Bakıda tramvay xətləri yaradılacaq? - ŞƏRH

Qaçılmazdır...

İctimai nəqliyyatın şaxələnməsinə, yeni nəqliyyat sisteminin yaradılmasına ehtiyac var

  Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında tramvay və metrobus ictimai nəqliyyat növlərinin yaradılması barədə məlumat yayılıb.
  Bildirilib ki, mövcud metro nəqliyyatı sistemi yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək. Lakin metronun tikinti xərclərinin yüksək olması və tikinti işlərinin gec icra olunması yalnız şəhərətrafı ərazilərdə deyil, eyni zamanda şəhər daxilində də tamamlayıcı ictimai nəqliyyat sistemlərinin tətbiqini şərtləndirir. Xərclər və icra müddəti baxımından ən perspektivli alternativ - dəmiryol şəbəkəsinin yenidən qurulması və şəhər daxilində genişləndirilməsidir. Hazırda şəhər ərazisində çoxlu sayda istifadə olunmayan dəmiryol təhkim zolağı və istifadə olunmayan yük xətləri var. Qeyd olunan infrastruktur yenidən aktivləşdirilə və daha səmərəli istifadə oluna bilər.
  Tramvay-elektrik qatarı sisteminin tətbiqində mövcud və yenidən qurulan dəmiryol infrastrukturunun imkanlarından istifadə oluna bilər, həmçinin sürətli tramvay nəqliyyatı (STN) infrastrukturunun genişlənməsi imkanı yarana bilər.
  REAL partiyasının sədri İlqar Məmmədov isə sosial media hesabında qeyd edib ki, nə indi, nə də gələcəkdə tonlarla poladı əridib yola sərməyin bir mənası var:

“Xüsusi boya ilə yola "rels" çək və ağıllı kamera quraşdırılmış nəqliyyat vasitəsini bu xətlə burax, olsun sənin üçün tramvay. Tramvay XIX-XX əsrin texnologiyasıdır. Əgər hanısa ölkədə onun istehsal infrastrukturu oturuşubsa, həmin ölkədə onu hələ də yaşatmağın mənası var. Mühəndislər, ağır sənaye, polad, mis, vaqon istehsalı və s. müəssisələri, üstəgəl, 100 illik tramvaylı şəhər vərdişləri tramvayı Almaniyada, Fransada, Rusiyada yaşatmağı mənalı edir.
Bu infrastrukturu Azərbaycan sıfırdan yaradacaqsa, bu həm dediyim təzə texnologiyalardan dəfələrlə baha başa gələcək, həm də ölkəmizi bu sahədə ixtisaslaşan xarici şirkətlərdən asılı vəziyyətə gətirəcək”.
  Nəqliyyat eksperti Eldəniz Cəfərov isə “Sherg.az"a açıqlamasında tramvay xətlərinin yaradılmasının real olduğunu və buna ehtiyac olduğunu deyib.
Onun sözlərinə görə, tramvay xətlərinin yaradılması ictimai nəqliyyatın şaxələnməsinə gətirib çıxaracaq: "Əhali sayı artdıqca sıxlıq yaranır. Bu zaman da içtimai nəqliyyatın öhdəsinə böyük yük düşür. Təəssuf ki, şəhərdə ictimai nəqliyyat avobus və metrodan ibarətdir, çoxşaxəli deyil. İctimai nəqliyyatın şaxələnməsinə, yeni nəqliyyat sisteminin yaradılmasına ehtiyac var. Bunlardan biri tramvay ola bilər. İstər sadə, istər sürətli tramvay xətlərinin çəkilməsinə ehtiyac var. Tramvay dəmiryolu xətti üzərində olduğu üçün maneəsiz hərəkət edir. Bir nöqtədən digər nöqtəyə gedən sərnişinlər rahat və vaxtında gedib çata bilirlər.
  Tramvay xətləri sadəcə dekorasiya naminə, yəni turistlərin fonunda şəkil çəkdirməsi üçün deyil. Rentabelli və keyfiyyətli sərnişindaşıma həyata keçirə bilən, real ictimai nəqliyyat kimi çalışmalıdır".