Banklar dollar almır!- Ucuzlaşacaq, yoxsa...?

“Səbəb dövriyyədə saxta dollarların olmasıdır”

“Belədirsə, bankomatlarımızın proqram təminatını daha da inkişaf etdirmək lazımdır”

“Bütövlükdə isə bu durumun dolların məzənnə dəyişikliyinə heç bir təsiri olmayacaq”


Azərbaycanda fəaliyyət göstərən bir sıra bankların bankomatları və terminalları vasitəsilə ABŞ dolları əsginaslarının qəbulu bir müddətdir dayandırılıb. Buna səbəb dövriyyədə saxta əsginasların olmasıdır.
Məsələ ilə əlaqədar Azərbaycan Mərkəzi Bankından (AMB) bildirib ki, AMB milli və xarici valyutada pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə çərçivəsində davamlı tədbirlər həyata keçirir və bu tədbirlər barədə mütəmadi olaraq kommersiya bankları, hüquq mühafizə orqanları və eləcə də ölkə ictimaiyyəti məlumatlandırılır:

"Hazırda dünyada sərbəst dönərli valyutaların, o cümlədən ABŞ dollarının geniş istifadəsi onların saxtalaşdırılması meyllərinin daha yüksək olmasını şərtləndirir və saxtakarlar üçün cəlbediciliyini artırır. Müasir dövrdə rəqəmsal sistemlərin və yüksək texnologiyaların sürətli inkişafı isə pul nişanlarının saxtalaşdırılması imkanlarını, o cümlədən əhali üçün nəzərdə tutulmuş mühafizə elementlərinin, eləcə də nağd pul avadanlıqları, o cümlədən bankomatlar və terminallar tərəfindən müəyyən edilə bilən təhlükəsizlik sistemlərinin imitasiya imkanlarını genişləndirir".

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı banklar əhalidən 931,926 mln. nağd ABŞ dolları alıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,7 faiz çoxdur. Təkcə avqust ayında isə əhali banklara 124,015 mln. nağd dollar satıb ki, bu da aylıq ifadədə 4,1 faiz çoxdur.

Mövcud durumun dolların ucuzlaşmasına səbəb olub-olmayacağı barədə “Sherg.az”a danışan bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov vurğulayıb ki, ölkəmizdə dollar qəbulunu davam etdirən banklar da var:

“Səbəb dövriyyədə saxta dollarların olmasıdır. Belədirsə, bankomatlarımızın proqram təminatını daha da inkişaf etdirmək lazımdır. Saxta dolları ayırd edən proqramların tətbiqi lazımdır. Dünya ölkələrində belə bir təcrübə mövcuddur. Bütövlükdə isə bu durumun dolların məzənnə dəyişikliyinə heç bir təsiri olmayacaq”.