“Ən böyük problem kredit faizlərinin yüksək olmasıdır”

“Biznesin, kiçik və orta sahibkarlığın hərəkətverici qüvvəsi uzunmüddətli və aşağı faizli kreditlərdir”

“Azərbaycandakı banklar XIX-XX əsrin əvvəllərindəki bank sistemi ilə işləyir. Bizim banklar depozit götürüb kredit verməklə məşğuldurlar”

Mərkəzi Bankın sədri Taleh Kazımov kommersiya banklarının rəhbərləri ilə görüş keçirib. Görüşdə bank sisteminin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Əhalinin və biznesin maliyyə xidmətlərinə çıxış perspektivləri, nağdsız ödənişlərin genişlənməsi və digər aktual məsələlər müzakirə olunub. Taleh Kazımov bank sisteminin ölkədə maliyyə inklüzivliyinin inkişafındakı aparıcı rolunu xüsusilə qeyd edib. 

Vurğulayıb ki, növbəti dövrdə ölkədə maliyyə əlçatanlığının artırılması, müasir bankçılıq üzrə qlobal çağırışlara uyğunlaşma və digər istiqamətlərdə aktiv işlər davam etdiriləcək. Görüşdə kommersiya banklarının rəhbərləri də çıxış ediblər. Bankirlər ölkədəki dayanıqlı inkişaf trendləri, maliyyə inklüzivliyinin artırılması, iqtisadi genişlənmə, bankçılıqda müasir tələblərə uyğun inkişaf perspektivləri barədə fikirlərini bildirib, təkliflərini dilə gətiriblər. Ekspertlərin fikrincə, görüşlərin təşkili və fikir mübadiləsinin aparılması bank sektorundakı mövcud problemlərin aradan qaldırılmasına töhfə verə bilər. Lakin görüşlərdə problemlər də açıq dilə gətirilməli və həlli yolları təklif edilməlidir. 

İqtisadçı-ekspert Natiq Cəfərli “Şərq”ə açıqlamasında bildirib ki, Mərkəzi Bank sədrinin yerli bank rəhbərləri ilə bir araya gəlməsi və müzakirələrin aparılması ümumən müsbət tendensiyadır. Ekspertin sözlərinə görə, təkliflərin dinlənilməsinə ehtiyac böyükdür:

 “İnstitusional həll yolları təklif olunmalıdır. Cari problemlərin həllindən daha çox ölkənin bank sistemindəki mövcud çatışmazlıqlar gündəmə gətirilməlidir. Ən böyük problem kredit faizlərinin yüksək olmasıdır. Biznesin, kiçik və orta sahibkarlığın hərəkətverici qüvvəsi uzunmüddətli və aşağı faizli kreditlərdir. Azərbaycanda bank sektorunun əsas kreditləşmə bazası istehlak kreditlərinə yönəlib. Qısamüddətli və yüksək faizli istehsal kreditləri banklara sərf edir. İstehlak kreditləri ümumi kredit portfelinin böyük hissəsini təşkil edir. Bu isə ümumilikdə Azərbaycanda iqtisadi aktivliyin artırılmasına o qədər də pozitiv və ciddi təsir göstərmir. İlk növbədə bu problem öz həllini tapmalıdır. Əlbəttə, Mərkəzi Bankdan asılı məsələlər də var. Məsələn, uçot dərəcəsinin 9,75 faiz olması kredit faizlərinin yüksəlməsinə səbəb olur. Bununla bağlı da qərar olmalıdır. Eyni zamanda Azərbaycanda qiymətli kağızlar bazarının formalaşması, səhm bazarı və s. məqamlar da maliyyə-bank sektoru üçün əsas hədəflərə çevrilməlidir”. 

N.Cəfərli vurğulayıb ki, Azərbaycandakı banklar XIX-XX əsrin əvvəllərindəki bank sistemi ilə işləyir: 

“Bizim banklar depozit götürüb kredit verməklə məşğuldurlar. Amma müasir bank sistemi tamam başqa cür fəaliyyət göstərir. Modern banklar investisiya mərkəzləri və fondları kimi çalışır. Köklü problemlər həllini tapmalıdır ki, kiçik və orta sahibkarlığın inkişafına dəstək olsun. Əgər kredit faizləri, əsasən də kommersiya kreditlərində faizlər yüksək qalacaqsa və müddəti 2-3 illik olacaqsa, heç nə düzəlməyəcək. Elə istehsal sahələri var ki, 2-3 il ziyanla işləyir və sonra gəlir gətirməyə başlayır. Təbii olaraq, ili ziyanla başa vurmuş sahibkar kredit faizlərini ödəyə bilmir. Ona görə də yaxşı olar ki, gündəlik problemlərin həllindən daha çox institusional problemlərin həllinə diqqət ayrılsın”.