Ola bilsin ki, növbəti mərhələdə qiymətləri yanacaqdoldurma məntəqələri özləri müəyyənləşdirəcək
Tarif Şurası Azərbaycanda “Aİ-92” markalı avtomobil benzininin və dizelin pərakəndə satış qiymətlərini dəyişməyib.
Şuradan bildirilib ki, iclasda benzin və dizel üzrə təchizat tariflərinin müəyyən olunmasına dair Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılıb və aparılan tarif dəyişikliyi benzinin və dizelin pərakəndə satış qiymətlərinə təsir göstərməyəcək və həmin məhsulların mövcud pərakəndə satış qiyməti dəyişmir.
Qeyd edilib ki, məsələ ilə bağlı ötən müddət ərzində müvafiq təhlil işləri aparılmış və bu cür halların aradan qaldırılması məqsədilə benzin və dizel üzrə pərakəndə satış qiyməti müvafiq olaraq 1 litr üçün 1 manat və 0,80 manat səviyyəsində əvvəlki kimi saxlanılmaqla tarif zəncirində dəyişiklik edilərək topdansatış və pərakəndə satış üzrə təchizat tariflərinin ayrılıqda müəyyən olunması məqsədəuyğun hesab olunub. Azərbaycanda "Aİ-92" markalı avtomobil benzini və dizel yanacağı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur.
İqtisadçı-ekspert Əyyub Kərimli “Şərq”ə açıqlamasında bildirib ki, Tarif Şurasının qərarı yanacaqdoldurma məntəqələrinin gəlirlərinə mənfi təsir edəcək. Topdansatış qiymətləri hər ton üçün 2 manat bahalaşmışdı. Yeni qərar isə məntəqələrin rentabelliyinə təsir göstərəcək. Bu da onların xidmətinə, yanacağın keyfiyyətinə təsir edəcək.
İqtisadçının sözlərinə görə, Tarif Şurasının benzinin və dizelin pərakəndə satış qiymətlərinin dəyişməməsi ilə bağlı qərarı benzinin qiymətinin dövlət tərəfindən tənzimlənməsinə son qoyulma ehtimalı doğurur. Ola bilsin ki, növbəti mərhələlərdə qiymətləri yanacaqdoldurma məntəqələrinin özləri müəyyənləşdirəcək. Bu isə rəqabət mühitinin formalaşması baxımından müsbət haldır.