“Azərbaycanın qeyri-neft ixracatında Türkiyə birinci yerdədir”

“Bu müddətdə Türkiyəyə 255 milyon dollarlıq qeyri-neft məhsulu, Rusiyaya isə cəmi 149 milyon dollar neftdən kənar məhsul göndərilib”

Bu ilin ilk rübündə Azərbaycanın qeyri-neft ixracatı 727 milyon dolları keçib. Bu, əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 45 faiz artım deməkdir. Qeyri-neft ixracatında diqqəti çəkən əsas məqamlardan biri də uzun müddət birinci olan Rusiyanın xüsusi çəkisinin azalmasıdır. 

Ötən il ümumi 2.7 milyard dollarlıq qeyri-neft ixracatımızın 32.3 faizi Rusiyanın payına düşürdü. Xaricə neftdən kənar göndərdiyimiz hər 3 məhsuldan 1-ni alan şimal qonşumuz kənd təsərrüfatı və bir sıra sənaye mallarının əsas alıcısı idi. Artıq qeyri-neft ixracatımızın strukturu dəyişməkdədir. 

Millət vəkili Vüqar Bayramov “Şərq”ə bildirib ki, bu ilin ilk rübündə Azərbaycanın qeyri-neft ixracatında Türkiyə birinci yerdədir. Deputatın sözlərinə görə, bu müddətdə Türkiyəyə 255 milyon dollarlıq qeyri-neft məhsulu, Rusiyaya isə cəmi 149 milyon dollar neftdən kənar məhsul göndərilib: 

“Qardaş Türkiyəyə göndərdiyimiz qeyri-neft məhsulunun həcmi Rusiya ilə müqayisədə 1.7 dəfə çoxdur. 2022-ci ilin mart ayında da ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə birinci olub. Rusiya ikinci, Gürcüstan üçüncü yerdə qərarlaşıb. Türkiyənin qeyri-neft ixracatında önə çıxması qardaş ölkəyə göndərdiyimiz məhsulların müqayisəli şəkildə daha çox şaxələndirilməsi ilə bağlıdır. Təbii ki, Rusiya-Ukrayna müharibəsi kontekstində şimal qonşumuzla ticarət əlaqələrinin azalacağı istisna edilmirdi. Amma ümumən Türkiyənin hər zaman öndə olması sevindiricidir”.