Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub

Müasir müstəqil Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirir. Bütün dövlətlər və xalqlarla sülh, dostluq şəraitində yaşamaq niyyətini dəfələrlə bəyan edən ölkəmiz ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunaraq qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsi istiqamətində fəal iş aparır, dünyada və regionda sülhün, təhlükəsizliyin qorunmasına və möhkəmlənməsinə layiqli töhfələr verir. 

Etibarlı tərəfdaş, sözü ilə əməli bir olan, dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verən müstəqil Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni reallıq yaradıb. Regionda və dünyada nüfuzu durmadan artan Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməkdədir. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət edir. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir. Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb.

Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana, Ümummilli lider Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib. Belə ki, Prezident İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana ilk rəsmi səfəri zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən, “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb.

Prezident cənab İlham Əliyevin 22 avqust 2024-cü il tarixində Özbəkistan Respublikasına dövlət səfəri inkişaf edən münasibətlərə daha bir örnəkdir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə məhdud tərkibdə keçirilən görüşdə iki ölkə arasında enerji, nəqliyyat, turizm sahələrində əməkdaşlıq müzakirə olundu, beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıldı. Azərbaycanla Özbəkistanın münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəlir.  Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında Prezident İlham Əliyevin də dediyi kimi, ölkələr arasında möhkəm münasibətlər artıq bütün sınaqlardan çıxıb və bu gün ən yüksək səviyyəyə çatıb. Avqustun 23-də Daşkənddə iki ölkənin dövlət başçıları arasında imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki qardaş xalqın daha da yaxınlaşmasına xidmət edəcək. Daşkənddə iki ölkənin müvafiq dövlət strukturları arasında turizm, mədəniyyət, elm və təhsil, sosial, ədliyyə, sənaye və ticarət sahələrini əhatə edən saziş və protokollar da imzalanıb. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə imzalanmış müqavilələr arasında “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş”, eləcə də Bakı (Azərbaycan) ilə Daşkənd (Özbəkistan), Beyləqan (Azərbaycan) ilə Şəhrisəbz (Özbəkistan), Quba (Azərbaycan) ilə Cizak (Özbəkistan) şəhərləri arasında regionlararası əməkdaşlıq haqqında sənədlər də yer alıb.

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub və iki ölkə liderlərinin - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir.


Rafiq Məmmədov
Əməkdar müəllim, “Tərəqqi” medalı təltifçisi