Nazirlər ANKARADA sülh prosesini detallı müzakirə edəcək - ANALİZ

Bakı ilə Ankara birgə səylərlə qısa müddətdə İrəvanı çərçivə sazişini imzalamağa məcbur etməlidirlər
 Xarici İşlər Naziri Ceyhun Bayramov avqustun 27-də Ankaraya səfər edəcək.
Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, səfər çərçivəsində Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq məsələlərin müzakirə ediləcəyi gözlənilir.

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun “Sherg.az”a açıqlamasına görə, xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə hazırkı səfəri iki dövlət arasında strateji müttəfiqliyin - “Şuşa Bəyannaməsi"nin xarakterindən irəli gəlir.  Politoloq hesab edir ki, Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Bakı ilə İrəvan arasında sülh prosesini müzakirə edəcək: 

“Ceyhun Bayramov İrəvanla danışıqların gedişi və yazışmalar barədə Hakan Fidanı detallı məlumatlandırmalıdır ki, Ankara gələcək addımlarını buna uyğun müəyyənləşdirə bilsin. Hakan Fidan da paralel olaraq Ceyhun Bayramovu İrəvanla apardığı danışıqların təfərrüatları barədə məlumatlandıracaq. Bu haqda da detallı bilgi Bakıya lazımdır ki, Ermənistan hökumətinin niyyətini analiz edə bilsin. Bütün hallarda Bakı ilə Ankara birgə səylərlə qısa müddətdə İrəvanı tərəfləri razı salacaq sülh və ya çərçivə sazişini imzalamağa məcbur etməlidirlər. Birinci məqsəd bölgədə davamlı sülhə nail olmaqla regional əməkdaşlığın yollarını açmaqdırsa, ikinci məqsəd Ermənistanı mövcud alətlər vasitəsilə anti-Azərbaycan və anti-Türkiyə bloklarında iştirakdan uzaqlaşdırmaqdır”.