Rəsmi Bakının Ermənistandan iki tələbi var - Analitik


De-fakto mövcud olmayan Minsk qrupunun ləğvi və konstitusiyada  ərazi iddialarından imtina olunsa, sülh sazişi bağlanacaq

Prezident İlham Əliyev Rusiya mediasına müsahibəsində Azərbaycan-Ermənistan arasındakı sülh prosesinə dair fikirlərini növbəti dəfə bəyan edib. Dövlət başçısı qeyd edib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamazdan əvvəl Konstitusiyanı dəyişməli və ATƏT-in Minsk qrupunun ləğvinə razılıq verməlidir. Ölkə rəhbərinin sözlərinə görə, erməni tərəfinin etməli olduğu daha iki məqam var: 

"Birinci məsələ Konstitusiyasını dəyişdirməkdir. Çünki Konstitusiyada müstəqillik bəyannaməsinə istinad var ki, bu da öz növbəsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibində elan edildiyi Azərbaycana ərazi iddialarını ehtiva edir. Ona görə də konstitusiyanın dəyişdirilməsi bizim şıltaqlığımız deyil, bunlar sadəcə, obyektiv şərtlərdir". Prezident vurğulayıb ki, Bakının ikinci şərti ATƏT-in Minsk qrupunun ləğvidir: "Bu məsələ konsensus yolu ilə həll olunduğundan, Ermənistanın razılığı olmadan bunu etmək formal olaraq mümkün deyil, baxmayaraq ki, ATƏT-in Minsk qrupu uzun müddətdir fəaliyyət göstərməsə də, o, formal olaraq mövcuddur. Və sualımız ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıbsa və Minsk qrupu da Qarabağ məsələsini həll etmək üçün idi, o zaman bu, nəyə lazımdır?". Dövlət başçısı əlavə edib ki, Ermənistanın ATƏT-in Minsk qrupunu ləğv etmək istəməməsi revanşistlərin planlarının kifayət qədər ciddi olduğunu deməyə əsas verir: "Ermənistanın ATƏT-in Minsk qrupunu ləğv etmək istəməməsi, bizimlə birlikdə ATƏT-in Minsk qrupunun ləğvi üçün ATƏT-ə müraciət etmək istəməməsi revanşistlərin planlarının kifayət qədər ciddi olduğunu deməyə əsas verir". Prezident əlavə edib ki, sülh sazişi və Ermənistanın eyni vaxtda bizə qarşı silahlandırılması iki fərqli kursdur: "Axı biz, əslində, sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam". Dövlət başçısı qeyd edib ki, əgər bunlar həll edilsə, daha sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq.

Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, dövlət başçısının sülhlə bağlı söylədikləri sülh sazişində razılaşdırılan və razılaşdırılmayan maddələrlə bağlı Bakıdan ilk rəsmi açıqlamadır. Ekspertin sözlərinə görə, indiyə qədər Ermənistan mütəmadi olaraq bu haqda danışırdı, lakin Paşinyan da daxil olmaqla erməni rəsmilər “razılaşdırılmayan maddələrin” nələri ehtiva etdiyini gizlədirdi: 

"Prezident İlham Əliyev isə bütün detalları açıqladı və iki maddənin nədən ibarət olduğu aydın oldu. Bunlar tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan imtinası, üçüncü ölkələrin nümayəndələrinin sərhəddə yerləşdirilməməsi və Avropa İttifaqının müşahidə missiyasının fəaliyyətinin dayandırılmasıdır. Kazan görüşündə tərəflər hər iki maddə üzrə razılaşa biləcəklərini nümayiş etdiriblər. Birinci maddə - beynəlxalq iddialardan imtina məsələsində razılaşma mümkün görünür. Çünki İrəvan razılaşmasa, Azərbaycana vurulan zərərin, təqribən 150 milyard dollar ödənilməsi reallığı ilə üzləşə bilər. Ölkə rəhbəri İ.Əliyev bununla bağlı xəbərdarlıq mesajı göndərdi. İkinci maddənin Aİ-nin müşahidəçilərinin bölgədən çıxarılmasının Cənubi Qafqazda güc balansını tamamilə dəyişə biləcək amil olduğunu nəzərə alsaq, bu məsələdə razılaşma asan görünmür. Azərbaycanın da iştirakı ilə əldə olunan ilk razılaşmaya görə, müşahidəçilərin bölgədəki missiyası iki ay müddətində nəzərdə tutulsa da, sonradan bu müddət uzadıldı və say tərkibi artırıldı".

Analitikə görə, “müşahidəçi” adı altında 1500 nümayəndənin olduğu haqda məlumatlar var: 

"İştirakçı ölkələrə baxdıqda, xüsusilə Aİ üzvü olmayan Kanadanın timsalında, dövlət başçısının dediyi kimi, sərhədimizdə NATO missiyasının fəaliyyət göstərdiyini demək mümkündür. Bakı İrəvandan bu missiyaya son qoyulmasını tələb edir. Lakin bunun tamamilə İrəvanın iradəsindən asılı olduğunu demək çətindir. Aİ-nin müşahidə missiyası gələn ilin fevralında başa çatır. Brüssel müddətin uzadılmasında maraqlıdır, 2025-ci ildə Aİ-yə rəhbərlik edəcək Polşanın Prezidenti Andjey Dudanın Arazdəyənə səfəri, Fransa başda olmaqla Avropa ölkələrinin İrəvandakı səfirlərinin sərhəddə müşahidəçilərlə intensiv görüşü də bundan qaynaqlanır. İstisna deyil ki, missiyanın uzadılması məsələsi tezliklə Aİ-də müzakirəyə çıxarılacaq və yekdil qərarın qəbul edilməsinə çalışacaqlar. Çünki Aİ müşahidəçiləri Qərbin Cənubi Qafqazda mövcudluğunun əsas platformalarından biridir. Gürcüstanda “Gürcü arzusu”nun qələbəsi və Avropanın əsas ümidi olan Zurabişvilinin yerinə yeni prezidentin seçilməsindən sonra Ermənistan və bu ölkədəki Aİ missiyasının Qərb üçün əhəmiyyəti daha da artıb".
A.Nərimanlıya görə, Bakının missiyanın çıxarılması istiqamətində iki gedişi qalır: "Bu, Macarıstan üzərindən Aİ-də yekdil qərarın çıxarılmasının qarşısını almaqdır. Missiyanın müddətinin uzadılması ittifaqın 27 üzv dövlətinin yekdil qərarından asılıdır, hərçənd, nəticənin əldə edilməsi asan görünmür. Digər məsələ Ermənistan qarşısında şərt kimi irəli sürməkdir ki, Bakının iki tələbindən biri budur. İrəvan bunu etmədiyi müddətdə sülhün imzalanması da üfüqdə uzaqlaşır. Hərçənd, hər şey bununla da bitmir. Bakının daha iki tələbi var. Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Ermənistan konstitusiyasının dəyişdirilməsidir". 

Siyasi şərhçi vurğulayıb ki, de-fakto mövcud olmayan Minsk qrupunun de-yure ləğv edilməsi üçün Ermənistan Azərbaycanla eyni mövqedən çıxış etməlidir:

 "Ermənistan Minsk qrupu məsələsində razılaşa bilər. Lakin bundan hələ ki danışıqlarda “əlini gücləndirmək” üçün kart kimi istifadə edəcəyi görünür. Konstitusiyanın dəyişdirilməsi isə qarşıdakı iki ildə nəzərdə tutulur. Nəticə odur ki, Bakının tələbləri qəbul edilmədiyi müddətdə İrəvanla yekun sülh uzaqdadır. Minsk qrupunun de-yure mövcudluğu bölgədə maraqları olan tərəflərin gələcəkdə “dayaq nöqtəsi”nə çevrilə bilər. Ermənistan da regionda şərtlərin dəyişməsi və Azərbaycana qarşı təsir rıçağı əldə etmək ümidi ilə bu məsələdə maraqlı görünmür".