Gələn ilin dövlət büdcəsi: Neftin bir bareli 45 dollara bərabər götürülüb - ŞƏRH

“Bu, iqtisadiyyatımızı kifayət qədər identifikasiya olunmuş vəziyyətdə saxlayır”

“İqtisadiyyatın dayanıqlılığı və makroiqtisadi səviyyədə tarazlığın saxlamasına şərait yaranır”


Gələn ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 45 ABŞ dollarına bərabər götürülüb. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib. Məlumatda qeyd olunur ki, 2022-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 45 ABŞ dollarına bərabər götürülüb.

Bu durumun iqtisadiyyatımıza müsbət təsirlərini “Sherg.az”a şərh edən iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, hazırda neftin qiyməti 70 dollar üzərindədir. Onun sözlərinə görə, 2020-ci il neft erası ən böyük tənəzzüllə rastlaşmışdı:

“Bunun da səbəbi “OPEC+” formatında danışıqların baş tutmaması, ən əsası isə pandemiyanın təsirləri idi. Pandemiya dünya bazarında tələbatı tamamilə iflic vəziyyətə qoyduğu üçün problemlər yarandı. Hazırda isə bu proses elə tənzimlənir ki, neftin qiyməti mərhələli şəkildə və sabit formada tələbata uyğun olaraq qalır. Eyni zamanda “OPEC+” formatındakı danışıqlar hasilatı çərçivədə saxlaya bilir, danışıqlar müsbət gedir. Belə olan halda neftin qiymətinin sabit qalması proqnozlaşdırılır. Bu zaman Azərbaycanın gələnilki büdcəsində neftin qiyməti 45 dollarla götürüldükdə, bu, iqtisadiyyatımızı kifayət qədər identifikasiya olunmuş vəziyyətdə saxlayır. Beləliklə, iqtisadiyyatın dayanıqlılığı və makroiqtisadi səviyyədə tarazlığın saxlamasına şərait yaranır”.