Füzuli aeroportu beynəlxalq status daşıyır:«Xarici ölkələrə reyslər...»

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə növbəti səfər zamanı Füzuli Beynəlxalq Hava Limanı barədə danışıb. O, bildirib ki, Füzuli aeroportu Qarabağın hava qapısıdır. Birinci vitse-prezident Mehriban Əliyevanın Füzuli Beynəlxalq Hava Limanına gedərkən çəkdiyi videogörüntüdə dövlətimizin başçısı deyir: “Füzuli Beynəlxalq Hava Limanına yaxınlaşırıq.

Sol tərəfdə aerovağzal kompleksidir, qarşıda uçuş-enmə zolağı. Cəmi bir neçə ay ərzində hava limanı, demək olar ki, artıq açılışa hazırlaşır. Hava limanının inşası bu il başlamışdır. Mən demişdim ki, bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Bəlkə də, dünyada bu sürətli templərlə heç bir hava limanı tikilməmişdir. Artıq uçuş-enmə zolağı da hazırdır. Burada son tamamlama işləri aparılır. Bir daha qeyd etmək istəyirəm, bu il mən hava limanının təməlini qoydum.  İndi isə gəlirik inşaat işləri ilə tanış olmağa. Bu aeroport Qarabağın hava qapısıdır”.

İqisadçı- ekspert Ruslan Atakişiyev Füzuli beynəlxalq hava limanının iqtisadi dividentləri barədə “Sherg.az”a danışdı: 

“Qarabağda gələcəkdə turizm obyektlərinin açılacağını nəzərə alsaq, belə bir təşəbbüs çox vacibdir. İkinci bir tərəfdən, məhsul istehsalı həyata keçirilsə, onlar xarici və ölkə bazarına daha sürətli çatdırıla bilər. Füzuli aeroportu beynəlxalq status daşıyır. Deməli, xarici ölkələrə birbaşa reyslər də açılması mümkündür”.