Evdə saxlanılan silahlar təhvil veriləcək? - RƏY

DİN-in çağırışı təqdirəlayiq haldır

“İnsanlar inansalar ki, onları sonradan bu səbəblə sorğu-sual etməyəcəklər, silahları təhvil verərlər. Bu həm də, odlu silahla törədilən cinayətlərin azalmasına gətirib çıxaracaq”

  Daxili İşlər Nazirliyi (DİN) vətəndaşları qanunsuz saxlanılan odlu silahları təhvil verməyə çağırıb.
Bu barədə Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib. O qeyd edib ki, əgər vətəndaşda döyüş silahı varsa, o silah hansısa cinayətdə istifadə olunacaq. "Əgər istifadə olunma ehtimalı yoxdursa, o silah onun nəyinə lazımdır? Ona görə də qanunsuz saxlanılan odlu silah kimdə varsa, təhvil verilməlidir. Könüllü veriləcəyi təqdirdə cəza təhdidi yaranmır. Başqa sözlə, könüllü təhvil verilsə, DİN həmin şəxsə təşəkkür edəcək", - E.Hacıyev bildirib.
  DİN-in mətbuat katibi daha sonra isə sosial şəbəkə hesabında bəzi vətəndaşların artıq qanunsuz silahlarını polisə təhvil verməsindən yazıb: Çağırışımız müsbət tendensiyaya çevrilir. Profilaktik tədbirlər nəticə verməkdədir. Odlu silahlar və partlayıcılar könüllü olaraq polisə təhvil verilir.
  Söz verdiyimiz kimi, döyüş silah-sursatını könüllü təhvil ver və biz də təşəkkür edək. Bu baş verdi. Xətai rayonunda vətəndaşlardan biri 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd daraq, 108 ədəd müxtəlif çaplı patron, 3 ədəd əl qumbarası və 5 ədəd alışqanı təhvil verib.
Babək rayon sakini 1 ədəd “AK-74” markalı avtomat silahı, 131 ədəd patron və 4 ədəd patron darağını könüllü olaraq Naxçıvan Şəhər Polis İdarəsinə;
 Şəmkir rayonunda iki nəfər qanunsuz saxladığı “İJ” və “TOZ-63” markalı tüfənglərini könüllü olaraq Şəmkir Rayon Polis Şöbəsinə;
 Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat üzrə 1 ədəd RQD-5 qumbarası, 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngini təhvil götürüblər”.
  Qeyd edək ki, sözügedən mövzu istiqamətində aparılan müzakirələrdə “Qanunsuz silahları təhvil verən vətəndaş niyə cinayət məsuliyyətinə cəlb olunmayıb" kimi suallar verilib.
  Şair-publisist, jurnalist Bahəddin Həzi də sözügedən mövzuya laqeyd qalmayıb. O deyib ki, qanun baxımından bu kimi sualların verilməsi haqlı irad ola bilər. Çünki Cinayət Məcəlləsində bununla bağlı ayrıca maddə var. 228-ci maddə. Bu silahları nəinki əldə etmək, saxlamaq, gəzdirmək, daşımaq, başqasına vermək cinayət əməlidir, ciddi sanksiyası da var: “Ancaq məsələ bundadır ki, əgər dövlət orqanı - konkret halda Daxili İşlər Nazirliyi əhaliyə belə bir çağırış edirsə, yəni: "Silahları könüllü təhvil verənlər cəzadan azaddır" deyirsə, bu, dövlətin, dövlət adından qanunla verilmiş sözdür. Dövlət vətəndaşına söz verirsə, onu düşünüb-daşınıb, ölçüb-biçib verir. Bu sözə əməl etməsə, dövlət ciddiyyəti zədələnər. Dövlətin isə ən əsas resurslarından biri onun ciddiyyətidir. Sən bir söz verirsən, əvəzində vətəndaş gətirib silahı təhvil verirsə, tərəziyə qoyaq: o vətəndaşı həbs edib, gündə üç dəfə yemək verək, yoxsa günün birində hansısa qətldə, qarətdə, quldurluqda, hətta terrorçuluq əməlində istifafə oluna biləcək silahı vətəndaşdan alaq?! Bu məntiqlə qanunda - 228-ci maddənin qeyd hissəsində dövlət silahı könüllü təhvil verən şəxsi cəzadan azad edib. Yəni bu, qanuni addımdır”.
  B.Həzinin fikrincə, silahı vətəndaşdan almaq ictimai və dövlət marağı baxımından daha əhəmiyyətlidir. Məsələn, ölkənin siyasi rəhbərliyi Qarabağdakı qanunsuz, terrorçu dəstələrə vəd verdi: "Kim silahı könüllü yerə qoyub, təslim olsa, ona toxunmayacağıq". Ordakı həmin o silahlı erməni ünsürləri də Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını ən ağır şəkildə - bu silah təhvil verən vətəndaşdan çox-çox ağır formada pozmuşdular. Dövlət yenə tərəziyə qoydu, gördü ki, onların silahı yerə qoyması daha ağır basır, daha üstündür. Yoxsa Azərbaycan Ordusunun, polisinin, təhlükəsizlik orqanlarının gücü çatırdı ki, onları tamamilə məhv etsin. Bu, uzun zaman çəkərdi, həm siyasi baxımdan, həm iqtisadi, həm hərbi itkilər baxımından məqbul deyildi. İtirilən hər əsgər və zabit ağır itkidir. Bir nəfər də olsa, daha çox itki vermək istəmədik. Bu, doğru qərar idi. Eynilə bu silah təhvil verilməsi çağırışı da eləcə. Elşad Hacıyevin paylaşımını görəndə, bunun nəticəsinin necə olacağı mənə çox maraqlı gəldi. Ümid edirəm, bu, geniş vüsət alar - qanunsuz silah saxlayan hər kəs o silahları təhvil verər. "Xidməti və mülki silah haqqında" qanunauyğun olaraq silah əldə edən və gəzdirən şəxslərə aid deyil bu. Burada məni narahat edən odur ki, biz DİN-in çağırışından sonra qanunsuz saxladığı silahı təhvil verməklə yaxşı nümunə göstərmiş vətəndaşın cinayət məsuliyyətinə cəlb edilməsini tələb etsək, o zaman başqa vətəndaşlar da çəkinər, ehtiyat edər, bu addımı atmaz. Bilirsiniz, bir var qanunilik imperativi, bir var effektivlik imperativi. Dövlət lazım bildikdə - ölkənin, əhalinin maraq və mənafeləri, xüsusilə, təhlükəsizliyinin təmin olunması məqsədi tələb edəndə, bu iki imperativ arasında ikincinin xeyrinə seçim edir. Yaxud qanunlara dəyişiklik, düzəliş, əlavə edilməsini, hətta yeni, daha fərqli qanun qəbul edilməsini biz qüvvədə olan qanunun pozulması kimi qiymətləndirə bilərikmi?! Əlbəttə, yox! Çünki cəmiyyətdə formalaşmış yeni ictimai reallıqlar və münasibətlər, əhalinin, dövlətin maraq və mənafeləri bunu mümkün, hətta tələb edir. Bu məsələ də eynilə o qəbildəndir. Dövlətin aidiyyəti qurumları, o cümlədən və xüsusilə, Daxili İşlər Nazirliyinin ictimai asayişin qorunmasına cavabdeh orqan olaraq qanunsuz silahların yığılması üçün qanunla hər cür səlahiyyəti də, resursu da var. O cümlədən, məcburetmə səlahiyyəti. Odur ki, qanunsuz silahları təhvil verənləri təşvişə salmayaq. Əksinə, bunu təqdir və təşviq etmək lazımdır”.
  Məsələ ilə bağlı “Sherg.az"a danışan təhlükəsizlik eksperti Elmar Nurəliyev isə deyib ki, qanunsuz odlu silahların əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağandır və cinayət məsuliyyəti yaradır: 

“Evdə, iş yerində silah saxlamaq, avtomobildə, üzərində gəzdirmək yolverilməzdir.
  Cinayət Məcəlləsinin 228-ci maddəsinə əsasən, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə qanunla qadağan olunur”.
  Ekspertin fikrincə, rəsmi icazəli silah sahibləri də öz məsuliyyətini dərk etməlidir: “Silahı evdə açıq-aşkar formada saxlamaq təhlükəsizlik baxımından yolverilməzdir. Silahı xüsusi metal qutuda saxlamaq lazımdır. Silahın saxlandığı seyfin qalınlığı 3 mm, kilidləri isə iki dənədən az olmamalı və silah evdə xüsusi ayrılmış yerdə və boş halda saxlanılmalıdır.
  Silah olan yerdə istiliyin, yanğına qarşı tez alışan, tez alovlanan maddələrin olmamasına diqqət edilməlidir. Silahın özü sahibi üçün əlavə məsuliyyət yaradır. Sizdə silahın olması pis niyyətli adamların öz əməllərini icra etmək üçün sizin evinizə qanunsuz daxil ola bilmək ehtimalı yaradar, özünüz və ailənizin təhlükəsizliyini təhdid altına atar. Ən başlıcası isə silah evdə uşağın əlinə keçə bilər və bədbəxt hadisəyə səbəb olar. Silahı mənzildə düzgün təhlükəsizlik qaydalarına uyğun formada saxlayarsa, heç bir bədbəxt hadisə baş verməz”.
  DİN-in çağırışına gəldikdə isə E.Nurəliyev deyib ki, hüquq- mühafizə orqanlarının bu aksiyası təqdirəlayiq haldır: “İnsanlar inansalar ki, onları sonradan bu səbəbə görə sorğu-sual etməyəcəklər, silahları təhvil verərlər. Bu həm də, odlu silahla törədilən cinayətlərin azalmasına gətirib çıxarar. İnsanlar evlərində olan qanunsuz silahları sadəcə maraq üçün saxlasalar belə, misal var: silah varsa, o nə vaxtsa açılacaq”.