Məktəb binaları çökdü! – “Günahı olanlar məsuliyyətə cəlb olunmalıdır” 

Ötən gün Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbdə aparılan inşaat əsnasında bədbəxt hadisə baş verib. Təhsil ocağına məxsus binanın uçması nəticəsində ölən şəxslərin sayı 4-a çatıb. Baş Prokurorluqluqdan verilən məlumatda bildirilib ki, fəhlə işləyən üç nəfər şəxs hadisə yerində ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Digər oxşar hadisə isə Cəlilabad rayonunda baş verib. Rayonun Musalı kənd məktəbinin binsında uçqun baş verib. Xoşbəxtlikdən uçqun dərs zamanı olmayıb və buna görə də xəsarət alan yoxdur.Uçqun səbəbindən orta məktəbdə tədris tamamilə dayandırılıb.

Baş verən hadisələrlə bağlı “Sherg.az”a danışan Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib ki, günahı olan şəxslər məsuliyyətə cəlb olunmalıdır:

“Bu bədbəxt bir hadisədir. Buna görə də həm cinayət qanunvericiliyində, həm inzibati qaydada məsuliyyət nəzərdə tutulub.
 İstehsalatda baş verən bədbəxt hadisəyə görə cinayət işi başlanılmalıdır. Bu əməldə günahı olanlar məsuliyyətə cəlb olunmalıdır”.

Ekspertin fikrincə, hadisəni araşdırmaq üçün komissiya qrupu yaradılmalıdır:

“Çalışan şəxslərin əmək müqaviləsinin olub-olmaması isə başqa məsələdir. Əgər olubsa, istehsalatda bu hadisədən sığortalanmışdılarmı?

 Bunlar Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmri ilə komissiya yaradılıb araşdırılmalıdır. 
Onlar qənaətə gəlməlidir ki, hadisə niyə baş verib. 

Çünki hadisə iki və daha çox şəxsin ölümü ilə nəticələnib. O zamana qədər isə biz yalnız mülahizə irəli sürə bilərik.

İstehsalatda belə bədbəxt halların baş verməsi təəssüf doğuran haldır. Əgər hadisə varsa, deməli, kimsə günahkardır və cavabdeh şəxslər məsuliyyət daşımalıdır. Vəfat edənlər də sığorta olunubsa, onların ailələrinə kompensasiya verilməlidir”.