İqtisadi problemlər Qərbi zəiflədib

Kasıbçılıq artdıqca, azadlıqları müxtəlif bəhanələrlə daraldıqca Qərbdə radikal, millətçi, populist qruplar güclənəcək

  Avropada min kub metr qazın qiyməti 2 min 250 dollar olub. Avropa Birliyi ölkələri enerjidən istifadədə öz vətəndaşlarına çoxsaylı məhdudiyyətlər gətirirlər. Hətta elektrik enerjisinin, qazın, suyun günün bəlli saatlarında kəsiləcəyini, məhdudiyyətlər olacağını söyləyib vətəndaşları buna hazırlayırlar. Rusiyanın Ukraynaya təcavüzü, rəsmi Moskvanın enerji daşıyıcılarından silah, təzyiq vasitəsi kimi istifadə etməsi məlum məsələdir. Amma Qərbin, əsas da AB ölkələrinin bu məsələlərdə hazırlıqsız yaxalanması böyük qəbahətdir və səhvləridir. 

İqtisadçı Natiq Cəfərli deyib ki, Rusiya 2009-cu ildə qaz-neftdən silah kimi istifadə etmişdi. 2014-15-ci illərdə Avropa Birliyinə problemlər yaratmışdı. Amma Qərb bunları sanki görmürdü, duymurdu: “Qərb çox yanlış addımlar atdı. Bərpaolunan enerjiyə çox güvəndilər, problemlər çıxdı. Alternativ mənbələr hazırlamadan AES-i bağladılar. Atom enerjisini zərərli elan etdilər, amma 2022-ci ilin yanvarında qərara yenidən baxıb atom enerjisini "yaşıl" elan etdilər. Pandemiya bəlasını isə o qədər zay, mənasız idarə etdilər ki, problemlər daha çox artdı, inflyasiya yüksəldi, tədarük zəncirləri qırıldı”.

  N.Cəfərliyə görə, Ukrayna böhranı da göz görə-görə gəldi: “2014-dən məlum idi ki, Rusiya Ukraynanı parçalayacaq. Krımı qopartdığı kimi şərq və cənubu da qoparmağa çalışacaq. Qərb ölkələri Kiyevə müharibə başlayandan milyardlarla dollar dəyərində silah-sursat yardımı ediblər. Son 8 ildə Ukraynaya indi təmin etdikləri dəstəyi niyə vermirdilər?! 

Xülasə, Qərb “sovetləşir” və bu məni çox narahat edir. Avropada işıq-qaz-su problemləri, inflyasiya və kasıblıq artdıqca, azadlıqları müxtəlif bəhanələrlə daraldıqca Qərbdə radikal, millətçi, populist qruplar güclənəcək. Qərbin ən güclü və ən zəif tərəfi eynidir - demokratiya və seçki. Sadəcə zamana və şəraitə görə bu amillər gah güclü, gah da zəif faktor olur.

 İndiki problemlər Qərbi zəiflədir, öz dəyər və  prinsiplərindən uzaqlaşdırır. Bu çox təhlükəli tendensiyadır, avtoritar sistemlərə qol-qanad verən prosesdir”.