Qazaxıstan və Ukrayna prezidentlərinin telefon danışığı olub

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

APA-nın Mərkəzi Asiya bürosu Qazaxıstan Prezident Administrasiyasına istinadən xəbər verir ki, telefon danışığı Ukrayna tərəfinin təşəbbüsü ilə baş tutub.

Zelenski Qazaxıstan ictimai təşkilatlarının xətti ilə Ukraynaya humanitar yardım göstərildiyinə görə Tokayevə minnətdarlığını bildirib.

O, həmçinin Davosda "sülh formulu" üzrə 80-dən çox dövlətin nümayəndələrinin son görüşünün yekunları və İsveçrədə növbəti qlobal sammitə hazırlıq barədə ətraflı məlumat verib.

Qazaxıstan və Ukrayna liderləri ikitərəfli humanitar və ticari-iqtisadi əlaqələrin inkişafı məsələlərini də müzakirə ediblər.