Sahibkarlara vergi güzəştlərinin edilməsi yetərli deyil

Əlavə olaraq idarəetmə ilə bağlı ciddi qüsurlar aradan qaldırılmalı, məhkəmə sahəsindəki problemlər həll olunmalıdır

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vergi güzəştlərinin tətbiq edilməsi məsələsinə baxılır. Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib. Onun sözlərinə görə, sənaye zonalarının investisiya cəlbediciliyini artırmaq üçün vergi və gömrük təşviqi tətbiq edilir. Nazir vurğulayıb ki, hazırda “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramına əsasən, Azərbaycanın 2022-2026-cı illər üzrə ortamüddətli strateji inkişaf strategiyası hazırlanır: 

“Biz gələcəkdə istehsal fəaliyyətinə, investisiya alətlərinə, insan kapitalının inkişafına, turizm sahəsi üzrə, informasiya və kommunikasiya texnologiyalarına və işğaldan azad olunmuş ərazilərdə vergi güzəştlərinin verilməsi məsələsinə də baxırıq”. 
Bir sıra iqtisadçılara görə, nəzərdə tutulan vergi güzəştlərinin tətbiq olunması Qarabağa investisiya cəlb olunmasına, iş adamlarının işğaldan azad edilmiş ərazilərdə sahibkarlıqla məşğul olmasına stimul verə bilər. 

İqtisadçı-ekspert Natiq Cəfərli vurğulayıb ki, işğaldan azad edilmiş torpaqların bərpası üçün müəyyən təşviq proqramlarına, vergi, gömrük və kredit güzəştlərinə ehtiyac var. Ancaq ekspert hesab edir ki, bənzər layihələr əvvəllər də olub: 

“Nədənsə, hörmətli iqtisadiyyat nazirimiz, məmurlarımız bunu yaddan çıxarırlar. Güzəştlər paketi Sumqayıtda, Neftçalada, Ələt və başqa bölgələrdə tətbiq olunub. Məsələ ondadır ki, bu cür güzəştlərin ciddi effekt verdiyinin şahidi olmamışıq. Xeyli vaxtdır müəyyən güzəştlər tətbiq olunsa da, müsbət nəticələrini görmürük. Deməli, bu addım yetərli deyil. Əlavə olaraq idarəetmə ilə bağlı ciddi qüsurlar aradan qaldırılmalı, məhkəmə sahəsindəki problemlər həll olunmalıdır. Xarici investorlar üçün ölkəmiz daha cəlbedici olmalı, uğurlar fərqli formada təqdim edilməlidir. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmalı, tez müddətdə Avropa Birliyi ilə yeni saziş imzalanmalıdır. Yəni vergi güzəştləri ilə paralel olaraq görüləcək işlər həddindən artıq çoxdur. Təkcə vergi güzəşti ilə nəyəsə nail olmaq mümkün deyil. Bununla xarici və yerli investor cəlb etmək çətin olacaq”.