Sentyabrın 11-i saat 01:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri təxribat törədiblər. Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.
Ordumuzun bölmələrinin gördüyü tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.
Ermənistan tərəfinini növbəti təxribatını "Sherg.az"a şərh edən hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, gərginlik həm şərti, həm də Qarabağın perimetri üzrə təmas vəziyyətində davam edir:
"Atəşkəsin pozulması sentyabr ayının 1-dən başlayaraq statistik olaraq artaraq gedir. Ermənistan bizimlə şərti sərhəddə olan birinci hərbi eşalon korpuslarını, hərbi-texniki parkını gücləndirir. Artıq "Smerç" Yaylım Atəşli Reaktiv Sistemlərini atəş mövqeyinə çıxardır. Bununla mümkün ola biləcək təxribatların da siqnallarını verir. Çünki onların ön xəttə cəlb etdiyi silahların müdafiə məqsədilə olmadığını yaxşı bilirik. Məsələn, "Smerç" Yaylım Atəşli Reaktiv Sistemlərinin raketləri 70 km qədər məsafəyə zərbə endirə bilən hərbi-texniki avadanlıqdır. Ermənistan bizim ərazilərimizin dərinlikdəki strateji hərbi obyektlərinə zərbə endirmək niyyəti ilə bunu edir. Separatçı rejim də Qarabağda aktivliyi artırıb. Bu gün Ağdam istiqamətində yeni qurğuların hazırlanmasının qarşısı Silahlı Qüvvələr tərəfindən alındı. İnteqrasiya etməmək və Ağdam istiqamətində hümanitar yüklərin qəbul olunmaması üzrə mənfi mesajlar səsləndirlər. Azərbaycanın hər dəfə dediyi kimi mövcud ola biləcək xüsusi hərbi antiterror əməliyyatın keçirilməsi də qırmızı xəttlərimiz üzərinədir. Yəni Qarabağda 10 minə yaxın qeyri-qanuni birləşmələr var və hələ də çıxarılmayıb. Onların ya özləri silahsızlaşdırılmaldır, ya da Azərbaycan tərəfi bunu həyata keçirməlidir. Ona görə də bütün istiqamətlərdə gərginlik hiss edilir. Ermənistan bu vəziyyəti minimuma endirə bilərdi. Amma bunu da etmək istəmir. Əksinə Azərbaycanın Qarabağ üzərindən daxili işlərinə qarışmaq yönündə mesajlar verir və Qarabağdakı qeyri-qanuni birləşmələri maliyyələşdirir. Ermənistanın maliyyəsi olmasa, onlar orada uzun müddət davam gətirə bilməz. Ona görə də, sentyabr çox gərgin bir ay olacaq".