Birjalarda avro dollardan daha ucuz satılır - ABŞ valyutası möhkəmlənir!

"Avronun ucuzlaşması qitədə qaz böhranının dərinləşməsi və bunun da real sektora təsirləri ilə bağlıdır"

  “Avro yenidən son 20 ildə ən aşağı məzənnə ilə təklif olunur. Bu gün birjalarda avro dollardan daha ucuz satılır. 1 avro almaq üçün indi 0.99 dollar ödəmək lazımdır”. Bu sözləri millət vəkili Vüqar Bayramov "Sherg.az"a deyib. Deputat bildirib ki, dollar indeksi də 6 xarici valyutadan təşkil edən səbətə nisbətən 0.25 faiz yüksəlib: “Dolların dünya valyuta bazarında möhkəmlənməsi davam edir. Avronun ucuzlaşması qitədə qaz böhranının dərinləşməsi və bunun da real sektora təsirləri ilə bağlıdır. “Qazprom” Qərbi Avropaya qaz təminatında da fasilələrin olacağını istisna etmir. Nəticədə Avropanı heç də asan olmayan payız və qış mövsümü gözləyir. Digər tərəfdən, avrozonada yüksək inflyasiya, iqtisadi proqnozlarda neqativ dürüstləşmə və bütövlükdə daha dərin böhran gözləntiləri avronu zəiflədir. Mavi qazın qiymətindəki kəskin artımlar “qoca qitədə” real sektorun inkişafını ciddi şəkildə tormuzlayır. Xatırladaq ki, avrozonada iyun ayının yekunlarında illik inflyasiya dərəcəsi 8.6 faiz olub. Ötən il bu rəqəm 1.9 faiz idi. Avropa İttifaqında isə zonaya nisbətən daha yüksək qiymət artımları müşahidə olunur. Bu ilin birinci yarısının son ayında 9.6 faizlik inflyasiya qeydə alınıb”. 
  Parlament üzvünün sözlərinə görə, avronun ucuzlaşması Avropa məhsullarının dollar ifadəsində ucuzlaşmasına səbəb olur: “Doğrudur, avrozonada inflyasiya səviyyəsi də kifayət qədər yüksəkdir. Amma qlobal inflyasiya dərəcəsini nəzərə alsaq ucuz avro həm də dollar ifadəsində daha az xərcli Avropa məhsulları deməkdir. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra manatın da avroya nisbətən möhkəmlənməsi müşahidə olunur. Manat avroya nisbətən son 5 ayda 12 faiz möhkəmlənib. Qeyd edək ki, manatın avroya birbaşa deyil, çarpaz məzənnəsi müəyyənləşir. Avro dollara nisbətən dəyər itirdikcə Azərbaycan pulu Avropa valyutasına nəzərən möhkəmlənir. Manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır”.