Naxçıvanı idarə edən Ali Məclisin sədridir, Fuad Nəcəfli iş görə bilmir

Hesablama Palatası Naxçıvan Dövlət Universitetində audit aparıb.
Auditin nəticələrinə əsasən Naxçıvan Dövlət Universitetində bir sıra qanunsuzluqlar və qayda pozuntularına rast gəlinib. 
Naxçıvan Muxtar Respublikasındakı son vəziyyətlə bağlı “Sherg.az”a danışan tanınmış jurnalist, “Ovqat.com” saytının baş redaktoru Heydər Oğuz bildirib ki,  Naxçıvan Dövlət Universiteti islahatlardan əvvəl Vasif  Talıbovun oğlu Seymur Talıbovun nəzarətində idi:
“Seymur Talıbov oranın prorektoru idi. Əlbəttə, oranın rektorunun da burada baş verən qanunsuzluqlarda rolu böyükdür. Ancaq oranı idarə edən Seymur Talıbov idi. Atası bütün ixtiyarı ona vermişdi. Oda ərköyün bir uşaq idi. O, özünü idarə edəcək ağla belə sahib deyildi. Hətta bu səbəbdən atası onun Naxçıvandan kənara çıxışına icazə vermirdi. O, Naxçıvanda at oynadırdı. Rüşvətxorun biri idi”.

Jurnalist qeyd edib ki, ümumiyyətlə Naxçıvan Dövlət Universiteti Seymur Talıbovun qanunsuzluq məkanına çevrilmişdi: 

“Orada hələ ki, yalnız yeyintilər aşkarlanıb. Amma orada başqa  dəhşətli cinayətlər də baş verib. Yəqin ki, aidiyyatı qurumlar bu məsələləri araşdıracaqlar. Orada milli təhlükəsizliyimizlə bağlı çox ciddi problemlər törədilirdi. Hətta 10 il bundan öncə müxtəlif mətbuat orqanların da çıxan xəbərlərə görə PKK terrorçuları Naxçıvan Dövlət Universitetində təşkilatlanırmış”. 

H.Oğuz vurğulayıb ki, Naxçıvanın köklü islahatlara ehtiyacı var. İlk öncə Naxçıvanın status müəyyənləşdirilməlidir: 

 “Hazırki vəziyyətdə Naxçıvanın muxtar statusu götürülməlidir. Bu baş verərsə, çox daşlar yerində oturacaq. İndi ora Fuad Nəcəflini təyin ediblər. Prezidentin səlahiyyətli nümayəndəsinin isə fəaliyyəti məhdudlaşdırılıb. Fuad Nəcəflinin heç bir səlahiyyəti yoxdur. Hazırda Naxçıvanı idarə edən Ali Məclisin sədridir. Vladmir Leninin  “arabanın 5-ci təkəri” deyə məhşur bir sözü  var. Arabanın hərəkəti üçün 4 təkər kifayət edirsə, 5-ci təkərə ehtiyyac yoxdur. Fuad Nəcəfli  Naxçıvanda arabanın 5-ci təkəri rolunu oynayır”.
“Fuad Nəcəfli Şahbuzdandır və yanında formalaşdırdığı komanda Şahbuzdandır. O, öz yerlilərini yanına yığmaqla məşğuldur. Naxçıvanda yaşayan əhali tərəfindən bu hal birmənalı qarşılanmır və narazılıqlara səbəb olur. Burada hələ görüləcək çox işlər var”- deyə jurnalist bildirib.