Sağlamlıq dinimizdə çox önəmlidir

Kütləvi iftar süfrələrinə toplaşmaq günahdır

"İnsanlar, nədənsə, qarnını doldurmağa daha çox meyillidir və bu orucluqda da çoxunu iftar və yemək maraqlandırır"


Bütün qabaqlayıcı tədbirlərə baxmayaraq, son həftələrdə yoluxma sayının yüksək həddə olması və koronavirusdan vəfat edənlərin sayının çoxalması narahatlığı artırır. Bu da təbii ki, bəzi təbdirlərin alınmasını zəruri edir. Xüsusən, Ramazan ayında xüsusi diqqət yetirməli olduğumuz mühüm məqamlardan biri də restoran və kefelərdə kütləvi iftar süfrələrinə yol verməməkdir. Ekspertlərə görə, insanlar kütləvi toplanışlardan uzaq durmazsa, yoluxma sayı kəskin şəkildə arta bilər.

Müqəddəs günlərdə dini ayinlərin kütləvi şəkildə icrasına marağın artması başadüşüləndir. Ramazan ayı da bu baxımdan insanların aktivliyi ilə seçilir. Ancaq mövcud vəziyyət insanlardan daha anlayışlı və məsuliyyətli davranmağı tələb edir. O cümlədən, bu müqəddəs ayda evlərdə və ya restoranlarda kütləvi iftar süfrələrinin açılmaması, insanların biri-birləri ilə fiziki ünsiyyətdən müvəqqəti də olsa, qaçmaları tövsiyə edilir. İslam alimləri bildirir ki, dini ayinlərin icrası insanların sağlamlıqlarını və hətta həyatlarını təhdid edəcək səviyyədə olmamalıdır. Çünki insan sağlamlığı dinimizdə çox önəmlidir. O baxımdan müsəlmanlar özlərinin və başqalarının sağlamlıqlarına təhlükə olacaq əməllərdən çəkinməlidirlər. 

İlahiyyatçı Tural İrfan “Şərq”ə açıqlamasında vurğulayıb ki, iftar etmək üçün kütləvi toplanmağa ehtiyac yoxdur. Ekspertin sözlərinə görə, yoluxma ehtimalı varsa, toplaşmaq olmaz:

“Operativ Qərargah adətən anormal qərarlar versə də, bu məsələdə onların tələbini doğru qəbul etmək olar. Çünki din özü də belə deyir. Əgər təhlükə ehtimalı varsa, o işdən çəkinmək vacibdir. Amma insanlar, nədənsə, qarnını doldurmağa daha çox meyillidir və bu orucluqda da çoxunu iftar və yemək maraqlandırır. Ancaq Allahın dinində belə deyil. Əvvəllər təmtəraqlı iftar süfrələri qurulur, şəkillər paylaşılırdı və kasıb, imkansız adamlar da baxıb köks ötürürdülər. Bu, riyakarlıqdır. İftar qonaqlığını çoxu göstəriş, reklam üçün edir, ad-san üçün edir. Nə fərqi var, 50 adamı evə yığmaq əvəzinə həmin adamların ailəsinə yemək-içmək göndər. Yaxud kasıblara sahur, iftar yeməyi yolla. Heç kəs xəbər tutmasa da olar. Allah-təala deyir ki, yaxşılıq edəndə, sədəqə verəndə sağ əl etdiyini sol əl bilməməlidir. Savab qazanmaq istəyən adamlar ehsanı, yaxşılığı, sədəqəni gizli etməlidir”. 
İlahiyyatçı bildirib ki, indiki şəraitdə toplaşmaq özü günahdır: “Kütləvi toplantılarda bir nəfər onlarla adamı yoluxdura bilər. Həm də iftar süfrəsində toplaşmaq dində vacib əməl deyil ki, onu təxirə salmaq qeyri-mümkün olsun. Yaxşılıq edib, savab qazanmaq istəyənlər iftar süfrəsinə toxları yığıb özlərini reklam etməkdənsə, gizli şəkildə qazilərə, şəhid ailələrinə, sosial vəziyyəti ağır olan ailələrə gizli yemək yollasınlar. Bu onların cənnəti qazanmasına kifayətdir. Əks halda bu cür reklamlarla Allaha fırıldaq gəlmək olmaz”.