Özəlləşmə artıq ciddi nəzarətdədir

Dövlət müəssisələrinin, iqtisadi obyektlərin özəlləşdirilmə prosesi bundan sonra şəffaf aparılacaq

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

  Ölkə iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi prioritet vəzifələrindəndir və qəbul edilmiş məqsədli dövlət proqramları çərçivəsində uğurla yerinə yetirilməkdədir. Hazırda bu sahədəki siyasət sahibkarlığa dövlət himayəsinin sistemli həyata keçirilməsinin, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilib. Bu strateji xəttin reallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Sahibkarlığın təşkili və həyata keçirilməsi üçün ən vacib amillər bu sahibkarlıq növü ilə məşğul olmaq istəyən sahibkarın mövcudluğu, müvafiq istehsal fondlarının və işçi qüvvəsinin olmasıdır. Ancaq bunlardan əlavə sahibkarlığın təşkili, müvəffəqiyyətli fəaliyyəti bir sıra başqa amillərdən də asılıdır. Sahibkar mütləq bu amilləri nəzərə almalıdır. 

Ümumi şəkildə bu amillər müəssisədaxili və müəssisəxarici amillərə ayrılır. Müəssisədaxili amillər sahibkarlıq bilavasitə təsirinə məruz qala bilən və onun tərəfindən idarə oluna bilən amillərdir. Müəssisədaxili amillərin idarə edilməsi nisbi xarakter daşıyır. Sahibkar bu amillərin formalaşması üsullarını və ya onlardan istifadə edilməsi üçün mövcud variantlardan birini seçmək imkanına malik olur. İqtisadiyyatın inkişafı ilə bağlı mühüm proqramlardan biri özəlləşdirmədir. 

Özəlləşdirmə prosesinin müasir metodlar, yeni yanaşmalar tətbiq edilməklə reallaşdırılması olduqca vacib məsələdir. Daha sadə və innovativ olan özəlləşmə üsulları prosesə qoşulan investorların sayının artmasına, dövlət müəssisələrinin yenidən fəaliyyətinin təmin edilməsinə imkan verir. 

Özəlləşdirmə prosesində operativliyi və şəffaflığı təmin etmək üçün həyata keçirilən tədbirlərdən biri də hərraclardır. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclar həm investorlar, həm də sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün əlverişlidir. Hərraclara çıxarılan dövlət əmlakları müxtəlif çeşidli olmaqla sahibkarların seçim imkanını artırır. Prosesdə səhmdar cəmiyyətlərin səhm paketləri, kiçik dövlət müəssisələri, istifadəsiz qeyri-yaşayış sahəsi potensial iştirakçılar qarşısında heç bir əlavə şərt qoyulmadan, yalnız dövlət büdcəsinə ödəniş müqabilində özəlləşdirilir. Müəssisələr sənaye, tikinti, xidmət, nəqliyyat, turizm və digər iqtisadi sahələri əhatə edir. Belə imkanlar hərraclara maraq yaradır. Bu isə öz növbəsində ölkədəki iqtisadi aktivliyə müsbət təsirini göstərir. Özəlləşdirmə hərracları hər kəsin iştirakı üçün açıqdır, yəni istənilən şəxs hərraca iştirakçı qismində qatıla bilər. Dövlət əmlakına sifariş verməyən şəxslər də ziyarətçi olaraq canlı izləyib, hərracın gedişatını müşahidə edə bilərlər. Burada şəffaflıq tam olaraq təmin olunur. Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir. Yeni iş yerlərinin açılması, sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi məqsədilə iri dövlət müəssisələrinin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsinə daha çox diqqət yetirilir.  

İnvestisiya müsabiqəsi vasitəsilə paytaxt və regionlarda yerləşən iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid müəssisələr özəlləşdirilir, iri investisiyalar cəlb edilir. Özəlləşdirilmiş müəssisələrdə rəqabətqabiliyyətli malların istehsalı üçün imkanlar yaranır. Hərraclardan fərqli olaraq investisiya müsabiqəsində bir sıra şərtlərə əməl etmək tələb olunur. İddiaçılar qarşısında qoyulan şərtlərdən başlıcası müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi, iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi, yerli xammaldan istifadə olunması, işçilərin sosial təminatı kimi məsələlərin həllidir. 

  İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 30-da hərrac keçiriləcək. Nazirlikdən verilən məlumata görə, hərraca ümumilikdə 55 dövlət əmlakı çıxarılıb. Bunlardan 6-sı səhmdar cəmiyyəti, 12-si kiçik dövlət müəssisəsi və obyekti, 1-i yarımçıq tikili, 36-sı isə nəqliyyat vasitəsidir. Hərracda iştirak etmək istəyən şəxslər sənaye, quşçuluq və s. sahələrə aid səhmdar cəmiyyətlərin səhm paketlərini özəlləşdirə bilərlər. 

Belə müəssisələrə “Biləsuvar Broyler”, “Gəncə Quşçuluq” və digər səhmdar cəmiyyətləri aiddir. Səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 85 min 986 manatla 1 milyon 522 min 110 manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmləri özəlləşdirməyə çıxarılan və ilkin start qiyməti ən çox olan müəssisə “Bakı Dəzgahqayırma” Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən müəssisənin səhmlərinin 45 faizi 679 min 574 manata təklif olunur. Hərraca çıxarılan nəqliyyat vasitələri müxtəlif markalıdır. Özəlləşdiriləcək avtomobillər arasında Rusiya və Avropa istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 1981-2013-cü illər arasında dəyişir. 

  İqtisadçı Fuad İbrahimov “Şərq”ə deyib ki, Azərbaycanda özəlləşdirmə prosesi xeyli yubandı və müəyyən problemlərlə yadda qaldı. Ekspertin sözlərinə görə, İqtisadiyyat Nazirliyi zamanında təftiş aparsaydı, özəlləşdirmə prosesini əlverişli şəkildə yekunlaşdırmaq olardı:

 “Büdcəyə yük olan bütün dövlət müəssisələrindən, obyektlərindən qurtulmaq lazım idi. Onların özəlləşdirilməsi həyata keçirilsəydi, həm büdcəyə əlavə gəlir daxil olardı, həm də kiçik və orta sahibkarlıq inkişaf edərdi. Özəlləşdirilən obyektləri istehsala, xidmətə başlayara, yeni iş yerləri açılardı. İqtisadi müəssisələrin özəlləşməsi sahibkarlığın inkişafına güclü təkandır. Amma əsas odur ki, proses şəffaf şəkildə aparılsın. MDB ərazisində uzun zaman aparılmış özəlləşdirmə proqramlarının hamısı makro-iqtisadiyyata qənim kəsilmiş siyasətə əsaslanırdı. Çünki proses başdan-ayağa qeyri-şəffaf həyata keçirilirdi. Postsovet ölkələrində birdən-birə heç bir biznes fəaliyyəti olmayan milyonçular peyda olmuşdu. Bunların səbəbi dövlət müəssisələrinin dəyər-dəyməzinə, kortəbii surətdə özəlləşdirilməsi və inhisarçılıq idi. Nəticədə özəlləşdirmə bizə xeyir əvəzinə ziyan vurmuş oldu. Ancaq hazırda ölkə rəhbərliyi məsələni ciddi şəkildə nəzarətə götürüb. İqtisadiyyat Nazirliyinin də fəaliyyətində özəlləşdirmə prosesinə diqqət yetirilir. Hesab edirəm ki, dövlət müəssisələrinin, iqtisadi obyektlərin özəlləşdirilmə prosesi bundan sonra şəffaf aparılacaq və öz müsbət nəticəsini verəcək. Çünki proses rəhbərliyin nəzarəti altındadır”.