Ekspert pessimistdir!- “Neftin qiyməti ucuzlaşacaq” 

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb. Azərbaycan neftinin 1 barelinin qiyməti 0,37 ABŞ dolları və ya 0,43 faiz artaraq 87,13 dollar təşkil edib. Azərbaycan neftinin hansı həddə qədər bahalaşması barədə fikirlərini “Sherg.az”la bölüşən Neft Araşdırmalar Fondunun rəhbəri, iqtisadçı İlham Şaban neft hasilatımızın əvvəlki səviyyədə olmadığını bildirib.

Onun sözlərinə görə, bu ilki neft hasilatımızı ancaq 34.5 milyon ton ətrafında edə biləcəyik:

“Bu, yaralı yerimizdir. Neftin qiymətinin yüksək olması ötən ilə müqayisədə gəlirlərimizə təsir göstərib. 2007-ci ildən bu yana 4 milyarddan aşağı səviyyədə neft gəlirimiz olmuşdusa, bu il 6 milyard dollar ətrafında gəlirləri eyni hasilat səviyyəsində artıra biləcəyik. Çünki neftin qiyməti ötən illə müqayisədə təqribən 60 faiz artıb”.

Qiymətin nə zamana qədər belə davam edəcəyinə gəlincə, İ.Şaban qeyd edib ki, bunu söyləmək bir az çətindir:

“Ola bilsin ki, bu axşam neftin qiyməti düşsün. Çünki birjalara daha çox informasiyalar gəlir ki, ölkələr öz daxillərində COVİD-19-un təsirləri ilə bağlı sərt tədbirlərə əl atdıqlarını elan edirlər. Bu isə enerjidən istehlakın azalmasına yönəlmiş addımlardır. Ona görə neftin qiyməti artıq London birjasında 85 dollardan aşağı düşüb. Bir sözlə, neft bazarında stabil vəziyyət hökm sürmür, qiymətlər çox dəyişkəndir. Güman etmirəm ki, bundan sonra qiymətlərin artımını müşahidə edək. Çünki Rusiya kimi bir ölkə 10 günlük lokdauna keçib, Seribayadan tutmuş Polşaya qədər bir neçə ölkə artıq 10 gün sonra daxillərindəki vəziyyəti normallaşdırmaq üçün sərt tədbirlərə əl atacaqlarına dair xəbərdarlıq edirlər. Yəni bu informasiyalar bazarı qızışdıran deyil”.