Ləngər vuran təyyarələr artdı

Bir həftədə 12 nəfər yaralandı

  Hava nəqliyyatında turbulans – çalxantı adlandırılan hal son zamanlar tez-tez baş verir. Bu günlərdə turbulans hadisəsinə daha biri əlavə olunub. “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Doha-Dublin reysi ilə uçan Qətər Hava Yollarına məxsus sərnişin təyyarəsində 12 nəfər bu hadisə səbəbiylə yaralanıb. Son 1 həftə ərzində turbulans hadisəsi daha bir neçə aviareyslər zamanı baş verib. London-Sinqapur səfərini həyat keçirən təyyarədə də çalxalanma yaşanıb, nəticədə sərnişinlərdən biri vəfat edib, 10-larla sərnişin müxtəlif xəsarətlər alıb. İstanbul-İzmir reysi ilə uçan təyyarədə də eyni hal baş verib. Pilot heyətindən bir nəfər yaralanıb. Çalxalanma nədən baş verir, bunun qarşısını almaq mümkün deyilmi? NTV kanalının Meteoroloji üzrə mütəxəssisi Dilək Çalışkan bildirib ki, son illərdə turbulansların sayında artım müşahidə edilir. Təyyarə hərəkətdə olarkən hava axınlarının dəyişməsi səbəbindən uçuş zamanı çalxalanma yarana bilir. Təyyarənin çalxalanması adətən isti hava kütlələri il soyuq hava kütlələrinin kəsişdiyi nöqtələrdə baş verir. Küləyin təsiri ilə də çalxalanma yaranır. Hətta 4 min 500 metr yüksəklikdə uçan hərbi uçaqlarda da çalxalanma yaşana bilir. Maraqlı burasıdır ki, açıq, buludsuz havada yaranan çalxalanmaları fərq etmək mümkün olmir. Əksinə, fırtınalı havada yaşanan çalxalanmalar radarlar tərəfindən qeydə alınır. Mütəxəssis turbulans olaylarındakı artışı iqlim dəyişmələri ilə izah edib. Qlobal istiləşmənin hava axınlarında da hiss edildiyini deyən D.Çalışkan deyib ki, qlobal iqlim dəyişikliyi səbəbindən küləyin sürəti də tez-tez dəyişdiyi üçün çalxalanmalar ötən illərə nisbətən daha tez-tez baş verir. Təyyarə mühəndisi doktor Haluk Kul isə bildirib ki, təyyarələrin istehsalında hava dəyişmələri nəzərə alınır. Məsələn, geniş gövdəli “Boeing 777”, “380” təyyarələrinin 70-80 metrə qanad genişliyi var. Bu qanadlar havada orta hesabla 8 metr əhatəsində qalxıb-enə bilir. Bu, təyyarələrin enerjini idarə edə bildiyini göstərir. Mütəxəssis sərnişinlərə salonda əyləşərkən təhlükəsizlik kəmərindən istifadə etməyi tövsiyə edib: Kəməri nə çox sıx, nə də boş bağlayın. Orta səviyyədə saxlayın. Bəzən kəmər çox sıxıldığında da əziyyət verir, qan dövranını çətinləşdirir. Kəməri boş bağlamaq da təhlükəlidir. Xəsarət almaq ehtimalı böyükdür. Kəmər sıxlıqla boşluq arasında - orta səviyyədə bağlanmalıdır”.