Ermənistanın Baş naziri Nikol Paşinyan canlı efirdə Qarabağla bağlı debatların keçiriləcəyi təqdirdə Ermənistanın keçmiş prezidentlərini “divara dirəməklə” hədələyib.
Paşinyan bunu parlamentdə hökumət saatında deyib.
Onun sözlərinə görə, keçmiş prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan 2020-ci ildə Azərbaycanla müharibədə məğlubiyyətə görə onu günahlandırmağa çalışırlar:
“Halbuki biz hakimiyyətə gələndə bu, (müharibə - red.) qaçılmaz idi. Buna görə onları canlı debatlara dəvət etdim. Amma bu üç “düşüncə nəhəngi” deyir ki, mənimlə müzakirə edəcəkləri heç nə yoxdur. Sonra övladlarını, nəvələrini, gəlinlərini, bacanaqlarını mətbuat konfranslarına göndərirlər. Hey, danışmağa bir sözünüz yoxdursa, oturun və yerinizdən tərpənməyin... Mən sizinlə mübahisə etməyəcəyəm, sizi divara dirəyəcəm. Və oradan da sizin siyasi meyitlərinizin qalıqları çıxacaq. Hər üçünə aiddir. Bəsdir əsəblərimizlə oynadığınız. Mən sizi tapdayacam və heç bir müzakirə olmayacaq”.
Siyasi şərhçi Əziz Əlibəyli "Sherg.az"a deyib ki, Azərbaycanın mövqeyi Paşinyanı gücləndirir:

"II Qarabağ müharibəsinin nəticələri onun sonrakı gedişdə səsləndirdiyi fikirlərinə ciddi təsir göstərir. Paşinyan demək istəyir ki, bizim ideologiyamız olsa da, Azərbaycan güclü ölkədir. Eyni zamanda Ermənistan Baş naziri yeni erməni ideyası təsis etməyə çalışır. Azərbaycan ermənilərin daşnak, revanşist, terrorçu toplumunu koordinasiya etmək üçün Paşinyana şərait yaradır. Digər tərəfdən Nikol ermənilərə tarix dərsi keçməklə Ermənistanın 1990-cı illərdə də haqsız olduğuna işarə vurur. Əslində bu gün erməni cəmiyyətinin gəlib çıxdığı bəlaların kökündə həmin revanşist və işğalçılığa köklənmiş ideoloji baxışlar dayanır. Keçmiş Ermənistan prezidentlərinə gəldikdə isə onlar ölkənin xaricindəki lobbi qrupları və diasporuna, o cümlədən digər dövlətlərə güvənirlər. Ümumiyyətlə Nikol Paşinyan ictimaiyyətin dəstəyini almağa məcburdur. Bu mövzuda isə sözügedən keçmiş liderlərin maneə yaratdığı faktı göz önündədir".