“Dövlət büdcəsinin gəlirlərində artım olacaq”

Maliyyə Nazirliyi gələn il üçün büdcə xərclərini açıqlayıb. Məlum olub ki, 2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 26 407 milyon manat, xərclərinin isə 28 974 milyon manat olacağı gözlənilir. Həmçinin Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 26 967,7 milyon manat, xərclərinin isə 32 145,9 milyon manat olacağı proqnozlaşdırılır.  2022-ci ildə Azərbaycanın dövlət büdcəsində gözlənilən 2 567 milyon manat kəsirin 1 293 milyon manatı borclanma hesabına aradan qaldırılacaq.  Kəsirin qalan hissəsi isə vahid xəzinə hesabının 1 160 milyon manat qalığı, 114 milyon manatı isə özəlləşdirmədən daxilolmalar hesabına maliyyələşdiriləcək. Eyni zamanda göstərilir ki, gələn il müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 499 milyon 238,9 min manat olacaq. 2022-ci ildə Azərbaycanda inflyasiyanın 3,6 faiz təşkil edəcəyi ehtimal edilir.

Qeyd edilib ki, qeyri-neft məhsullarının ixracının artırılması və investisiyaların təşviqinin sürətləndirilməsi siyasəti ortamüddətli dövrdə də davam etdiriləcək. Bütün bunların fonunda xarici ticarətdə ixracın strukturunun diversifikasiyasına nail olmaq, qeyri-neft məhsullarının ixracını dəstəkləyərək və təşviq edərək ixracın əsas tərkib hissəsinə çevirmək hədəflənir. 2022-ci il və ortamüddətli dövrdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində rəqabətqabiliyyətli ixracın artırılması, əlverişli biznes mühitinin inkişaf etdirilməsi və əlavə dəyərli məhsulların yaradılması ilə 2025-ci ilə qədər qeyri-neft ixracının iki dəfə artırılması hədəflənir. 2022-ci ildə Azərbaycanın dövlət büdcəsindən dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1 912 milyon manat və yaxud 1 125 milyon ABŞ dolları xərclənməsi nəzərdə tutulub. Maliyyə Nazirliyinin məlumatına görə, bu, gələnilki büdcə xərclərinin 6,6 faizi deməkdir. 2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 13 faiz azalacaq. 2022-ci ilin dövlət büdcəsində səhiyyə xərclərinə dair proqnoz açıqlanıb. Sənədə əsasən növbəti il xərc siyasətinin əsas istiqamətlərindən biri səhiyyə sahəsi olacaq. Səhiyyə sahəsinin müasir tələblərə cavab verən səviyyəyə çatdırılması və bu istiqamətdə islahatların aparılması gözlənilir. Həmçinin icbari tibbi sığorta sisteminin əhatə dairəsinin bütün ölkə ərazisini tam olaraq əhatə etməsi də prioritetdir. Səhiyyə sahəsində mövcud çağırışlar nəzərə alınaraq sanitariya-epidemioloji vəziyyətin nəzarətdə saxlanılması və əhalinin sağlamlığının etibarlı şəkildə qorunması məqsədilə ənənəvi dövlət proqramlarının həyata keçirilməsi vacib istiqamətlərdən olacaq. 2022-ci il üçün səhiyyə xərcləri 1 milyard 443 milyon 373 min manatdan çox proqnozlaşdırılıb. Bu, 2021-ci il dövlət büdcəsində səhiyyə xərcləri üçün nəzərdə tutulan proqnozdan çoxdur. Belə ki, 2021-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri 1 milyard 409 milyon manatdan çox göstərilib.

 Millət vəkili, tanınmış iqtisadçı-alim Vüqar Bayramov göstərilən proqnozları “Sherg.az”a təhlil etdi. Onun sözlərinə görə, dövlət büdcəsinin gəlirlərində artım olacaq:

“Qeyri-neft gəlirləri 47,6 faiz təşkil edəcək. Bu rəqəm indi 45,8 faizdir. Həmçinin ilk dəfə 2024-cü ilin büdcə gəlirlərində neftin payı 50 faizdən çox olacaq. 2021-ci ildə sosial istiqamətdə də artımlar davam edəcək. Orta əməkhaqqı 793 manat olacaq. Əhalinin gəlirlərində artan temp özünü göstərəcək. Sərmayə qoyuluşları artacaq. Sosial istiqamətə 3 milyard 584 milyard manat vəsait ayırılacaq. Təhsil sektoruna ayırılan vəsaitdə də artım olacaq. Bu rəqəm 3 milyard 740 milyon manata yüksələcək”.

 V.Bayramov, habelə dövlət büdcəsinin prioritet istiqamətlərini açıqladı:

“Milli təhlükəsizliyimizin güclənməsi naminə müdafiə xərclərinə xüsusi diqqət yetiriləcək. Bu istiqamətə dörd milyard 499 milyon manatın ayırılması nəzərdə tutulur. Eyni zamanda dövlət neft fondunun büdcəyə ayırdığı vəsaitin həcmi azalacaq, qeyri-neft sektorunun payı artacaq. 2025-ci ilədək nəzərdə tutulan iqtisadi paket göstərir ki, büdcə gəlirlərində, ixracatda qeyri-neft sektorunun payı artacaq. İşğaldan azad olunmuş ərazilərimizin bərpası, şübhəsiz, prioritet olaraq qalacaq. Qarabağda müasir standartlara uyğun yenidənqurma işlərinin dəstəklənməsi və maliyyələşməsi dövlətin əsas məqsədidir”.