Zəncirin zəif halqası Nia Qurbanovadır...

"İntihara doğru qovalanma"

“Bu adamlar cəmiyyətə hər hansı fayda vermədikləri kimi cəmiyyət də onlara münasibətdə sağlam mövqe sərgiləmir. Onlara münasibətdə şəxsi həyata müdaxilə cəhdi aşkar sezilir”

  Ölkənin sosial media gündəmini məşhur tiktokerlər zəbt edib.
Furkan Ağluç adlı türkiyəli gənclə nişanlanmış azərbaycanlı sosial media fenomeni Nia Qurbanovanın videobloger Sabir Samiroğlu ilə birlikdə çəkilmiş görüntüləri həftəsonundan bəri əsas paylaşım mövzusudur.
  Mövzu hətta Türkiyə mediasına da çıxıb. Bloger Sabir Samiroğlu tiktoker Nia Qurbanova ilə yayılan görüntülərinə aydınlıq gətirib.
O, açıqlamasında bildirib ki, görüntülər uzun müddət öncəyə aiddir. Həmin vaxt Nianın türk bloger Furkanla münasibətləri olmayıb:
“Biz uzun zamandır Nia ilə tanışıq. Təbii ki, bizim aramızda müəyyən qığılcım olmuşdu. Biz bir münasibətə başlaya bilərdik. Sadəcə gördük ki, bizdə alınmır. Biz bu söhbəti yekunlaşdırdıq. Başlamadan, hər şey bitdi. Biz söz vermişdik ki, bu münasibət ikimizin arasında qalsın. O zaman Nianın həyatında heç kim yox idi. Hansısa bir liftdə çəkilən şəxsi görüntülərin yayılması ilə bağlı ayrıca məşğul olunacaq”.
Sözügedən videodan sonra Furkan Ağluç Nia Qurbanovadan nişan üzüyünü geri qaytarmasını tələb edib.
  "Sherg.az"a danışan kriminalist-ekspert İlqar Altay isə hesab edir ki, bu mövzunun müzakirəsi "intihara doğru qovalanma" təsiri bağışlayır.
Bu məsələdə zəncirin zəif halqasının məhz N.Qurbanova olduğunu vurğulayan kriminalist cəmiyyətin onun üzərinə getməsinin, bütün günahı onda görməsinin xoşagəlməz nəticələri olacağını güman edir:
"Bizim cəmiyyət belə amansız deyildi. Nə olub?! Qızı tanımıram, görməmişəm, haqqında heç eşitməmişəm, son günlər ətrafındakı isterik bir ictimai səs-küydən azacıq maraqlandım, nədir, nə olub? Nə məsələdir, Kənan-M, Çoban, filan?
Aydındır! Bu qız, zəncirin zəif halqasıdır. Yəni demək ki, məhvə məhkumdur. Çünki hər tərəf, aidiyyəti olanlar və olmayanlar, böyüklü-kiçikli, qadınlı-uşaqlı, bığıburma erkəkli bu 30 kiloluq qızcığazın üzərinə gedəcək, onun ruhən əzab çəkməsindən həzz alma ehtirası ilə əzəcək. Ta ki bu qız intihar edənəcən. Ona bu yolu qoyub, bizim bu cəmiyyətdə bərkimiş adət: zəifdi vur! Neçənci nəfərdir ki, son ayları, sıxılır, intiharda tapır çıxış yolunu.
Videonu münasib bilmədim, ancaq söyüş filan etmir. Kimsəsiz, arxasız olub, səhvi olub, araya, ortaya salınıb oynadılıb, aldadılıb... Qovrularaq etiraf edir. Yəqin, söyüşcül səsli-çığırtılı həyasız üzcıran olsaydı, bu günə də düşməzdi, hər kəs çəkinər aldadıb əzməzdi, televiziyalarda da yeri vardı" .
  "Yenisabah.az" saytının baş redaktoru, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə isə "Sherg.az"a açıqlamasında Azərbaycanda sosial şəbəkələrin sürətlə enerji qəbiristanlığına çevrildiyini böyük təəssüf hissi ilə qeyd edib. Tiktokun isə xüsusilə fərqləndiyini vurğulayan S.Verdizadəyə görə, son zamanlar tiktokla bağlı narazılığın artması da ilk növbədə bu amillə bağlıdır:
 "Tiktok "qəhrəmanları"nın həyatı məni maraqlandırmır. Hər kəs öz davranışında sərbəstdir. Amma bir şərtlə ki, onun davranışı cəmiyyətə zərər vurmasın. Gənclərə pis nümunə olmasın.
  Sözügedən məsələyə - Nia-Sabir-Furkan üçbucağına da bu kontekstdən yanaşmaq lazımdır. Bu adamlar cəmiyyətə hər hansı fayda vermədikləri kimi cəmiyyət də onlara münasibətdə sağlam mövqe sərgiləmir. Onlara münasibətdə şəxsi həyata müdaxilə cəhdi aşkar sezilir. Məncə, bu, yersizdir. Başqalarının həyatına bu qədər çox maraq göstərməyimizə ehtiyac və lüzum yoxdur. Biz elmin, texnologiyanın hökmran olduğu bir cəmiyyətdə yaşayırıq. Düşünürəm ki, internet əsrində daha faydalı işlərlə məşğul olmaq lazımdır".