Çoxuşaqlı ailələrin qara günü başlayır

Məktəbli formalarının 3 ildən bir dəyişməsi aztəminatlı ailələr üçün əlavə və böyük xərc olacaq

  Məktəbli forması ilə bağlı hər hansı təzyiqdən söhbət gedə bilməz. Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib. BŞTİ müdiri xatırladıb ki, məktəbli formaları ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı var: “Bu da məktəbli formasının rəngi, forması və şagirdlərin sağlamlığına xidmət edən qərardır. Qəbul edilən qərar və qanunlara hər kəs riayət etməlidir. Təhsil müəssisələrindəki pedaqoji şuranın qərarı ilə məktəbli formaları üçün təklif edilən üç rəngdən biri seçilə bilər. Bu mövzuda başqa təzyiqlər ola bilməz. Valideynlər məktəbin qərarına hörmət edərək rəng seçiminə uyğun olaraq öz övladlarını geyimlə təmin etməlidirlər. 

Bu, bizim şagirdlərin gələcək sağlam inkişafına müsbət təsir edən amildir. Hesab edirəm ki, sentyabr ayından heç bir təzyiq olmadan, əksinə, sevinərək bu istiqamətdə yaxşı mənzərəni görərək fəaliyyətə başlayacağıq”. Forma seçən məktəblərin olub-olmamasına gəlincə, M.Vəliyeva əlavə edib ki, bu, hər bir məktəb üzrə pedaqoji şuranın qəbul edəcəyi qərardır:  “Ona görə yekun nəsə demək mümkün deyil. Ola bilsin ki, avqust ayında keçiriləcək şurada bu barədə qərarlar qəbul edilsin. Valideynlərlə maarifləndirici işlər aparılacaq və seçim işlərində köməklik ediləcək”.

  BŞTİ-nin müdiri “yaxşı mənzərəni görərək fəaliyyətə başlanacağına” inanır. Bəlkə də ümid edir. Amma BŞTİ müdirinin inamlı açıqlaması məktəbyaşlı övladı olanların narahatlığını aradan qaldırmır. 

Məsəl var, ilan vuran ala çatıdan qorxar. İllər öncə vahid məktəbli formaları tətbiq edildikdə də təhsilimizin başında dayananlar “məcburiyyət yoxdur, valideynlər hardan istəyir, məktəbli forması alsın”, deyirdi. Amma sonra məlum oldu ki, məktəb rəhbərliyi sexlərlə sövdələşməyə gedir, valideynlər qarşısında “filan sexin, filan fabrikin istehsal etdiyi formaları alın” tələbi qoyur. Bizim ölkədə valideynin könüllü iştirak etdiyi nəsə var ki, ümumiyyətlə?!. Yeni məktəbli formalarıyla bağlı pedaqoji şuraların və valideynlərin qərar verəcəyi də absurd görünür. Məktəb rəhbərliyindən kənar hansısa qərarın qəbulunu düşünmək ağlasığmazdır. Yaxşı, əgər könüllülük prinsipidirsə, niyə rəngləri, geyim formalarını Nazirlər Kabineti seçir, qiyməti tikiş fabriki təyin edir? 21-ci əsrdə məktəbliyə - şagirdə “bu formalardan birini geyinməlisiniz” deməyin özü uşaq hüquqlarının pozulmasıdır artıq. Məlum məsələdir, məktəblinin uniforması olmalıdır. Bəs niyə 3 rəngdə, 3-4 elementli? Vahid məktəbli forması tətbiq edilirsə, vahid – tək, bir dənə olmalıdır. Niyə özəl məktəblər, liseylər dövlət ümumtəhsil müəssisələrinin şagirdlərindən geyimləri ilə fərqlənməlidir? Ötən illərdə də belə idi. Sanki bu məktəblər göydən səbətlə düşüb, şagirdləri digər məktəblərdən fərqlənirdi. Kimsə bu yazılanları “sovet təfəkkürü”, “mənasız bərabərlik” fəlsəfəsi hesab edə bilər. Lakin məsələ uşaqlar arasında yersiz, lazımsız ayrı-seçkilik qoyulmasındadır. Bunun sonrası cəmiyyətdə parçalanmaya gətirib çıxarır. Keçək, yeni məktəbli formalarının dəyərinə. Təhsil ekspertləri bu fikirdədir ki, valideynlər yeni məktəbli formasına xeyli pul xərcləməli olacaqlar. Məktəbli formalarının hər 3 ildən bir dəyişdiriləcəyi xəbəri də valideynləri əməlli-başlı rəncidə edir. Hər 3 ildən bir məktəbli formasının dəyişdirilməsi, 2 və ya 3 uşağının təhsil aldığı ailələr üçün maddi sıxıntıdan başqa bir şey olmayacaq. Valideyn böyük övladının geyimini kiçik övladına geyindirə bilməyəcək. Ailələrin 90 faizinin tək övladlı olduğu nəzərə alınıbsa, bu başqa məsələdir. Maddi sıxıntı çəkən ailələr bir tərəfdən məktəbli forması kabusu altında 1-dən artıq övlad istəməz artıq.    

  Təhsil üzrə ekspert Kamran Əsədov hesab edir ki, yeni məktəbli formalarının tətbiqi valideynlərin büdcəsinə əhəmiyyətli təsir edəcək: 

- Yeni məktəbli formaları oğlan və qız şagirdləri üçün ayrı-ayrı, qış və yay geyimlərindən ibarətdir.  Məktəbli formaları 3 tədris ili ərzində dəyişilməz olaraq qalsa da, valideynlər məcbur olacaq ki, aşağı sinifdə oxuyan uşağına bir, yuxarı sinifdə təhsil alan uşağına digər forma alsın. Bir ailədən bir neçə uşağın məktəbə getdiyini nəzərə alsaq, valideynlər məktəbli formasına xeyli pul xərcləməli olacaqlar.

  Yeni qərara əsasən təhsilalanların geyim forması təbii və keyfiyyətli (möhkəmlilik və davamlılıq xüsusiyyətləri, habelə aşınma müqaviməti olan, qırışlar yaratmayan, yuyulduqdan sonra ölçüləri dəyişməyən, rəngi solmayan və qarışmayan, təri yaxşı qəbul edən, spesifik qoxusu olmayan, sürtünmə nəticəsində elektrikləşməyən) parçalardan tikilməli, təhsilalanların sağlamlığına mənfi təsir göstərməməlidir. Təhsilalanlar üçün hazırlanan geyim formalarının etiketində istifadə edilən parçanın tərkibi barədə və "məktəbli forması" sözləri yazılmalıdır. Geyim formasının üzərində (ön tərəfinin sol yuxarı hissəsində və ya sol qol hissəsinin yuxarı kənar tərəfində) məktəbin emblemi əks oluna bilər. Məktəblinin geyim forması - qızlar üçün yay forması: üçdüyməli qısaqol köynək və ətək. Oğlanlar üçün yay forması - üçdüyməli qısaqol köynək və şalvar. Qızlar üçün qış forması - üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaket. Oğlanlar üçün qış forması - üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaketdən ibarətdir. Rəng seçimi də genişdir. 3-4 rəng təklif olunur.  
 
 Sosioloq Lalə Mehralı  da hesab edir ki, məktəbli formalarının hər 3 ildən bir yenilənməsinin hansı əsasa, hansı məntiqə söykəndiyinə dair məntiqi izah verilməlidir: 

- Bununla bağlı heç bir izah verilmir. Niyə 3 il “möhlət” qoyulur, 3 ildən bir forma niyə dəyişməlidir? Məktəb dəb yeridir? Şagirdin geyimi rahat, praktik olmalıdır. Yəni bizim ali savadlılar şagirdlər üçün vahid bir forma tərtib edə bilmir?  Məktəbli formalarının hər 3 ildən bir dəyişməsi aztəminatlı ailələr üçün əlavə və böyük xərcdir. Elə ailələr var, 3 övladı məktəbə gedir. Məktəbli forması hər 3 ildən bir dəyişəcəksə, kiçik yaşlılar böyüklərin formasını geyinə bilməyəcək. Valideyn mütləq yenisini almalıdır. Buna isə maddi imkanları çatmayacaq. Bilirsiz, bu, qız uşaqlarının, eləcə də təhsildən yayınmaya meyilli olanların məktəbdən daha da uzaqlaşmasına gətirib çıxaracaq. Biz illərdir erkən nikahlarla mübarizə aparırıq. Bundan sonra valideyn deyəcək, forma almağa gücüm yoxdur, fərqli geyimdə də uşağı məktəbə buraxmırlar. Mən də göndərmirəm. Yeni məktəbli formaları sözsüz ki, baha olacaq. Çünki deyilənə görə, 97 faiz pambıq parçadan olmalıdır. Pambıq parçalar da bahadır. Məktəbli formasının elementləri də çoxdur. Köynək, jilet, şalvar, ətək. Qısa qollusu, uzun qollusu... Ona görə də qiymətlər normal standartlardan baha olacaq. Təkcə bir nəfərin əmək haqqı aldığı, azyaşlı, məktəbli uşaqların 2-3 olduğu ailələri düşünsünlər. Aztəminatlı ailələrin övladlarının məktəbli forması ilə dövlət hesabına təmin edilməsi məsələsinə baxılmalıdır.