Qızıl həmişə təlatümlü dövrlərdə güvənli liman rolunu oynayır

Son günlər qızıl və gümüşün qiymətindəki bahalaşma müharibə ilə birbaşa bağlı deyil

Son bir neçə gündür ki, Azərbaycanda qızıl və gümüşün, eyni zamanda neftin qiymətində bahalaşma müşahidə olunur. Belə ki, CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 8-də 41,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,36 dollar/barel çoxdur. Oktyabrın 9-da qızılın qiyməti oktyabrın 8-i ilə müqayisədə 40,528 manat (1,26 faiz) artaraq 1 unsiya üçün 3 246,337 manat təşkil edib. Gümüş 0,6584 manat (1,63 faiz) bahalaşaraq 1 unsiya üçün 41,1225 manata bərabər olub. Bəs görəsən, onların bahalaşmasında müharibə faktorunun təsiri varmı?

İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinə Ermənistan tərəfindən terror aktlarının olması, raket atılması, yəni infrastrukturumuza zədə vurması ehtimalı dünya mediasında kifayət qədər işıqlandırıldı.

Ekspert qeyd edib ki, boru kəmərinə ermənilər tərəfindən zərərlərin olma ehtimalı neftin qiymətinə az da olsa təsir edib:

"Ancaq qızılın və gümüşün qiymətinin artması Azərbaycan-Ermənistan arasında gedən hərbi əməliyyatlardan birbaşa asılı deyil. Bu, dünya birjalarında gedən proseslərlə bağlıdır. Avropada və Amerikada əlavə vəsait birjalara daxil olmaqdadır. Bu əlavə vəsaitlərin daxil olması qızılın və gümüşün qiymətində müəyyən artıma səbəb olub.

Bundan əlavə, ümumiyyətlə, qızıl təlatümlü dövrlərdə, yəni iqtisadiyyatda dalğalanmalar olanda investorlar üçün güvənli liman rolunu oynayır. "Covid-19"-la bağlı problemin getdikcə artdığı dövrdə dünyada yeni iqtisadi daralma gözlənilir.

Təbii ki, ikinci dalğa ehtimalı çox yüksəkdir. Bu da qızıl almağı tərcih edən investorların sayını artırır. Nəticədə onların qiymətində müəyyən dinamikaya, yəni bahalaşmaya səbəb olur".