ABŞ öz vətəndaşlarını Belarusu "dərhal tərk etməyə" çağırır


ABŞ-ın Minskdəki səfirliyi öz vətəndaşlarına “Belarusiyanı tərk edin” çağırışı edib.

Sherg.az xarici KIV-lərə istinadən xəbər verir ki, Minsk səfirliyindən verilən yazılı açıqlamada Litvanın Belarusla bəzi sərhəd keçid məntəqələrini bağlamaq qərarına gəldiyi xatırladılıb.

Belarusla qonşu olan digər Avropa ölkələrinin də oxşar qərarlar ala biləcəyinə diqqət çəkən açıqlamada, “Polşa, Litva və Latviya hökumətləri Belarusla daha çox sərhəd keçidinin bağlanmasının mümkün olduğunu bildirdilər. Belarusdakı ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər” deyilir.

Bəyanatda həmçinin ABŞ vətəndaşlarına Belarusa səfər etməmələri ilə bağlı xəbərdarlıq edilib və ABŞ-ın Minskdəki səfirliyinin ölkədəki ABŞ vətəndaşlarına göstərə biləcəyi yardımın məhdud olduğuna diqqət çəkilib.

Bəyanatda ABŞ vətəndaşlarına Rusiya və Ukraynaya səfər etməmək barədə xəbərdarlıq da yer alıb.