Professor deputatla razılaşmadı: Matəm günləri çıxarılmasın!

Milli Məclisdə matəm günlərinin təqvimdən çıxarılması təklif olunub.                                                 

“Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa parlamentin payız sessiyasının oktyabrın 2-də keçirilən ilk plenar iclasında çıxış edib.

Deputat təklif edib ki, təqvimdən bütün matəm günləri çıxarılsın: “Qalib dövlətin ancaq qələbə günləri olmalıdır. Matəm günlərinin təqvimdən çıxarılmasına baxılmalıdır”.                                                    

Məsələ ilə bağlı “Sherg.az”a danışan BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli təqvimdən matəm günlərinin çıxarılmasını düzgün hesab etmədiyini bildirib:                                                                                                                                                        
“İstər matəm, istərsə də bayram günləri həmin dövlətin  tarixinə aiddir. Həmçinin bugünkü  əlamətdar olan hadisələri özündə əks etdirir. Bu günlərin qeyd olunması vətandaşların, cəmiyyətə, topluma həmin hadisələri bir daha xatırladır. Həmin hadisələri unutdurmur. Ona görə də bu tarixlərin təqvimdən çıxarılma məsələsini düzgün hesab etmirəm. Milli Məclis nəzərdən keçirə bilər ki, əsas hadisələri özündə əks etdirən önəmli günlər saxlanılsın. Düşünürəm ki, bu təklif cəmiyyətdə ruh düşkünlüyü yaranmasın deyə irəli sürülüb. Qeyri-iş günləri sayılmaması üçün bu mövzuya baxıla bilər. Ancaq təqvimdə matəm günləri saxlanılmalıdır. Çünki  Azərbaycan xalqının, tariximizin qan yaddaşıdır”.