Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Lerikdə sahibkarlara əlverişli biznes mühiti yaradılıb

Sahibkarlara dəstək mexanizmləri təqdim edilir

Ölkə iqtisadiyyatının dayanıqlı inkişafının həm də liberal iqtisadiyyata bağlı olduğu danılmaz faktdır. Elə buna görə də Azərbaycan dövlət siyasətində sahibkarlara dəstək verilməsi, onlara bütün sahələr üzrə münbit şərait yaradılması prioritet təşkil edir. Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin sahibkarlara yardım məqsədilə təşkil etdiyi dəstək mexanizmləri də bu qəbildəndir. KOBİA-nın növbəti dəstək mexanizmi bu dəfə Lerik rayonunda təqdim olunub. Lerikdə keçirilən iqtisadi forumda investisiya imkanları müzakirə edilib, sahibkarlar biznes fəaliyyəti üçün dövlət dəstəyi mexanizmləri, regionun investisiya imkanları barədə məlumatlandırılıblar. Forum Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib.

 Tədbirdə rayonda sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər. Forumda çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində regionların inkişaf etdiyini qeyd edib, Lerikdə sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, o cümlədən biznes fəaliyyəti üçün potensial sahələr barədə məlumat verib. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizin davamlı və dayanıqlı iqtisadi inkişafında regionların rolunun vacib olduğunu vurğulayıb, rayonlarda sahibkarlığın inkişafı, yeni biznes subyektlərinin yaradılması və inkişafına, özünüməşğulluğun təmin edilməsinə Agentlik tərəfindən göstərilən dəstək və həyata keçirilən layihələr barədə danışıb. 

Qeyd olunub ki, sahibkarlıq fəaliyyətinə başlamaq və biznesini inkişaf etdirmək, eləcə də dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA-nın dəstək və xidmətlərindən yararlanmaq istəyən sahibkarlar Agentliyin ölkənin 40-dan çox şəhər və rayonunu əhatə edən KOB dostu ofislərinə, KOB inkişaf mərkəzlərinə müraciət edə bilərlər. Tədbirdə millət vəkili İqbal Məmmədov regionların investisiya potensialının reallaşdırılması tədbirləri barədə fikirlərini bölüşüb. 

Forumda həmçinin KOBİA-nın fəaliyyətinə və Lerik rayonunun kənd icmalarının fəaliyyətinin qiymətləndirilməsi qaydalarına dair videoçarxlar nümayiş olunub. Tədbir çərçivəsində həmçinin, KOBİA-nın, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Məşğulluq Agentliyinin, Sahibkarlığın İnkişafı Fondunun və Dövlət Turizm Agentliyinin nümayəndələri “Lerikdə investisiya imkanları: mövcud potensial və perspektivlər” mövzusunda təqdimatlarla çıxış edərək sahibkarları məlumatlandırıblar, onları maraqlandıran suallar cavablandırılıb. Lənkəran–Astara iqtisadi rayonuna səfər çərçivəsində KOBİA nümayəndələri Masallı Sənaye Məhəlləsində fəaliyyət göstərən "Birlik 3-A" MMC-yə məxsus dərziçilik və xalçaçılıq müəssisəsində olublar. Burada sahibkarlıq fəaliyyəti ilə yanaşı, əlilliyi olan şəxslərə, şəhid və qazi ailələrinin üzvlərinə müvafiq sahə üzrə peşə bilikləri öyrədilir. İndiyədək müəssisə tərəfindən dərziçilik üzrə 19 tələbəyə, xalçaçılıq üzrə isə 23 tələbəyə sertifikatlar verilib. Qeyd edək ki, son illərdə qadın sahibkarların sayında da artım müşahidə edilir. Xüsusən də regionlarda qadınların kiçik və orta bizneslə məşğul olması faktları artır. Ölkədə fəaliyyət göstərən maliyyə strukturlarının sahibkarlığın inkişafına dəstək verməsi alqışlanmalıdır. 
Məsələn, bu günlərdə "Unibank" özünüməşğulluq layihəsi çərçivəsində sahibkarlığa dəstək mexanzmi təqdim edib. Layihə çərçivəsində bank tərəfindən 4 nəfərə “Qadın gözəllik salon” zərfi üzrə avadanlıq verilib. Avadanlıqlar Sumqayıt, Salyan, Tovuz və Ağcabədidə yaşayan vətəndaşlara təqdim edilib. Qeyd edilir ki, "Unibank" 4 ildir həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarının öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təminatında iştirak edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına dəstək olmaqdır.
 
 Kiçik və orta sahibkarlığa dövlət dəstəyinin vacib olduğunu vurğulayan iqtisadçı Əkrəm Həsənov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, özəl şirkətlərin, maliyyə korparasiyalarının bu işə qoşulması daha da müsbət nəticələrə səbəb olur:

- Yaxşı haldır ki, KOBİA belə birgə tədbirlər təşkil edir və sahibkarlara yardım mexanizmləri təklif edirlər. Sahibkarlıq elə bir sahədir ki, burada dövlət dəstəyi mütləqdir. Çünki sahibkarlığa başlayanın maliyyə imkanları məhdud ola bilər. Əlaqələrin qurulması, istehsal, satış, idxal, ixrac məsələlərində dövlət müəssisələrinin imkanları ilə fərdi sahibkarlıq subyektlərinin imkanları eyni ola bilməz. Ona görə də dövlət dəstəyi lazımdır ki, sahibkarlıq da inkişaf etsin, qeyri-dövlət sektoru ölkə iqtisadiyyatına töhfəsini verə bilsin.
 
 Ə.Həsənov qeyd etdi ki, bu cür tədbirlərin regionlarda təşkil olunması daha münasibdir:

- Regionlarda kiçik sahibkarlığın inkişafı üçün münbit şərait var. İmkanlar orada daha çoxdur. Hər bir regionun xüsusiyyətinə, mövcud vasitələrə uyğun iş qurmaq mümkündür. Qadınlar üçün tikiş sexləri, gözəllik salonları, xalçaçılıq, əl sənəti nümunələrinin hazırlanması, kulinariya və sair sahələr üzrə fərdi sahibkarlıq obyektləri təşkil etmək olar. Ailə təsərrüfatlarının yaradılması ən çox arzuolunandır. Xarici ölkələrdə ailələr şəxsi təsərrüfatlarını yaradır və yaxşı da qazanc əldə edirlər. Amma yenə də dövlət dəstəyi önəmlidir. Avadanlıqların verilməsi, maliyyə yardımı, güzəştli və uzunmüddətli kreditlər dəstək vasitələrinə aiddir. Sahibkara dəyəcək zərərin qarşılanması da həmçinin. Dövlətin zərəri qarşılaması sahibkarı ruhlandırır, inamını artırır. Sahibkar arxasında dövlətin dəstəyini hiss etməlidir. Belə olan halda yeni bir işə başlamaqdan çəkinməyəcək, gəlir əldə etmək üçün çalışacaq və kreativ düşünəcək.