmayan şəxslər var. Bu məsələ qaldırılanda “Reproduktiv sağlamlıq” haqqında qanun layihəsinin qəbul olunması təklif olunur. Amma bildirim ki, qanun olmadan da bu problemi həll edə bilərik. Uşaq sahibi olmaq insanın fiziki, əqli sağlamlığı cəhətdən dövlətin nəzarətində olmalıdır. Ona görə də gələn ilin dövlət büdcəsində buna maliyyə yardımının ayrılmasını təklif edirəm. Süni mayalanma ilə əlaqədar dövlət büdcəsindən ayrılan vəsait 1 milyondan o qədər də çox deyil. Ona görə də bu məsələyə diqqət yetirilməlidir”. S.Novruzov isə bildirib ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisə uzun illərdir təqdim olunub. Ancaq bu sənədin milli mentalitetimizə uyğun olmadığını hesab edirəm. Çünki süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz. Düzdür, hüquqi, tibbi və teoloji nöqteyi-nəzərdən baxa bilərik, mən daha çox teoloji istiqamətdə baxıram. Əgər Allah qismət etməyibsə, əleyhinə getmək olmaz. Bunu parlamentdə müzakirə etməyin heç bir yeri yoxdur. Əgər başqa ölkələrdə bunu tətbiq edirlərsə, özləri bilər”.
  İki millət vəkilinin çıxışı hazırda ən çox müzakirə edilən mövzudur. Biri təqdir edir, digəri tənqid. Bəs mütəxəssis nə deyir? 
  
Həkim-ginekoloq Fəxranə Hüseynzadə “Sherg.az”a açıqlamasında qeyd etdi ki, təbii yolla hamiləliyin baş verməsinin mümkün olmadığı halda süni mayalanmadan istifadə edilməsi normaldır və bu, nə qanuna, nə də dinə qarşıdır: 

- Təcrübəli həkim övlad sahibi olmaq istəyən ailə fərdlərini – qadın və kişini süni mayalanmaya təhrik etməz. Əlbəttə ki, hamiləliyin təbii yolla baş verməsi tibbi baxımdan da, genefondun qorunması baxımından, demoqrafik vəziyyət baxımından da ən uğurlu və arzuolunan haldır. Amma əgər təbii hamiləliyin baş verməsinə ciddi kliniki səbəblər varsa və süni mayalanma fərdlərin sağlamlığına, həyatına heç bir təhlükə yaratmırsa, o zaman süni mayalanma ilə övlad sahibi olmaqda heç bir qəbahət yoxdur. Qeyd etdiyim kimi, qadın və ya kişi sağlam şəkildə, normal şərtlərlə övlad sahibi ola bilərsə, süni mayalanma üçün müraciət edilməsi qəbuledilməzdir, yanlışdır. Burada həkimin təyinatı, həkim rəyi əsasdır. Həkimlər də gərək insaflı və vicdanlı, eyni zamanda savadlı olsunlar, müraciət edən hər kəsə süni mayalanma təklif etməsinlər. Müəyyən problemlər ola bilər ki, onları bəzən kiçikhəcmli müalicələrlə aradan qaldırmaq mümkündür.   Lakin təbii hamiləliyin baş verməsinə əsaslı, ciddi səbəblər varsa, süni mayalanma əsas çıxış yolu ola bilər. Bu yol niyə bağlanmalı, niyə qapadılmalıdır?!  Qismətdən danışırıqsa, kimsə qismətində nəyin olub-olmadığını bilə bilməz. Elə hadisələr olub  ki, qadına səhv müalicə təyin edilib, səhv diaqnoz  qoyulub, həyatdan küsüb ki, daha övladı olmayacaq. Lakin sonra başqa bir həkimə müraciət etdikdə çıxılmaz sayılan vəziyyətin, həlli mümkünsüz hesab edilən problemin əslində mövcud olmadığı bilinib. Situasiyalar müxtəlifdir və yenə təkrar edirəm ki, həkimin bilikli olması vəziyyəti dəyişir. Mən tanıdığım həkimlərin hansısa birinin cütlükləri süni mayalanmaya təhrik etdiyini indiyədək görməmişəm, duymamışam.  Təcrübəli və vicdanlı həkimlər bunu etmir. Biz dəfələrlə bildirmişik və yenə təkrar edirik ki, evliliyin ilk ilində təbii hamiləliyin baş verməməsi qadının və ya kişinin sağlamlığında hər hansı problem olduğu anlamına gəlməməlidir. Təəssüf ki, bəzi ailələrdə övladın tez dünyaya gəlməsi adət-ənənəsi və hətta tələbi də qalmaqdadır. Bu da mental xüsusiyyətlərə bağlıdır. Lakin nəzərə alaq ki, müasir düşüncəli gənclərimiz, ailələrimiz var və belə ailələrdə övladın dünyaya gəlişinin gecikməsinə problem kimi yanaşılmır.  Gənclər nə zaman övlad sahibi olmaq barədə özləri qərar verir. Evliliyin ilk ayları təbii hamiləlik baş verməyibsə, bunu problemə çevirmək lazım deyil. Yalnız 1 ildən sonra övlad sahibi olmaq istəyi varsa, amma hamiləlik baş vermirsə, o zaman cütlüklər həkimə müraciət etməlidir. Və bu zaman da kliniki müayinələr nəticəsində nə kimi bir problem olduğu müəyyənləşməli, müalicə təyin edilməli, bunun davamı olaraq da, müalicənin nəticəsinə uyğun olaraq qərar verilə bilər. Təbii hamiləliyin baş verməsinə bir maneə qalmırsa, təbii yolla övlad sahibi olacaqlar, yox əgər, hansısa həlli mümkün olmayan, ya da ananın sağlamlığına zərər verəcək durum ortaya çıxdıqda isə süni mayalanma təklif edilə bilər. 
F.Hüseynzadə qeyd etdi ki, ekstrakorporal (süni) mayalanma  dövlət vəsaiti hesabına həyata keçirilə bilər. Bu barədə bir müddət əvvəl də Milli Məclisdə müzakirə olmuşdu və süni mayalanmanın icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil edilməsi təklifi irəli sürülmüşdü: 

- Süni mayalanmanın icbari tibbi sığorta paketinə daxil edilməsi müsbət addım olardı. Azərbaycan mentalitetində övlad ailənin təməli sayılır. Sonsuzluq problemi ailə dramlarının yaşanmasına, qadın-kişi münasibətlərinin gərginləşməsinə, hətta boşanmalara, ailələrin dağılmasına səbəb olur. Ona görə də dövlətin bu məsələdə ailələrə dəstək olması vacibdir. Ekstrakorporal mayalanma özlüyündə bahalı əməliyyatdır. Molekulyasiya, müxtəlif prosedurlar dərman preparatlarının qiyməti yüksəkdir. Məlumdur ki, hər ailənin buna maddi imkanı çatmır. Sonsuzluq problemi ilə üzləşmiş ailələr həm də bu səbəbdən övlad sahibi ola bilmirlər. Sonsuzluğun müalicəsinin dövlət proqramına salınması, icbari tibbi sığorta zərfinə aid edilməsi bu mənada, həm övlad həsrətində olan ailələrə sevinc bəxş edər, həm də ailələrimizin möhkəmliyinin qorunmasına yardım etmiş olar.