“Pensiya yaşı kişilərdə 60, qadınlarda 50 olsun” - Təklif

“Pensiya yaşı kişilərdə 60, qadınlarda 50 olsun”

“Azərbaycanda ictimai rəy indiki pensiya yaşı həddini qəbul etmir”

“Ölkədə uzun ömürlülük yaşı o qədər də yuxarı deyil. İnsanlar 60 yaşdan sonra müxtəlif səbəblərdən xəstəlik tapırlar”

Milli Məclisin dünənki iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərin ikinci oxunuşda müzakirəsi baş tutub. İclasda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov da çıxış edib. Nazir müavini yeni pensiya konsepsiyasının hazırlandığını deyib. Bildirib ki, pensiya qanunvericiliyinə yeni təkliflər vətəndaşlara ciddi mənada müsbət təsir edəcək. Nazir müavini 60 minə qədər şəxsə əlilliyin yenidən təyin edildiyini söyləyib. Vurğulayıb ki, 5 illik müddət bitəndən sonra əlillik təkrar qiymətləndirilməlidir:

“Nazirliyin təşəbbüsü ilə hazırlanmış və Milli Məclis tərəfindən təsdiq olunan qanuna görə əlillik təyinatı yenidən olana qədər müddət ərzində vəsait verilir. Ötən müddət ərzində 12 min əlillik təyinatı üzrə bu müddəa tətbiq edilib və ödənişlər həmin şəxslərə təqdim olunub”. A.Kərimov qeyd edib ki, ağır şəraitdə işləyən 6 min nəfərin pensiya müraciətinə imtina cavabı verilib: “2017-ci ildən bəri təxminən 6 min ağır şəraitdə işləyən vətəndaşımız müxtəlif səbəblərdən pensiya ilə bağlı müraciətə imtina cavabı alıb. Çoxuşaqlı ailələr üçün uşaqların sayının hazırda olduğundan az götürülməsi məsələsinə yeni pensiya konsepsiyası çərçivəsində yenidən baxarıq. Eyni zamanda sağlam ömür orta yaşına da yeni pensiya konsepsiyasında yenidən baxmaq olar”. 

“Bizim Nazirlər Kabineti kişilər klubudur”

Deputat Qüdrət Həsənquliyev dəyişikliklərin heç də bütün vətəndaşların yaxşılığına olduğunu söyləməyin mümkün olmadığını bildirib. O bildirib ki, qanunun 8-ci maddəsində çoxuşaqlı anaların pensiyaya çıxmasının qarşısı alınır: “Bundan nazirlik nə qədər vəsaitə qənaət edəcək? Bunu bilmək istəyirəm. Əvvəlki qanunun 8-ci maddəsinə görə, 6 uşağı olan anaların pensiya yaşı 6 il, 10 uşağı olanların 10 il azaldılırdı. İndi hamısının pensiya yaşı 5 il azalacaq. Bizdə, ümumiyyətlə, qadınların pensiya yaşı azaldılmalıdır. Bununla qadınlar, qızlar üçün iş yerləri açıla bilər. Bizim Nazirlər Kabineti kişilər klubudur, orada cəmi bir qadın var. Biz patriarxal cəmiyyət deyilik. Bu istiqamətdə ciddi dəyişikliklər olmalıdır. Ümumiyyətlə, kvota müəyyən olunmalıdır ki, dövlət orqanlarında qadınların işləmə faizi 35 faizdən az olmasın”.

“Pensiya yaşı kişilərdə 60, qadınlarda 50 olsun”

Deputat Fəzail Ağamalı parlamentdə kişilər üçün pensiya yaşının 60, qadınlar üçün 50 olmasını təklif edib: “Azərbaycanda ictimai rəy indiki pensiya yaşı həddini qəbul etmir. Hesab edirəm ki, bu da düzgündür. Ölkədə uzun ömürlülük yaşı o qədər də yuxarı deyil. İnsanlar 60 yaşdan sonra müxtəlif səbəblərdən xəstəlik tapırlar. Kişilərin pensiyaya çıxması üçün yaş həddini 60, qadınlar üçün 50 etsək, daha optimal olar”.

“Artistlər 15-20 il pensiya üçün gözləməli olur və işsiz qalırlar”

Deputat Qənirə Paşayeva Milli Balet artistlərinin pensiya yaşının azaldılması təklifini irəli sürüb: “Bu qanun layihəsi ilə bağlı Mədəniyyət Nazirliyindən, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Opera və Balet Teatrı və bir sıra belə qurumların təkliflərini burada səsləndirmək istəyirəm. Söhbət Azərbaycan rəqs mədəniyyətinin inkişafı ilə bağlı olan müraciətdən gedir. İncəsənətin xüsusi sahələrində çalışan kişilər 60 yaşına çatdıqda 25 il sosial sığortası olduqda, qadınlar 55 yaşına çatdıqda azı 20 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququ var. Amma Nazirlər Kabinetinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq imkanı verən istehsalatın müxtəlif sahələrində çalışanlara dair qərarı balet rəqs növündə çalışanların bu güzəştlərdən yararlanmasını çətinləşdirir. Bu artistlər 15-20 il pensiya üçün gözləməli olur və bu müddətdə işsiz qalırlar. Çünki bu rəqs növündə yaş artdıqca işləmək çətinləşir, aktivlik azalır, zədələr alınır. Onlar yaşa görə əmək pensiyası almaq üçün yaşın azaldılması ilə bağlı müraciət edirlər. Başqa sözlə, axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə əmək pensiyası alanlar sırasına balet artistlərinin istisna hal kimi daxil edilməsini istəyirlər”. 
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bu məsələ ilə bağlı Mədəniyyət Nazirliyi ilə daha sıx çalışmalarına ehtiyac olduğunu bildirib.

Nazir müavini bu qaydaların yeni formasını müvafiq qurumlarla hazırladıqlarını deyib: “Düşünürəm daha sıx əməkdaşlıq edəcəyik. Çünki bizə bu güzəştli pensiya üçün istehsalat sahələrini müvafiq qurumlar təqdim edir”.

“Artıq alternativ xidmətlə bağlı düşünməliyik” 

Deputat Siyavuş Novruzov bildirib ki, 44 günlük Vətən müharibəsi göstərdi ki, hərbi çağırışla ordu sıralarına cəlb olunanlarla müqavilə ilə işə cəlb olunanlar arasında fərq var: “Aprel döyüşlərində də özünü göstərmişdi. Ali Baş Komandanımız tərəfindən elə yeni texnikalar orduya cəlb edilib ki, onu işlətmək üçün adi çağırışçı yox, mütəxəssis lazımdır. Ona görə də müqavilə əsasında bu prosesə tam keçməyimizə ehtiyac var. Bu məsələlər gələcəkdə qanunlarda nəzərə alınmalıdır”. S.Novruzov qeyd edib ki, bəzi insanların sağlamlığı imkan versə də, bəzilərinin baxışları onun silah götürməsinə icazə vermir: “Ərazi bütövlüyümüz təmin olunduğu üçün biz artıq alternativ xidmətlə bağlı düşünməliyik. Alternativ hərbi xidmətlə bunu qarışdırmaq olmaz. Bu, alternativ xidmətdir. Bütövlükdə Türkiyə modelini də nəzərə alsaq, gələcəkdə ordu sıralarımızın təkmilləşdirilməsi üçün biz bu addımları atmalıyıq”. Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Siyavuş Novruzovun qaldırdığı birinci məsələ ilə bağlı bildirib ki, qanuna bu dəyişiklik məhz həmin məsələ ilə bağlıdır: “Biz ona görə bu dəyişikliyi edirik”.