İranda narazılıq dalğası: Tehran qurtuluş yolu axtarır - ŞƏRH


“İran-Azərbaycan-Türkiyə formatı yaradılarsa belə, həm qardaş Türkiyə, həm də biz çomağı əldən qoymamalıyıq”

  İran Azərbaycan-Ermənistan sülh sazişindən siyasi və iqtisadi cəhətdən faydalanmaq istəyir.
  Bu fikirləri AZƏRTAC-a türkiyəli politoloq Engin Özer İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın bu yaxınlarda türkiyəli həmkarı Hakan Fidan ilə Tehranda keçirdiyi birgə mətbuat konfransında səsləndirdiyi bəyanatları şərh edərkən deyib. Xüsusən İran XİN-in başçısı İran-Azərbaycan-Türkiyə formatının yaradılması ideyasını dəstəkləyib, Bakı ilə İrəvan arasında dialoqu alqışlayıb və bildirib ki, “Qafqazda gərginlik sona çatıb və sülh erası başlayıb”.
  Engin Özer qeyd edib: “Səmimi arzularla yanaşı, diplomatik manevrlər də var. Zənnimcə, Abdullahianın bəyanatlarında bunların hər ikisi mövcuddur”.
  Onun sözlərinə görə, İran ilə Azərbaycan arasında ən böyük fikir ayrılığı Zəngəzur dəhlizi ilə bağlıdır. Eyni zamanda Ermənistan və İran Gürcüstan, xüsusən tanınmamış Abxaziya ərazisindən Rusiya yüklərini qəbul etmək istəyir. Bu məsələ fəal şəkildə müzakirə olunur. “Güman edirəm ki, tezliklə həyata keçiriləcək Zəngəzur dəhlizi layihəsi reallaşsa, Tehran hər şeydən əvvəl, Gürcüstan dəmir yollarından hansısa balanslaşdırma tələb edəcək”, - deyə o əlavə edib.
  İran-Azərbaycan-Türkiyə formatının yaradılması ideyasına gəldikdə isə Engin Özerin fikrincə, bu, hazırkı məqamda real deyil. İlk növbədə ona görə ki, Ankara ilə Tehran arasında Suriya məsələsində yüksək gərginlik mövcuddur. Gələcəkdə Zəngəzur dəhlizinin açılmasından sonra həmin formatın aktivləşməsi regionda təhlükəsizliyi təmin etmək baxımından mütləq lazımdır.
  Ekspert sonda deyib: “Hazırkı məqamda İranın iqtisadi böhrandan tutmuş hökumət əleyhinə etirazlara qədər kifayət qədər böyük problemləri var. Bəli, indi etirazlar bir az səngiyib, lakin istənilən an yeni vüsətlə alovlana bilər. Burada Azərbaycan XİN-in mövqeyindən də çox şey asılıdır. Hər iki tərəf təmkin nümayiş etdirməlidir. Tunelin sonunda işıq görünür və İran bunu başa düşür. Tehran həm də anlayır ki, İran və Ermənistanın hər hansı təxribatı pis nəticələr verə bilər”.
  Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən politoloq Natiq Miri bildirib ki, İran indi iqtisadi böhran içərİsindədir. Ölkənin iqtisadi çətinliklər yaşadığı bir dövrdə qonşu ölkələri Azərbaycan və Türkiyənin vasitəsilə iqtisadi böhrandan çıxmağa çalışması normal haldır. İran nümayəndələri hər fürsətdə bunu dilə gətirir:

“Buna paralel olaraq regionda kommunikasiya əlaqələrinin, xüsusilə də Zəngəzur dəhlizinin açılması məsələsinə əngəl törədən ən qabaqcıl ölkələrdən biri İrandır. Bir tərəfdən iqtisadi böhrandan qaçmağa yollarını axtaran İran özü yeni kommunikasiya vasitələrinin açılmasına dirəniş göstərir. Bir yandan həm Azərbaycana, həm də Türkiyəyə qarşı düşmənçilik mövqeyini ortaya qoyan İran, digər yandan hər fürsətdə iqtisadi münasibətlərdən danışır”.
  Politoloq qeyd edib ki, İran hər zamankı kimi yenə də səmimi deyil. Onlar hələ də ərazisindən Ermənistana silah daşınmasına icazə verir. Dostluqdan, qardaşlıqdan danışan ölkə öz ərazisindən düşmən ölkəyə silah daşınmasına icazə verməz. Onlar yalnız bununla da kifayətlənmir, tətikləyici rol oynamaqda davam edirlər. Ona görə də İranın səmimiyyətinə inanmıram: “Türkiyə və İran arasında da Suriya ərazisi ilə bağlı müəyyən fikir ayrılıqları mövcuddur. İran Türkiyə qoşunlarının Suriyanın şimalını tərk etməli olduqlarını düşünür. Amma Türkiyə Suriya məsələsində hüquqdan kənar çıxışlar etmir. Bildiyimiz kimi, 1995-ci ildə Türkiyə və Suriya arasında Adana müqaviləsi bağlanılıb. Bu müqaviləyə görə, Türkiyə dövləti Suriya ərazisində terror təhlükəsi ilə üzləşərsə, onlar bölgədə hərbi əməliyyatlar keçirə bilər. İran bu mövzuda da yenidən haqsız olan tərəfdir. Bu günlərdə Suriyada stabilliyin pozulmasında, terrorçuların maliyyələşdirilməsində əhəmiyyətli şəkildə iştirak edən dövlətlərdən biri də İrandır. Düşünürəm ki, İran-Azərbaycan-Türkiyə formatı yaradılarsa, həm qardaş Türkiyə, həm də biz çomağı əldən qoymamalıyıq. Hazırda İran türk dövlətlərinin regionda güclənməsindən çox narahatdır. Belə xoşagəlməz niyyətlər varsa, hansı üçlü formatdan danışmaq olar? Öncə niyyət düzgün olmalıdır. Çünki niyyətin hara, mənzilin də ora“.