Tələbə Gənclər 7 fevral 2024-cü il tarixində reallaşan növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini müşahidə edir

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) fəalları davam edən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində müşahidəçi qismində iştirak edirlər.
Azərbaycanın bütün şəhər və rayonlarında vətəndaşlarımızın böyük coşqu ilə səs verməyə getdikləri builki Prezident seçkiləri tarixə ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunmuş Azərbaycanda keçirilən ilk Prezident seçkiləri kimi düşəcək. Bu mühüm hadisədə ATGTİ də seçki qanunvericiliyindən irəli gələn hüquqları çərçivəsində fəal iştirak edir. Ölkənin demək olar ki, bütün seçki dairələrində çoxlu sayda seçki məntəqəsində tələbə gənclər seçkiləri müşahidə edirlər.
Seçicilərin iradəsini azad və sərbəst bildirməsinə maneçilik törətmədən səsvermə prosesini müşahidə edən tələbə gənclər, həmçinin seçki şəffaflığına da nəzarət edirlər. 
Qeyd edək ki, tələbə gənclər yalnız paytaxtımızda və ətraf bölgələrdə deyil, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də aparılan seçki prosesini müşahidə edirlər.